"Şəfa"nın 22 il sonra elitada ilk qələbəsi, "Qəbələ"nin ümidsiz futbolu

Dünən "Qəbələ" - "Şəfa" oyununa getmişdik.
Qəbələdə adətən triunalar boş olur.
Bu dəfə gözlənilmədən xeyli adam gördük.
Onların əksəriyyətinin uşaq, yeniyetmə və gənc olması isə ona görə yaxşıdı ki, bu uşaqlarda azarkeşlik etdikləri klublarımıza əbədi sevgi yarana bilər.
Amma komandalar Qəbələ stadionunun ideal meydanında elə futbol sərgilədilər ki, başqaları palçıqda oynasalar bundan keyfiyyətli iş ortaya qoyardılar.
Tam səmimi deyirəm ki, mən uşaq olanda Biləcəridə hərbi şəhərcikdəki həyətimizdə məhəllə komandalarının görüşləri dünənki "Qəbələ" - "Şəfa" oyunundan daha maraqlı keçirdi.
"Şəfa"nı hardasa bəlkə də anlamaq olar. Komanda 1-ci Liqadan yeni gəlib. İddiaları yoxdu. Baş məşqçiləri Zaur Həşimov da dedi ki, yeganə məqsədimiz Premyer Liqadakı yerimizi qorumaqdı.
Bəs "Qəbələ"də nə baş verir?
Ötən mövsüm komanda həqiqətən yaxşı oynayırdı.
Amma dünənki oyun Kaxaber Sxadadze özü də etiraf etdi ki, çox bərbad idi.
"Qəbələ" 2 hücumçu ilə meydana çıxsa da, 90 dəqiqədə cəmi 2 qol epizodu yaratdı.
Ötən mövsüm "Şamaxı"da parlayan Karim Rossi özünə bənzəmirdi. Həmin 2 epizoddun birini o puç etdi. Digərində isə İsmael Akinadenin zərbəsi qapı tirinə tuş gəldi.
"Şəfa"nın qolunda sonradan meydana çıxan İsmayıl Zülfüqarlı və xüsusən Musa Quelin ustalığını qryd etmək lazımdı.
"Qəbələ"nin iddialı "Turan Tovuz"a Tovuzda məğlubiyyəti gəzlənilən idisə, "Şəfa"ya Qəbələdə uduzması sürpriz oldu.
Amma oyunun gedişi göstərirdi ki, "Şəfa" meydan sahiblərindən heç bir komponentdə geri qalmır, əksinə müəyyən üstünlükləri vardı.
"Qəbələ" bu oyunla 1-ci Liqaya düşməyə əsas namizəd olar. Ona görə ya Kaxaber Sxadadze təcili komandanı toparlamalı, ya da çox böyük hörmət bəslədiyim Fariz Nəcəfov hansısa radikal addımlar atmalıdı.
Çünki, "Qəbələ"ni qarşıda "Şamaxı" və "İmişli" ilə Qəbələdə oyunlar gözləyir. Mövsümün sonuna hələ çox qalsa da, bu matçlarda itiriləcək hər xal qızıl dəyərində ola bilər. Amma açıq etiraf etmək lazımdırsa, dünən sərgilənən futbol heç bir ümid vermir...
"Şəfa" bu qələbəyə çox sevindi. Anlamaq olar.
Simvolikdi ki, 21 ildən sonra elitaya dönən komanda ilk qələbəsini "köhnə "Şəfa" yaranan ilk gündən orda futbolçu kimi çıxış etmiş və elə bu klubda tanınan Zaur Həşimovun baş məşqçiliyi ilə əldə etdi.
"Şəfa" Yüksək Liqada son qələbəsini 22 il əvvəl dekabrın 16-sı "Ədliyyə" üzərində qazanmış (3:1), komandanın bunacan elitadakı son qoluna isə Samir Quliyev imza atmışdı.






























