Papaq hekayəsi və yeni yazılmağa başlanan roman

Sabiq deputat Etibar Əliyev Qurban Qurbanov haqda statusu silib, təzəsini yazıb, onu da silib...
"Azarkeşiri" sözü ilə tarixə düşən sabiq deputat sosial şəbəkədə kütləvi qınaqla qarşılaşandan sonra ümid edirəm "xarakiri" etməyib.
İndi Etibar Əliyevə oxşayan bəziləri Qurban Qurbanovu, "Qarabağ"ı aşağılamaq üçün yarışa çıxıblar.
Həmin Qurban Qurbanovu ki, Azərbaycana burda heç vaxt olmayan və olmamış gerçək Avropa və dünya səviyyəli FUTBOL gətirdi.
SSRİ çempionatında aşağı liqalarda oynayan həmin Ağdamın, başqa rayonların, güclülər dəstəsi ilə birinci divizion arasında var-gəl edən böyük şəhərlərimizin komandaları "top-top" oynayırdı.
Müstəqillik dövründə Qurban Qurbanovun özü də daxil olmaqla tariximizdə bəlkə də ən istedadlı futbolçu nəslinin oynadığının adı da top qovmaq idi.
Avrokuboklarda, milli səviyyəsində hansısa mənasız komandadan xal alanda papağımızı göyə atırdıq, qayıdıb yerə düşürdü...
Çünki, 0:10, 0:9, 0:8, 0:7, başqa astronomik və faciəvi hesablarla uduza-uduza futboldan da, hər şeydən də iyrənmişdik. Azərbaycan futbolu yerin dibində idi. Məğlubiyyətlər, autsayderlik alnımıza yazılmışdı.
Futbol papağımızı Qurban Qurbanov qaldırdı və ən azı bir onillikdə Avropada hamı ölkəmizi şah əsəri "Qarabağ"la tanıdı.
Bunun Azərbaycanın Qarabağ acısı çəkdiyi dövrlərdə etdi.
Futbol da həyat kimi enişli yoxuşludu.
Dünyanın heç bir komandası, baş məşqçisi daim uğur qazanmayıb. "Qarabağ" və Qurban Qurbanov da istisna deyil.
12 il əvvəl "Tvente" ilə başlayan hekayə dünən "Tvente" ilə bitdi.
Qurban Qurbanov, peşəkar komandası, baş məşçilərinə ən uğursuz dövrlərdə belə tam dəstək verən "Qarabağ"ın uzaqgörən rəhbərliyi, vəzifəsindən asılı olmayaraq illərdir Qarabağın, Azərbaycanın adının Avropada ucaldılmasında zərrə qədər də payı olan igidlər durduqca qarşıda daha böyük əsərlər, romanlar gözləməyə dəyər!






























