Mundiala apardığım arzu - III yazı

Kanadada ilk gecəmi keçirirəm. Uzun yol yorğunluğu olsa da, yuxum gəlmir. Fikrim Bakıdadır, evdədir. Ən çox da futbolu dəlicəsinə sevən 10 yaşlı oğlum Emil yadıma düşür.
Emil FİFA akkreditasiyam təsdiqlənməmiş, mənim də mundiala gedəcəyim heç ağlıma gəlmədiyi günlərin birində yaxınlaşıb dedi:
- Ata, bilirsən ən böyük arzum nədir? Yəqin ki, həyata keçməyəcək. Mən Dünya Kuboku-2026-ya getmək istəyirəm.
Səsindəki ümidsizlikdən hiss olunurdu ki, xəyallarının gerçəkləşəcəyinə özü də inanmır...
Uşaqlara yalandan söz vermək olmaz. Mən də yalnız "Növbəti mundiala aparacam səni, Emil" deyə bildim.
...Kaş Emil də burda olaydı. Şəkli də yoxdu ki, tribunalarda onu yanımdaymış kimi göstərən bir video çəkib göndərim. Bəlkə sevinər.

Sabah Toronto stadionundakı ilk mundial matçına özümlə birlikdə Emilin arzusunu da aparacağam.
Toronto gördüyüm ən gözəl şəhərlərdən biridir. Burada 200-dən çox millətin nümayəndəsi yaşayır. Ümumilikdə isə Kanadada 250-dən artıq etnik qrup məskunlaşıb. Ən çox diqqətimi çəkən insanların bir-birinə və heyvanlara isti münasibətidi. Dinindən, dilindən, irqindən asılı olmayaraq hamı qarşısındakına hörmətlə yanaşır.
Bir-birini tanımayan insanların gülümsəyərək salamlaşmasını, qucaqlaşmasını görmək adi haldır. Soyuq iqlimi ilə seçilən Kanadada insanlar xoşbəxtdir. Onların səmimiyyəti və mehribanlığı iqlimin sərtliyini artıqlaması ilə kompensasiya edir.
Kanada əsl idman ölkəsidir. Bunu statistika yox, küçələr sübut edir. Parklarda hər addımda futbol, basketbol və voleybol meydançaları görünür.
Ontario gölünün sahili boyunca uzanan füsunkar mənzərəni seyr edə-edə tramvayla stadiona yollanıram.
12 iyun, 2026. Bu gün Kanadada mundialın açılışıdı. Tarixdə ilk dəfə ağcaqayın yarpağı ölkəsi futbol üzrə dünya çempionatının final mərhələsinin bir matçına ev sahibliyi edəcək.
Mundialın üç ev sahibi olduğundan hər ölkə öz açılış mərasimini keçirir. Toronto bayram abu-havasına bürünüb.
39 il öncə, 1987-ci il iyulun 12-də Kanadada yeniyetmələr arasında dünya çempionatı start götürüb. Həmin turnirin final matçı isə iyulun 25-i məhz Torontoda baş tutub.
Finalda Nigeriyanı penaltilərlə udan SSRİ-nin heyətində Azərbaycan futbolunun 3 yetirməsi - Arif Əsədov, Vladislav Qədirov və Vladislav Lemiş də olub. Dünya çempionarına mükafatları futbol kralı Pele təqdim edib.

Futbolçularımızın Torontoda tarix yazmasından 39 il sonra mən bu gözəl şəhərdə mundialın açılışını görəcəm.
Stadionun ətrafında minlərlə azarkeş var. Hamı tarixə şahidlik etmək üçün gəlib.
Kanada – Bosniya və Herseqovina oyunu böyük maraq doğurduğundan tribunalarda boş yer tapmaq mümkün deyil. Qırmızı köynəklərin çoxluğundan meydan sahiblərinin azarkeşlərinin üstünlük təşkil etdiyi ilk baxışdan hiss olunur. Kanadalıların ən çox sevdiyi futbolçunu müəyyənləşdirmək çətin deyil. 19 nömrəli "Davies" yazılmış formalar göz oxşayır. Kanada millisinin kapitanı, "Bayern"in qanaəsilli ulduzu Alfonso Devis ölkənin ən sevilən idmançılarındandı.
Bosniya və Herseqovina azarkeşləri də kifayət qədərdi. Onların əsas kumiri karyerası bitməmiş əfsanəyə çevrilən Edin Dzekodu.
Stadiondakı media mərkəzinə baş çəkirəm. Artıq heyətlər açıqlanıb. "Qarabağ"ın yeni qapıçısı Martin Zlomışliç ehtiyatdadı.
Mundiala yollandığımı bilən dostlarım, həmkarlarım o qədər təbrik mesajları yazıblar ki, hamısını oxuyub cavablandırmağa vaxt çatmır.
Okeanın o tayında keçirilən dünya çempionatının final mərhələsinə sadə bir azərbaycanlı jurnalistin getməsi heç də asan məsələ deyil.
Media mərkəzində Efiopiyadan gəlmiş jurnalisti görürəm. Öz-özümə düşünürəm: görəsən, efiopiyalı həmkarım üçün bu yol daha çətin olub, yoxsa mənim üçün?
Düşüncələrimi möhtəşəm açılış mərasimi yarımçıq qoyur. Bir qədər sonra isə hakim ilk fiti səsləndirir.
Kanada bunadək dünya çempionatlarında cəmi iki dəfə – 1986-cı ildə Meksikada və 2022-ci ildə Qətərdə iştirak edib, bu turnirlərdə keçirdiyi altı qrup oyununun hamısında məğlub olub.
Bosniya və Herseqovina ilə 1:1 hesablı heç-heçə "ağcaqayın yarpaqları"na dünya çempionatları tarixində ilk xalını qazandırmaqla yanaşı, pley-off yolunda da mühüm üstünlük verir.
Kanada – Bosniya və Herseqovina oyunundan paylaşım etdikdən sonra futzal millimizin sabiq üzvü, hazırda Kanada futzal yığmasında çalışan Elnur Qəmbərov yazır:
– Torontodasan, niyə demirsən? Görüşək.
Amma məni sabah tezdən başqa bir yolçuluq gözləyir. Türkiyənin mundialdakı ilk oyunu üçün Vankuver səfərinə yollanmalıyam.
Buna görə də, görüşümüzü sonraya saxlayırıq.
(Davamı olacaq)



































