Kanadaya sevgi, Azərbaycana ümidlə

Vankuverdən qayıdanda məni əvvəlki yazılarımda bəhs etdiyim Elnur Vəliyev qarşılayır.
Elnurun sayəsində azərbaycanlı Məhəmməd bəyin doğum günü məclisində iştirak edirik. Məclis əvvəllər Lider TV-də çalışmış adaşım Anarın işlətdiyi Old Avenu restoranında keçirilir.
Elnurun dostları ilə tanış oluram. Onlardan Vüqar Qənbərov və Nəbi Nəbiyev əslən Gədəbəyin Söyüdlü kəndindəndirlər.
Məni böyük səmimiyyətlə evlərinə qonaq dəvət edirlər. Vüqar bəyin hazırladığı kabablar arasında qızıl balıq da var. Qızıl balıq və müxtəlif növ kürülər Kanadada gündəlik qida mədəniyyətinin ayrılmaz hissəsidir.
Kanada ilə bağlı ən gözəl təəssüratlarım da məhz okeanın o tayında yaşayan həmyerlilərimizin sayəsində yaranır. Onların qonaqpərvərliyi, səmimiyyəti və doğmalığı minlərlə kilometr uzaqda belə özünü evdə hiss etdirir.
Bir neçə gün sonra Vüqar bəy məni dünyanın ən məşhur təbiət möcüzələrindən biri olan Niaqara şəlaləsinə aparır. Hər il 30 milyondan çox turistin ziyarət etdiyi "Niagara Falls"ın əzəmətini sözlə təsvir etmək çətindir.
Niaqara şəlaləsinin qarşısında dayananda anlayırsan ki, bəzi möcüzələri nə foto, nə də video göstərə bilir. Onları yalnız hiss etmək mümkündür. Buranı gərək ən azı bir dəfə öz gözlərinlə görəsən.
Ümumiyyətlə, Elnurun sayəsində Torontoda özümü heç vaxt qərib hiss etmədim. Niaqaradan dönəndən sonra gecə parkda ağdamlı Anar bəylə görüşüb söhbətləşirik. Çox intellektli, müasir düşüncəli pozitiv gəncdir. Adaşımda heç ağdamlı ləhcəsi yoxdu. Amma orta məktəbi doğma el-obasında bitirib və həmin vaxtacan kəndlərində yaşayıb.
Vaxtilə Azərbaycan futzalında özündən söz etdirmiş, hazırda Kanada futzal millisində çalışan Elnur Qəmbərovla da görüşürük. Elnur həm də şəxsi uşaq futbol məktəbində məşqçilik edir. Elnurun həyat yoldaşı Leyla xanımın isə Torontoda gimnastika akademiyası var.
Elnur məni Toronto yaxınlığında yerləşən Missisauqa şəhərində yaşayan dayım və ailəsi ilə görüşə aparır. Yaşar dayım Lomonosov adına Moskva Dövlət Universitetini bitirib, İnşaat İnstitunda müəllim işləyib. Onu uzun illər idi ki, görmürdüm. Dayımın nəvəsi Nəzrin Kanadada karate ilə məşğul olur və yaxşı nəticələr göstərir.
...Panama – Qana oyunundan əvvəl Torontonun simvollarından sayılan “CN Tower”in önündə panamalı azarkeşlərlə rastlaşıram. Onlara Azərbaycandan bura məhz Roderik Millerə görə gəldiyimi deyəndə təəccüblənirlər. Birlikdə xatirə şəkli çəkdiririk.
Panama yaxşı təsir bağışlasa da, taleyüklü qolu son saniyələrdə buraxır və Qanaya 0:1 hesabı ilə uduzur.
Roderik Miller meydana çıxmasa da, Azərbaycan futbolunun tarixinə düşür. Çünki o, müstəqil Azərbaycan çempionatları tarixində mundialda yer alan ilk futbolçudur.
Oyundan sonra Millerdən açıqlama almaq ümidi ilə gecə saat 12-yə qədər miks zonada gözləyirəm. Amma bəzən jurnalistikanın ən böyük məyusluğu elə budur: saatlarla gözləməyin, günlərlə çəkdiyin zəhmət boşa gedir.
Növbəti akkreditasiya aldığım oyun Almaniya – Kot-dİvuar qarşılaşması olur. Almanlar Deniz Undavın son dəqiqələrdə vurduğu qolla Afrika təmsilçisi üzərində 2:1 hesablı qələbə qazanırlar.
Oyundan sonra Media Mərkəzində gözüm tanış simaya sataşır. Qarşımda La Liqanın beynəlxalq səfiri, İspaniyanın "Movistar" televiziya kanalının eksperti, əfsanəvi İvan Samorano dayanıb. Çili futbol tarixinin ən böyük simalarından biri, Pele tərəfindən FİFA 100 siyahısına daxil edilən veteran illər keçməsinə baxmayaraq, demək olar ki, heç dəyişməyib. "Real" və "İnter"in sabiq hücumçusu ilə xatirə şəkli çəkdirmək fürsətini əldən vermirəm.
Nəhayət, mundialdakı son akkreditasiya aldığım oyun – Panama ilə Xorvatiya arasındakı qarşılaşmadır. Millerin komanda yoldaşları Luka Modriçin komandasına qarşı da əla futbol nümayiş etdirir. Amma yenə də meydanı məğlub tərk edir. Panama həm Qana, həm də Xorvatiya ilə matçlarda ən azı heç-heçəyə layiq təsir bağışlasa da, mundialla vidalaşır.
Oyundan sonra miks zonada Roderik Milleri gözləyirəm. Komandasında böyük məyusluq hökm sürür və federasiya rəsmiləri futbolçuların media ilə danışmasını istəmirlər.
Amma Roderik Miller Azərbaycandan sırf onun üçün gəldiyimi öyrənəndə millinin nümayəndələrinə bunu bildirir və mən qısa açıqlama ala bilirəm:
- "Turan" azarkeşlərini salamlayıram! Dünya çempionatının final mərhələsində Panama millisinin bir hissəsi olduğum üçün çox xoşbəxtəm. Burada olmaq, tarixə düşmək və ölkəmi təmsil etmək böyük qürurdur. "Turan Tovuz"un loqosunu dünya çempionatına daşımaq mənim üçün böyük şərəfdir. Hamıya salamlarımı çatdırıram. Sağ olun!
Beş-altı cümlə üçün minlərlə kilometr yol qət etməyə dəyərdimi?
DƏYƏRDİ!
Çünki bu, sıradan açıqlama deyil, Azərbaycan futbol tarixinin bir parçası idi. Həmin anları videoya da çəkdim ki, arxivdə qalsın, gələcək nəsillər üçün qorunsun.
Sonra görüntüləri mundialda olduğumu bilib diqqətdə saxlayan dəyərli həmkarlarıma – Space TV-dən Tural Xudiyevə, Baku TV-dən Emin Şəmsiyevə və Haqqın.az saytından Elmir Əliyevə göndərirəm.
Roderik Millerə qədər də Azərbaycana bu və ya başqa formada bağlı olan isimlər dünya çempionatının final mərhələsində iştirak ediblər.
Düz 60 il əvvəl – 1966-cı ildə İngiltərədə keçirilən mundiala Azərbaycan futbolunun üç yetirməsi yollanıb. Onlardan ən məşhuru, əlbəttə ki, Tofiq Bəhramov olub. O, təkcə həmin turnirin deyil, dünya futbol tarixinin də ən çox müzakirə edilən hakim qərarlarından biri ilə əbədiləşib.
Anatoli Banişevski isə SSRİ millisinin Koreya Xalq Demokratik Respublikası ilə ilk oyununda özünəməxsus üslubda başla vurduğu qolla yadda qalıb. Daha sonra üçüncü yer uğrunda Portuqaliya ilə qarşılaşmada dünya futbolunun əfsanəsi Eysebionun penaltidən vurduğu ilk qoldan sonra hesabı bərabərləşdirən də məhz Banişevski idi. Təəssüf ki, həmin qol səhvən Eduard Malafeyevin adına yazıldı.
SSRİ 1:2 hesabı ilə məğlub olsa da, o dövrün reqlamentinə əsasən üçüncü yer uğrunda oyunun məğlub tərəfinin futbolçuları da "kiçik bürünc" medalla təltif edilirdi. Beləliklə, bakılı futbolçular Anatoli Banişevski və Eduard Markarov da dünya çempionatının medalçıları sırasında yer aldılar.
Əvvəlki yazılarımda qeyd etdiyim kimi, 2014-cü il Braziliya mundialında Aleksandr Səmədovun oyununu "Marakana" stadionundan canlı izləmək də mənə qismət olmuşdu. Müxtəlif illərdə İran və Türkiyə millilərinin heyətində də azərbaycanəsilli futbolçular dünya çempionatının final mərhələsində çıxış ediblər.
Amma dünya çempionatı mənim üçün təkcə futbol deyildi. Bu turnir həm də futbolun insanları, xalqları və taleləri necə birləşdirdiyini öz gözlərimlə görmək, o hissləri canlı yaşamaq imkanı idi.
İyulun 2-si Torontoda mundialın bu şəhərdəki son görüşü - Portuqaliya - Xorvatiya pley-off qarşılaşması keçiriləcəkdi. Dünya çempionatlarında böyük ehtimalla son dəfə iştirak edən əfsanəvi Ronaldonu və Modriçi canlı izləmək istəyirdim. Amma istəklər və imkanlar həmişə üst-üstə düşmür...
...Rus dilində "mir" sözü həm "dünya", həm də "sülh" deməkdir. Kanadada insanlar məhz sülh və əmin-amanlıq içində yaşayırlar. Kaş bütün dünya həmişə belə olsun.
Okeanın o tayında hava gün ərzində bir neçə dəfə dəyişirdi. Günəşi yağış, yağışı külək əvəz edirdi. Azarkeşlərin ovqatı da komandalarının nəticələrinə uyğun olurdu.
Mən isə bu 15 gündə çox sevdiyim Kanadadan bir arzu ilə ayrıldım. Qoy növbəti dünya çempionatında Azərbaycan azarkeşləri də bu hissləri yaşasın. Millimizin oyunundan əvvəl həyəcanlansın, qələbəsinə sevinsin, məğlubiyyətinə üzülsün. Çünki dünya çempionatında kədərlənmək belə ora çıxa bilməməkdən daha gözəldir. Ardıcıl dördüncü mundialı canlı görmüş biri kimi buna şübhə etmirəm.
Könül istər ki, bir gün "okeanı aşan" təkcə idman jurnalistlərimiz deyil, dünya çempionatına yollanan futbol üzrə milli komandamız olsun.
O zaman mən də mundialda olmayan komandanın jurnalisti kimi Azərbaycanı bu turnirdə başqa hekayələrdə axtarmağa məcbur qalmaram.
Dünyanın ən böyük idman turnirində bir gün Azərbaycan himnini eşitmək üçün yaşamağa, yaratmağa və inanmağa dəyər!
P.S. Ardıcıl dördüncü mundialda iştirakıma dəstək verən hər kəsə dərin minnətdarlığımı bildirirəm!
Anar Şabanoğlu
Bakı-Toronto-Vankuver-Toronto-Bakı













































