Van Qal yenidən Niderland millisini çalışdıra bilər

Tanınmış mütəxəssis Lui van Qal Niderland Kral Futbol İttifaqı (KNVB) istədiyi halda milli komandaya qayıdışla bağlı danışıqlara başlamağa hazırdır.
Sports.az xəbər verir ki, bu barədə "De Telegraaf" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Van Qalın səhhəti yenidən məşqçilik fəaliyyətini davam etdirməsinə imkan verir. Bununla belə, Niderland millisinə qayıdış onun üçün əsas məqsəd sayılmır. Niderlandlı çalışdırıcı KNVB-dən təşəbbüs olacağı təqdirdə dialoqa açıqdır.
Van Qal hazırkı milli komandanın heyətində yer alan futbolçuların əksəriyyətini yaxşı tanıyır və beynəlxalq turnirləri yaxından izləməyə davam edir.
74 yaşlı mütəxəssis daha əvvəl üç fərqli dövrdə Niderland millisini çalışdırıb. O, 2000-2001, 2012-2014 və 2021-2022-ci illərdə "narıncılar"ın baş məşqçisi olub.





























