Menecer Rəfiyevin prezidenti olduğu uğursuz komanda...
Riad Rəfiyev AFFA-nın sabiq şefi Elxan Məmmədovun Azərbaycan futboluna gətirdiyi kadrlardan biridi.
Başqa ölkələrdə çıxış edən bəzi azərbaycanlıları və əcnəbiləri milli komandaya gətirməklə tanınmağa başladı. Düzdü, buna görə AFFA-nın büdcəsindən milyonlarla pul silindi...
Elxan Məmmədov da Riad Rəfiyevdə hansısa istedad görüb "Sumqayıt"ı ona tapşırdı. İnsafən Rəfiyev pis nəticə vermədi. "Sumqayıt"ı hakimlərin sevimli komandasına çevirməyi, avrokuboklara yüksəltməyi bacardı.
Burda isə Rəfiyevin komandasının əsl gücü ortalığa çıxdı. Zəif "Fehervar" böyük şəhərin tək komandasının "evdə xoruz, çöldə fərə" olduğunu göstərdi.
Menecerlik fəaliyyətilə də məşğul olan, digər komandalara futbolçu gətirməkdə vasitəçilik edən Rəfiyev öz klubunu bu çətin sınaqdan öncə gücləndirmək əvəzinə zəiflətdi. Komandanın bu yerlərə gəlməsində rolu olan aparıcı futbolçular "Sumqayıt"ı tərk etdi, yerləri doldurulmadı.
Riad bəyin məqsədi Azərbaycanı Avropada uğursuzluğa düçar etmək idisə, o zaman onu təbrik etmək olar, məqsədinə çatdı. Üstəlik bir təyyarə dostları üçün Macarıstana turist səfəri təşkil etdi.
Ötən mövsüm hakimlərin "dartdığı" komanda kimi ad çıxaran "Gənclik şəhəri"nin təmsilçisi "Neftçi"nin, "Turan Tovuz"un haqqını yedi. "Sumqayıt"ın yerində bu klublar olsa, "Fehervar" rahat keçilərdi...
Amma Elxan Məmmədovun dəstəsinin məramı heç vaxt Azərbaycanın uğur qazanması olmayıb. Riad Rəfiyev də bu ənənənin layiqli davamçısı olduğunu göstərdi...