ADAM

("Okeanları aşaraq tarix yazmağa" silsiləsindən – II yazı)
İyunun 10-u gecə Toronto yolçuluğum başlayır. Qarşıda okeanın o tayına uzanan, bir sutkalıq yol və ömrümün unudulmaz səfərlərindən biri var.
Dostum, Estafet.az saytının rəhbəri, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının vitse-prezidenti Natiq Nəsirovla Frankfurta qədər yol yoldaşıyıq. O, Azərbaycandan Dünya Kubokuna akkreditasiya almış cəmi üç jurnalistdən biridir. Bu səfərin gerçəkləşməsində ən böyük pay sahiblərindən biri də məhz Natiqdir.
Frankfurtda yollarımız ayrılır. O, ABŞ-yə, mən isə Kanadaya uçuram.
Toronto hava limanında məni həyatımda ilk dəfə gördüyüm, amma elə ilk dəqiqələrdən illərin dostu kimi qucaq açan bir həmyerlimiz qarşılayır – Elnur Vəliyev.
Deyirlər, insanı tanımaq üçün illər lazımdır. Həyat isə bəzən bunun əksini sübut edir.
ABŞ-də yaşayan ortaq dostumuz bizi virtual tanış etmişdi. Torontoda bu tanışlıq dostluğa çevrildi. Kanadada onu çoxları Adam Kaspi kimi tanıyır. "Kaspi" soyadını Qərbi Azərbaycanın Qarakilsə rayonununda hörmətli kişilərdən olmuş Kaspi babasının xatirəsinə seçib.
Bu səfərdə Elnur mənim üçün sadəcə ev sahibi olmadı. Mənə görə hava limanına dörd dəfə gəlib-getdi. Düz 15 gün evinin qapısını üzümə açdı. Gəzdirdi, dostları ilə tanış etdi. Bir dəfə də olsun cibimə əl atmağa imkan vermədi. İndiki dövrdə bunu doğma qardaş qardaşa etmir.
Elnurun – Adam Kaspinin "YouTube"da turizm və kulinariya mövzusunda yüz minlərlə izləyicisi var. İşgüzardır, mütaliəni sevir. Oxuyub bitirdiyi Azərbaycan dilində kitabları isə yaşadığı məhəllənin kitabxanasına bağışlayır.
Bizi yaxınlaşdıran başqa ortaq dəyərlər də var – futbol, "Neftçi" və dostluq. Elnur vaxtilə Ceyhun Əzizli ilə birlikdə "Ultra Neftçi"nin yaradıcılarından olub.
Hava limanından birbaşa BMO Field stadionuna yollanırıq. Məqsədim Dünya Kuboku üçün akkreditasiyamı götürməkdir. Çünki ertəsi gün Kanada – Bosniya və Herseqovina qarşılaşmasını izləməliyəm.
Yolda Elnuru Ceyhunla görüntülü danışdırıram. İllərdir bir-birini görməyən iki köhnə tribuna yoldaşının səsində həyəcan da var, kövrəklik də. Daha çox duyğulanan isə Ceyhun olur.
Dostluğun minlərlə kilometrlik məsafəni qət etməsi üçün bəzən bir telefon zəngi kifayət edir.
Əşyalarımı evə qoyduqdan sonra Kanadanın məşhur "Mandarin" restoranına gedirik. Burada bir dəfə ödəniş etdikdən sonra "İsveç masası"nda təqdim olunan saysız-hesabsız yeməklərdən istədiyin qədər dadmaq mümkündür. Dəniz məhsulları, balıq növləri, suşilər, fərqli mətbəxlər...
Amma həmin axşam mənim üçün ən yaddaqalan yeməklərin yox, qonaqpərvərliyin dadı idi. Toronto məni əvvəlcə böyük ürəkli bir azərbaycanlının açıq qapısı ilə qarşıladı. Onda anladım ki, bu səfərin əsas kəşfi Dünya Kuboku yox, adam olacaq. Adam kimi ADAM...
(Davamı olacaq)































