Samir Abasovdan “Sumqayıt”ın futbolçularına xəbərdarlıq

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 7-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, o, 0:2 hesablı məğlubiyyəti belə şərh edib:

“Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Taktiki mübarizədən onlar qalib ayrıldı. Bütün mübarizələri uduzduq, hücumda oynaya bilmədik. Bir neçə oyundur, belədir. Artıq komandada bəzi addımları atmağın vaxtıdır. Ha düşünürsən ki, gələn oyun düzələr, yox. Futboldan kənar söhbətlərə başları qarışır. Yaxşı günlər yaşamırıq. Dörd turdur, uduzuruq. Bu gedişlə növbəti iki oyunu da uduzmağa gedirik. Komandanı necə düzəldəcəyik… danışmaq da çətindir. Toparlanmalıyıq demək də çətindir. Fikirləşirəm ki, komanda daxilində iş görmək lazımdır, sərt olacaq, amma belə rahatlıq olmalı deyil.

Komanda olaraq formada deyilik, balans yoxdur. Fikirləşirəm ki, bir komanda 3-4 nəfər yeni gələnlər oynayırsa, fiziki formadan uzaqdırlarsa, digərlərinə də təsir edəcək. Yəni, digər oyunçular məcburdur ki, çox qaçsın, güc sərf etsinlər. Komandada fiziki baxımdan disbalans var. Bu da yenilərlə deyil, köhnələrlə bağlıdır. Bəzi oyunçuların başı futboldan kənar söhbətlərə qarışıb. Hansı söhbətlər olduğunu demirəm, özləri başa düşürlər. Gedişat pisdirsə, öz karyeraları üçün də pis ola bilər. Oynamayacaq, formadan düşəcəklər.

Yaxşı mövsümdən sonra bəzi oyunçulara təkliflər gəldi. Sanki indi o havada qalıblar. Deyəsən, elə düşüncədədirlər ki, bura olmasa, gedəcək yerimiz var. Yəni, arxayınlıqları var. Çalışıram ki, loru dildə danışım, başa düşsünlər. Həmin futbolçular öz formalarından həddindən artıq uzaqdırlar. Başqa səbəb tapa bilmirəm. İstəyi, arzunu görmürük. Getdikcə pisə doğru gedir. Belə davam edəcəksə, qarşısını kəsməliyik.

Məğlub olanda motivasiya da gedir. Bunlar normal haldır. Ümumi komanda şəklində enişdəyik. Bunu baş məşqçi qaldırmalıdır, anlayıram. Ancaq səbəblər var. Motivasiyanın enişində səbəb uğursuz nəticələrdir. Mən tərəfdən nələrsə dəyişməyib. İşləyirik, qələbə istəyirik və olacaq da, sadəcə düşdüyümüz vəziyyətin səbəblərini axtarırıq. Motivasiya baxımından məndə eniş görürsünüzsə, bəlkə, elədir. Amma problem olduğunu düşünmürəm.

Heç bir futbolçunun sonsuz limiti yoxdur. Matçdan sonra paltardəyişmə otağına artıq növbəti görüşün heyətini qururduq. Bu gün meydana çıxan Georgi 3-4 gün əvvəl komandaya gəlib. Fiziki durumu imkan vermir ki, əsas heyətə buraxaq. Ancaq artıq məcburam ki, onları oyuna salmaqla formaya salım. Bu vəziyyət də digər futbolçulara da təsir edir”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar