İdman yoxsa, pul?!

Hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur.

Ölkəmizin idman tarixinin ən yaxşı məşqşisi Qurban Qurbanovdan 1 ay əvvəl Sports.az saytı üçün aldığım müsahibədə ( linklər burada:  sports.az/az/musahibe/7246/
sports.az/az/musahibe/7288/ )

o, idmanın uşaqlar, yeniyetmələr və gənclər üçün faydasından, məşğul olanların hamısının peşəkar kimi yetişməsə belə, ən azı pis vərdişlərdən uzaq qalmasından ətraflı bəhs etmiş, bu mənada uşaq futbolunun bərbad durumundan dərin narahatlığını dilə gətirmişdi. 
Dövlət başçısının idmana böyük sevgisi, idmançılara həssas münasibəti, göstərdiyi davamlı qayğı möhtəşəm uğurlar qazanılması, ölkəmizin bu sahədə dünyada liderlərlərdən birinə çevrilməsi üçün çox böyük təkan olmalı idi. Amma bu ümidlər doğrulmadı…

Yeni işinə böyük entuziazmla girişən, hətta, buna görə vitse-prezidenti olduğum Azərbaycan İdman Jurnalistləri Assosiasiyası tərəfindən "İlin idman adamı" seçilən Fərid Qayıbovun gəlişindən sonra ciddi dəyişiklər gözlənilsə də, gənc nazirin fəallığı da hələlik heç bir effekt vermir. Qayıbov təyinatından dərhal sonra az qala bütün rayonlara səfər edib, idmanın mövcud durumu ilə əyani tanış olmağa çalışıb. Amma görünür əyalətlərdə idmana cavabdeh olan dələduzlar onu da aldadıblar. Onlar nazir gələndə təntənəylə qarşılayıb, neçə-neçə idman növünə aid bölmələrin fəaliyyət göstərməsindən pafosla danışsalar da, reallıqda bölgələrdə idman iflic vəziyyətindədi. Əksər rayonlarda ümumiyyətlə, uşaüların məşqğul olması üçün bir növ belə yoxdu. Daha doğrusu, var. Amma kağız üzərində... 

Uşaq Gənclər İdman Məktəbləri bir neçə növ üzrə idmançılar yetişdirməli olsa da, onların işi-gücü dövlətdən ayrılan vəsaitin mənimsənilməsi və müxtəlif dələduz manevrlərlə yuxarıların gözündən pərdə asmaqdı.

Qayıbov Olimpiya İdman Komplekslərində, bazalarında canlanma yaratmaq istəsə də, yekun nəticədə bu da daha çox görüntü üçün oldu. Qapılarına qıfıl vurulmuş Olimpiya Kompleksləri, stadionlar, otlaq, restoran, çay evi, mehmanxana, hətta əxlaqsızlıq yuvasına çevrilib. 

Qurban Qurbanovun mənə müsahibəsində dediyi məsələ də nə qədər acı olsa da, realdır. Uşaq idmanı olmayan ölkənin buraxın peşəkar səviyyədə nəticələrini, genefondu məhv olmalıdır.

Bir az da şəxsən öz başıma gələnlərdən danışacam...

Oğlumun idmana, xüsusən futbola böyük həvəsi var. Əvvəl bir neçə idman növü ilə məşğul idi. Düşünürəm bu təcrübəni bölüşsəm, bəlkə başqalarının övladlarına bir faydası olar.  

...Bakı Tennis Akademiyasında qrup məşqlərinə gedirdi. Aylıq qiymət 50 manat idi, amma 1 saatlıq məşqdə təxminən 20 uşaq iştirak edirdi və bu müddətdə onların hərəsinin əli 5-10 dəfə raketkaya dəysə, böyük iş idi. 

Bundan sonra özəl məşqçi tutdum. Fərdi məşqlərin 1 saatı o zaman 50-60 manat idi, indi əminəm, bahalaşıb. Mən də sonda çatdıra bilmədim...

Bu da təəccüblü deyil. İndiyə qədər nə bayaq qeyd etdiyim AİJA-dan, nə də rəhbəri olduğum Sports.az saytından bir qəpik maddi qazancım olmayıb, tam əksinə. Çünki, heç bir klubdan, federasiyadan, nazirlikdən və s. bir qəpik də reklam almamışam. Alanlar belə inanmıram uşağının hər məşqinə 50-60 manat verəcək durumda olsun. Nə isə...

Tennisə pul çatmayandan sonra oğlumu Jurnalistlər Binasının yanında yerləşən Su İdman Sarayına apardım. Tennisə 1 aya verdiyim puldan daha az məbləğə orda bir neçə növlə qrup məşqlərinə getdi. Üzgüçülük, cüdo, aykido və akrobatika ilə məşğul olurdu...

...Atam rəhmətə getdiyi gün də oğlumu idmana aparmışdım. Orda olanda zəng etdilər ki, təcili gəl, kişinin vəziyyəti pisdi, uşağı məşqdə qoyub rayona qaçdım, amma çata bilmədim...

Atamın 40-ı çıxana kimi rayonda qaldıq. Bakıya qayıdandan sonra uşağı yenə Su İdman Sarayına apardım. Bir ildən artıq idi ki, ora gedirdik və oğlum Emil qədər çox növlə məşğul olan ikinci bir adam xatırlamıram. Atam noyabrın 10-u haqq dünyasına qovuşmuşdu və Emilin məşğul olduğu ən azı 4 növün pulunu həmişəki kimi əvvəlcədən 1 aylıq ödəmişdim. Təəssüf ki, başımıza gələn faciəyə və uşağın 1 ildən çox ora getməsinə baxmayaraq, Su İdman Sarayında qalan 20 günün vaxtının bitdiyini bildirdilər və gəlmədiyi müddətdə buraxdığı məşqlərə görə ödədiyim pulun batdığını dedilər. Bundan sonra 2 il getdiyimiz və hər ay ən azı 300-400 manat verdiyimiz Su İdman Sarayı ilə vidalaşdıq. Hər ehtimala deyim ki, biz uzaqlaşdığımız vaxt məsələn, üzgüçülüyün qrup məşqləri 80 manat idi, amma uşaq üzə bilmirsə, onun fərdi məşqçiyə ehtiyacı varsa, o zaman məbləğ fantastik dərəcədə yüksək olur. 

Təxminən 1 ildən bir az artıqdır ki, Emil yalnız seçmələrdən uğurlar keçdiyi tanınmış dövlət idman məktəbində akrobatikaya gedir.

...Bunadək UGİM-də şahmatla da məşğul olurdu.

Amma bu dövlət məktəblərinin də hamısında valideynlər aylıq ödənişlər edirdi və indi də edir. Halbuki, hamısı pulsuz olmalıdı...

Yəni, realda heç bir uşaq, heç bir idman növü ilə pulsuz məşğul ola bilmir! Reallıq budur. Və bu reallıq davam etdiyi müddətdə valideynlərinin maddi imkanı olmayan uşaqlar idmandan kənar qalacaq. Ən çox itirən isə istedadları beşikdə boğulmuş Azərbaycan olacaq...

Uzun sözün qısası, kim sevirsə idmanı, əli cibində olmalıdı. Bu gün Azərbaycanda idman yalnız bayramlarda kütləvi bir sahə kimi görünə bilər, əslində isə kimlərinsə şəxsi biznesi, gəlir mənbəyidir.

"Uşaq idmanı inkişaf edir", "Sağlam gələcək nəsillər üçün işlər görülür" və s. və i. bu kimi pafoslu fikirlər yalnız sözdədi..

Anlanılması gərəkən yeganə məsələ də budur ki, uşaq idmanı olmadan heç vaxt idman olmayacaq...

5 mart - Bədən Tərbiyəsi və İdman Gününüz mübarək...

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar