“Qarabağ”ın dünyaya faydası

Azərbaycan tarixinin ən möhtəşəm və genişmiqyaslı tədbiri - Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP29) futbolumuz üçün də əlamətdar oldu. 

Sirr deyil ki, futbol milyardlarla dünya əhalisi arasında kütləvi sevgi qazanmış idman növüdü. Bu mənada dünyadakı iqlim dəyişikliyi ilə mübarizədə, ekoloji problemlərin həllində futbolun da böyük töhfəsi ola bilər. 

Klubların enerji və su sərfiyyatını azaltması, ekoloji nəqliyyat vasitələrinə keçidi, bu istiqamətdə azarkeşlərin maarifləndirilməsi və s. müasir dövrdə olduqca vacibdir. 

Avropa meydanlarında Azərbaycanın adının daim ucaldan "Qarabağ" Futbol Klubunun COP29 vaxtı fəaliyyəti təqdirəlayiqdi. Düzdü, Ağdam təmsilçisi hələ COP29 başlamamış Delloitte şirkəti ilə bərabər bu yöndə uzunmüddətli planın hazırlığına başlayıb. 

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində "Qarabağ" Futbol Klubunun təşəbbüsü ilə futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansı yaradılması tarixi əhəmiyyətli hadisə idi.

Yeni qurum COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (Framework Convention on Climate Change, UN FCCC) dəstəyi, “Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə təsis olundu.

Bununla bağlı Bakıda təşkil olunan "İqlim naminə Futbol" adlı tədbir “Sky sports”un məşhur idman şərhçisi David Qarridonun moderatorluğu ilə baş tutdu. Gənclər və idman naziri Fərid Qayıbov 4 milyarddan çox izləyiciyə sahib futbolun mühüm iqlim konfransının bir parçası olmasının əhəmiyyətini xüsusi vurğuladı. 

COP29-un rəsmisi Yalçın Rəfiyev misilsiz təşəbbüsə rəhbərlik etdiyinə görə "Qarabağ"a, bu təşəbbüsün əhəmiyyətini dərk etdiyinə və dəstək verdiyinə görə Avropa Klublar Assosiasiyasına (ECA) təşəkkür etdi.

"Qarabağ" Futbol Klubunun prezidenti Tahir Gözəl dünyanın ən nüfuzlu klublarının bu təşəbbüs ətrafında toplaşmasının qürurverici hal olduğunu vurğuladı. 

Yeni qurumda “Qarabağ”la yanaşı, iqlim dəyişikliyi ilə mübarizədə və dayanıqlılıq mövzularında böyük təcrübəyə malik 10 klub yer aldı. Bunlar “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko Madrid”, “Real Betis” (hər ikisi İspaniya), “Fənərbaxça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Porto” (Portuqaliya), “Flamenqo” (Braziliya) və “Malmö” (İsveç) klublarıdır. Alyansın yaradıcıları hesab olunan bu klubların nümayəndələri yeni qurumun təsis edilməsi barədə sənədə imza atdılar.

Beləliklə, dünyanın 11 tanınmış klubu öz öhdəliklərinin bəyannaməsini imzalamaqla və insanları iqlim dəyişmələri üçün hərəkətə keçməyə çağırmaqla həmrəylik nümayiş etdirdilər. Futbol klubları bu məqsədlə dayanıqlı təcrübələr tətbiq etmək, məlumatlılığı artırmaq, futbolun populyarlığından istifadə etməklə iqlim dəyişmələrinə qarşı mübarizəni təşviq etməyə, təkcə bir-biri ilə deyil, "İqlim Fəaliyyəti üçün UNFCCC İdman" da daxil olmaqla, digər müvafiq təşkilatlarla əməkdaşlıq etməyə hazır olduqlarını bildirdilər.

"Qarabağ" Futbol Klubunun dəvəti ilə Türkiyə millisi, "Qalatasaray", "Milan", "Fiorentina" kimi komandalara baş məşqçilik etmiş dünyaca ünlü Fatih Terim COP29-da qonaq oldu.

Sözsüz ki, zamanla quruma üzv olacaq futbol klublarının saytı daha da artacaq. Məsələn, dünyanın diqqət mərkəzində olan COP29 dövrü Tovuzda ağacəkmə aksiyası keçirən "Turan Tovuz" bu ideyanı dəstəklədiyini əməli ilə nümayiş etdirdi.

"Qarabağ" Futbol Klubunun bu təşəbbüsü isə təkcə ölkəmizə yox, bütün dünyaya fayda verəcək. 

Bu isə ilk növbədə Azərbaycan adına qürurvericidi!

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar