Vankuverdə bölüşülən hisslər - IV yazı

13 iyun 2026. Torontodan Vankuverə uçan təyyarədə əynində Türkiyə millisinin forması olan çoxlu sərnişin var. Əvvəllər bəhs etdiyim, amma adını yazmadığım ABŞ-də yaşayan dostum beş saatlıq uçuşdan sonra məni Vankuver Beynəlxalq Aeroportunda qarşılayır. Azərbaycanda futbolla maraqlananların çoxu Alik Adamsonu tanıyır. O, "Qarabağ"ın demək olar ki, bütün səfər oyunlarına gedir. Bizim dostluğumuz da təsadüf nəticəsində, Romanın küçələrində başlayıb. Alik "Qarabağ" azarkeşidir, əvvəlki yazılarımda bəhs etdiyim dostu Elnur Vəliyev - Adam Kaspi isə "Neftçi"nin. Uzun illərdir futbol meydanında və tribunalarda davam edən bu rəqabət okeanın o tayında öz yerini dostluğa verib. Kanadada mənə ən böyük dəstəyi də ölkəmizin iki rəqib klubunun azarkeşləri - Elnur və Alik göstərir.
Alik mənimlə görüşmək və Türkiyənin oyununu izləmək üçün Bostondan Vankuverə gəlib. Aeroportun çıxışında türkiyəli qardaşlarla görüşürük. Milliyə dəstək üçün Avstraliyadan gələn yaşlı bir dayı ilə söhbət edirik.
– Neçə ildir "kenqurular ölkəsi"ndə yaşayırsınız?
Gülümsəyib cavab verir:
– Təxminən əlli ildir. Amma bu gün kimə azarkeşlik edəcəyim bəllidir.
Elə bizim də... Yaxşı ki, aeroportun qarşısında Aliklə selfi çəkdiririk. Çünki sonradan şəhərin ab-havasına elə qərq oluruq ki, hər şey yaddan çıxır. Alik deyir ki, türkiyəli azarkeşlər Conatan Rocers parkında toplaşıblar. Ora yollanırıq. Dünyanın müxtəlif ölkələrindən gələn yüzlərlə türk DJ müşayiəti ilə əsl futbol bayramı yaradır.
Alik üçün Bakıdan gətirdiyim Azərbaycan bayrağını dostumun çiyinlərində görən türkiyəli azarkeşlər bizə yaxınlaşıb çox duyğulandıqlarını deyirlər.
BC Place stadionunun tribunalarında bayraqlarımız tez-tez gözə dəyir. Rəngarəng görüntülərə baxmayaraq, avstraliyalı azarkeşlərin say üstünlüyünü seçmək çətin deyil. Alik tribunada "Beşiktaş"ın məşhur azarkeşi Udi Neco ilə şəkil çəkdirir.
Təəssüf ki, 13 iyun Türkiyə üçün nəhs günə çevrilir. "Ay-ulduzlular" Avstraliyaya məğlub olur və Vinçenzo Montellanın rəhbərlik etdiyi, böyük ümidlər bəslənən komandanın mundialdakı fiaskosunun əsası elə ilk oyunda qoyulur. Oyundan əvvəl söhbət etdiyimiz azarkeşlərin əksəriyyəti ən azı yarımfinal xəyalı qururdu. Mən də Arda Gülər, Kenan Yıldız, Hakan Çalhanoğlu və digər ulduzların yer aldığı heyətdən daha artığını gözləyirdim.
Amma Andrey Arşavinin məşhur sözünü xatırlamamaq mümkün olmur: "Sizin gözləntiləriniz sizin problemlərinizdir..."
Oyundan sonra tanış olduğumuz türkiyəli azarkeşlərdən biri köks ötürərək deyir:
- Kaş bu mundiala Türkiyənin əvəzinə Azərbaycan gəlmiş olaydı...
Fikrət Adıgözəllinin təbirincə desək, suyum süzülə-süzülə Torontoya qayıdıram.
Amma mundial bütün sürəti ilə davam edir. Bütün dünyanın gözü yenə Lionel Messi ilə Kriştiano Ronaldonun möhtəşəm rəqabətindədir. Çoxları yaşlı dahilər üçün ən azı daha bir dünya çempionatını arzulayır.
Turniri bizə maraqlı edən məqamlardan biri də debütant Özbəkistan millisidir. 2006-cı ildə kapitan kimi "Qızıl ilahə"ni başı üzərinə qaldıran, həmin il "Qızıl top"u qazanan Fabio Kannavaro həmyerlisi Vinçenzo Montella kimi bu mundialın ən uğursuz məşqçilərindən birinə çevrilir. "Sabah"ın yarımmüdafiəçisi Umarali Raxmonaliyevi son anda dünya çempionatının iştirak ərizəsinə salmayan italiyalı mütəxəssis sanki futbolçu kimi qazandığı şöhrəti məşqçi kimi xərcləyir.
Bu mundialda ən çox xoşuma gələn məqamlardan biri isə hakimlikdir. Demək olar ki, ideala yaxın idarəçilik var. İstər-istəməz öz-özümə düşünürəm: görəsən, bizim çempionatda da nə vaxtsa belə səhvsiz hakimlik görə biləcəyik?
Məni Messidən, Ronaldodan, mundialda hamıdan və hər şeydən çox maraqlandıran başqa futbolçu var - Kanada səfərimin əsas səbəbkarı, müstəqil Azərbaycan çempionatları tarixində ilk mundial iştirakçısı Roderik Miller.
Elə ona görə də Torontoya dönürəm. Qarşıda məni Panama millisinin oyunları gözləyir.





































