Blatterdən İnfantinoya qarşı çağırış: FİFA-ya qadın prezident lazımdır

FİFA-nın sabiq prezidenti Yozef Blatter qruma yeni rəhbər kimi Norveç Futbol Federasiyasının prezidenti Lize Klavenessi görmək istədiyini bildirib.
Sports.az xəbər verir ki, Blatter sosial şəbəkə hesabında paylaşdığı açıqlamada hazırkı prezident Canni İnfantinonun dövründə FİFA-da ciddi problemlərin toplandığını vurğulayıb və təşkilata qadın rəhbərin lazım olduğunu bildirib:
"Lize Klaveness ən yüksək hörmətə layiq insandır. O, hər zaman prinsipial mövqe sərgiləyən və cərəyanın axınına qoşulmayan yeganə şəxslərdən biri olub. FİFA-ya artıq qadın prezidentin rəhbərlik etməsinin vaxtıdır".
Daha əvvəl Canni İnfantinonun Mərakeşdə FİFA rəhbərliyinin fövqəladə iclasını çağırdığı barədə məlumat yayılmışdı. UEFA, KONKAKAF və AFC rəhbərliyə etimadsızlıq ifadə edərək, FİFA prezidenti postuna alternativ namizəd axtarışına başladıqlarını bildirmişdilər. Həmin konfederasiyalar İnfantinonun vəzifəsində qalacağı təqdirdə FİFA-nın himayəsi altında keçirilən turnirləri boykot edə biləcəklərini də istisna etməyiblər.





























