Merkantil rəhbərlər və TOP 5 Arzusu: Anım Günü qələbə gözləyərkən

Bu gün Millətlər Liqasında Litva ilə keçirəcəyimiz oyunla bağlı mediada 3 fikir diqqətimi çəkdi.
Baş məşqçimiz Ayxan Abbasov bu qarşılaşmanın Anım Gününə təsadüf etməsini bizim üçün daha bir silah olduğunu dedi.
Millimizin sabiq üzvü Rasim Ramaldanov Litvanın Avropanın autsayder komandası olduğunu və bu matçda mütləq qələbə qazanacağımızı bildirdi.
Millimiz daha bir keçmiş futbolçusu isə Litvanın keyfiyyətli heyətinə, "ikinci mərtəbədə" və standartlarda çox təhlükəli olmasına diqqət çəkdi, Anım Gününə görə də futbolçularımızın əlavə məsuliyyət daşıdıqları üçün çox stress və psixoloji gərginlik keçirəcəklərini güman etdi.
Mən də Məmmədovun sözünün davamı kimi Litvanın heyətində bəzi gənclərə diqqət çəkmək istəyirəm.
Adrian Likunas "Kremoneze" 20 yaş, Lukas Mixelbrink "Energi Kottbus" 21 yaş, Qvidas Gineytis "Torino" 22 yaş, Artemiyus Tutışkinas və Armandas Kuçis, hər ikisi "Selye", hər ikisi 23 yaş legioner həyatı yaşayır.
Domantas Slyuta "Transinvest" 21 yaş, Faustas Steponaviçyus "Suduva" 22 yaş, Moteyus Burba "Kauno Jalgiris" 23 yaş isə yerli çempionatda çıxış edirlər. Yeri gəlmiş, sonuncu Litva çempionu "Kauno Jalgiris"in liderlərindədir və komandası Konfrans Liqasının əsas mərhələsində Zamiq Əliyevin "Eqnatiya"sı ilə üzbəüz gələcək.
Təsəvvür edin ki, Litva millsində 20-23 yaşlı 8 futbolçu var.
Hələ daha yaşlıları yazmıram. Onların da arasında "Astana", "Servett", "Slovaçko" və başqa klublarda çıxış edən legionerlər var.
"Jalgiris" sovet dövrü nadir komandalardan olub ki, yekun statistikada "Neftçi" onları üstələməyi bacarıb.
Ümumən Litva basketboldan fərqli heç vaxt futbolda uğurları ilə öyünməyib. Nə sovet dövrü, nə də sonra.
3 milyondan az əhalisi olan ölkənin nə millisi, nə də klubları heç bir ciddi uğur qazanmayıb.
Böyük ehtimalla Azərvaycanda futbola son 20 ildə yatırılan vəsaitin yüzdə biri Litvada yatırılmayıb.
İllərdir bir normal oyunçu Avropaya çıxara bilmirik. Bizdən az qala 4 dəfə az əhalisi, heç bir ciddi maliyyə resursu olmayan Litva futbolu isə hal-hazırda İtaliya A Seriyasında oynayan 22 yaşlı Qvidas Gineytis kimi ulduzlar yetişdirir.
Bu necə olur?
Yəqin ki, bu sualın cavabını tapıb, problemi həll edəndən, layiq olmadıqları vəzifəyə gətirilən bəzi merkantil rəhbərləri futboldan iti qovan kimi qovandan sonra Azərbaycanın da TOP 5 liqalarda futbolçusunu görəcəyik.
Millimiz isə hər halında bizimdir. Udsa da, uduzsa da onu dəstəkləmək hər birimizin borcudur. Xüsusən belə bir həssas gündə. Ayxan Abbasov ən güclü motivator məşqçilərimizdəndir.
Kaunasda keçiriləcək Litva – Azərbaycan oyunu öncəsi komandamız 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Milimizin Litvayla oyunda da futbolumuzu sevən şəhid qəhrəmanlarımızın ruhunu, qazilərimizin könlünü şad edəcəyi, qalib xalqın qalib millisini görəcəyimiz ümidi ilə...






























