Qayıbov Terimi qəbul edib
Noyabrın 16-da gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan tanınmış türkiyəli futbol mütəxəssisi Fatih Terimi qəbul edib.
Sports.az xəbər verir ki, qonağı salamlayan nazir ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.
Qonaq səmimi qəbula görə təşəkkür edib, ilk dəfə ölkəmizə 1996-cı ildə gəldiyini və Azərbaycan futbolu ilə bağlı maraqlı xatirələrinin olduğunu bildirib.
Görüş zamanı iki qardaş ölkədə futbolun hazırkı vəziyyəti və uşaq futbolunun inkişafı yolları müzakirə edilib. COP29 çərçivəsində “Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə təşkil olunacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansın yaradılması ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə "Qalatasaray" FK-nın 2-ci prezidenti İbrahim Hatipoğlu, "Qalatasaray" FK-nın İdarə Heyətinin üzvü Emin İmanov, Fatih Terimin köməkçisi Eray Sözən, "Qarabağ" FK-nın baş direktoru Əmrah Çelikəl və İdarə Heyətinin üzvü Asif Əsgərov da iştirak ediblər.