Azərbaycan futbolu
Azərbaycanlı hakim ÇL oyununu idarə etdi
03.10.2024 | 12:15
Azərbaycanın FİFA referisi Əliyar Ağayev Çempionlar Liqasında növbəti oyununu idarə edib.
Sports.az xəbər verir ki, o, qitənin 1 nömrəli klub turnirinin Liqa mərhələsinin 2-ci turunda çərçivəsində keçirilən “Şturm” (Avstriya) - “Brügge” (Belçika) oyununun baş hakimi olub.
Matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Belçika təmsilçisinə qələbə gətirən yeganə qolu 23-cü dəqiqədə Kristos Tzolis vurub.
Oyunun gedişində həmyerlimiz meydan sahiblərinin 5, qonaqların isə 1 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb.
Qeyd edək ki, Klaqenfurt şəhərində yerləşən “Verterze” stadionunda keçirilən matçda Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirib.