Mahir Rüstəmli - 50

Azərbaycan idman jurnalistikasının ən tanınmış və özünəməxsus simalarından biri, “Futbol+” qəzetinin yaradıcısı və baş redaktoru, uzun illər böyük zəhmət və fədakarlıqla bu mətbu orqanı yaşadan Mahir Rüstəmlinin bu gün 50 illik yubileyidir.
Bu tarix onun üçün ikiqat əlamətdardır. Dünən, illər əvvəl yaratdığı “Futbol+”in, bu gün isə özünün doğum günüdür. Təsadüfi deyil ki, Mahir müəllimin adı Azərbaycan idman jurnalistikası ilə, “Futbol+” isə onun adı ilə assosiasiya olunur.
Bu gün ölkənin idman jurnalistikasında çalışan insanların böyük əksəriyyəti Mahir Rüstəmlini özünə ustad hesab edir. Onun yaratdığı məktəb illərdir öz dəsti-xətti, prinsipiallığı, peşəkarlığı və jurnalistikaya münasibəti ilə seçilir. Elə bir idman jurnalisti tapmaq çətindir ki, bu və ya digər formada “Futbol+” məktəbindən keçməsin, bu qəzetin onun peşəkar yolunda izi olmasın.
Təxminən 200-ə yaxın jurnalistin yolu bu qəzetdən keçib. Onların bir qismi bu gün müxtəlif media qurumlarında, bir qismi televiziya və idman saytlarında, digərləri isə idmanın fərqli sahələrində fəaliyyət göstərir. Onların peşəkar kimi formalaşmasında “Futbol+”in, daha dəqiq desək, Mahir müəllimin əməyi danılmazdır.
Bütün bunları nəzərə alanda “Futbol+”in sadəcə bir qəzet olmadığını demək mümkündür. Bu qəzet Azərbaycan idman jurnalistikasında bütöv bir məktəb, bir nəsil üçün başlanğıc nöqtəsi, yüzlərlə insan üçün isə peşəkar həyata açılan qapı olub.
Mahir müəllimin qələmi, dəsti-xətti və jurnalistikaya baxışı bu gün də öz aktuallığını qoruyur. Çünki əsl jurnalistika yalnız yazmaq deyil, həm də bir mövqe, bir məsuliyyət və özündən sonra iz qoymaqdır. Mahir Rüstəmlinin Azərbaycan idman mediasındakı ən böyük xidmətlərindən biri də məhz bu izi yaratmasıdır.
50 illik yubileyiniz mübarək, Mahir müəllim!
Qələminiz iti, sözünüz kəsərli, yolunuz daim açıq olsun. Yaratdığınız “Futbol+” məktəbinin yetirmələri çoxalsın, gördüyünüz işlər və Azərbaycan idman jurnalistikasında qoyduğunuz iz uzun illər yaşasın.





























