Tarixdə 900-cü, səfərdə 400-cü qol
“Qəbələ” tarixində 900-cü qolu vurub.
Sports.az xəbər verir ki, bu, 1-ci Liqanın 2-ci turuna təsadüf edib.
“Qırmızı-qaralar” “Qaradağ Lökbatan”la səfərdə keçirilən matça qədər bütün turnirlərdə ümumilikdə 895 qol vurub. Bu görüşdəki 5-ci top klub tarixində 900-cü olub. Yubiley qoluna penaltini dəqiq yerinə yetirən Abdullahi Şuaybu imza atıb.
900 qoldan 643-ü Premyer Liqa, 138-i ölkə kuboku, 77-si 1-ci Liqa, 42-si avrokuboklarda vurulub.
Şuaybunun vurduğu top həm də səfər matçlarında 400-cü olub. “Qırmızı-qaralar” Premyer Liqada 301, ölkə kubokunda 53, I Liqada 31, avrokuboklarda 15 dəfə meydan sahiblərinin qapısına yol tapıb.
Qeyd edək ki, “Qəbələ”nin tarixində ilk qol 2005-ci il sentyabrın 21-də vurulub. 1-ci Liqada debüt mövsümünün ilk turunun “Şərur”la ev görüşündə 8:0 hesabı ilə qalib gələn komandanın ilk topuna avtoqol müəllifi olan rəqib oyunçu İlqar İbrahimov imza atıb.