Azərbaycanda ilk dəfə mövsümün ən yaxşıları mükafatlandırıldı - Fotolar

Sports.az saytı ETOPAZ-la birlikdə Azərbaycan futbol tarixində ilkə imza ataraq, bir neçə nominasiyada 2022/23 futbol mövsümünün ən yaxşılarını seçib.

Saytın təsis etdiyi və ETOPAZ-ın baş sponsoru olduğu Sports.az Awards-ın 2022/23 mövsümünə görə qalibləri Four Seasons otelində keçirilən təntənəli mərasimdə mükafatlandırılıb. 

"Neftçi"nin və milli komandamızın kapitanı Emin Mahmudov  "Mövsümün ən yaxşı futbolçusu" adına sahib olub.

Altı nominasiyadan yalnız birində sorğuda iştirak edənlərin hamısı yekdiliklə 1 nəfərə səs verib. Bu "Qarabağ"ın və mövsümün ən yaxşı baş məşqçisi Qurban Qurbanovdur.

"Sabah"ın və milli komandamızın gənc üzvü Yusif İmanov "Ən yaxşı qapıçı", "Qarabağ"ın forvardı Musa Qurbanlı "Ən yaxşı gənc futbolçu" nominasiyasında fərqlənib.

Əliyar Ağayev "Ən yaxşı hakim", "Qarabağ"ın direktoru Emrah Çelikel isə "Ən yaxşı klub funksioneri" seçilib.

"Araz Naxçıvan" Futbol Klubu "Ən böyük tərəqqiyə nail olmuş klub" kimi, "Sabah" Futbol Klubu "Uşaq futbolunun inkişafındakı roluna görə", "Turan Tovuz"un yeni sponsoru, "Huner Group"un rəhbəri Ehtiram Quliyev "Bölgə futbolunun inkişafındakı xidmətlərinə görə", ETOPAZ-ın rəhbəri Altay Əliyev "Mediaya daimi dəstəyinə görə" xüsusi mülafatlarına layiq görülüb.

Mükafatları Vətən müharibəsinin şəhidi baş leytenant Səid Rəşidzadənin atası Nofəl Qasımov, futbol üzrə Olimpiya çempionu İqor Ponomaryov, dünya və Avropa çempionu Arif Əsədov, dünya çempionu Vladislav Qədirov, Azərbaycan tarixinin ən yaxşı futbol hakimlərindən  biri Rüstəm Rəhimov, "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov, Beynəlxalq Futvolley Federasiyasının prezidenti Vüsal Xəlilov, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov və Sports.az saytının təsisçisi və baş redaktoru Anar Şabanoğlu təqdim ediblər.

Altay Əliyev, Ehtiram Quliyev və Musa Qurbanlı Azərbaycanda olmadıqları üçün onların mükafatlarını ETOPAZ-ın nümayəndəsi Yusif Həsənov, "Turan Tovuz" klubunun rəsmisi Səməd Nəsibov və Musa Qurbanlının əmisi, veteran futbolçu Musa Qurbanov alıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar