Qvardiola Rodriyə "Barselona"nı məsləhət görüb

“Mançester Siti” və “Barselona”nın sabiq baş məşqçisi Pep Qvardiolanın “şəhərlilər”in yarımmüdafiəçisi Rodri Hernandesə yeni klub seçimi ilə bağlı məsləhət verdiyi bildirilib.
Sports.az “Goal”ın jurnalisti Melçor Ruisin COPE radiosunun “La Tarde” proqramında səsləndirdiyi fikirlərə istinadən xəbər verir ki, Rodri daha əvvəl “Barselona” ilə “Real” arasında seçim etməli olduğu halda Qvardioladan məsləhət istəyib.
Qvardiola ispaniyalı futbolçuya qəti şəkildə “Barselona”nı seçməyi tövsiyə edib. O, Kataloniya klubunun oyun üslubunun Rodriyə daha uyğun olduğunu bildirib. Qərarın son olaraq futbolçunun özündən asılı olduğu vurğulansa da, jurnalist Qvardiolanın məsləhətinin 30 yaşlı dünya və Avropa çempionunun seçimində həlledici rol oynadığını iddia edib.
Bildirilir ki, Rodri “Barselona”nın fəlsəfəsini Qvardiolanın rəhbərliyi altında uzun illər “Mançester Siti”də gördüyü futbol anlayışına “Real”ın təklif etdiyi üslubdan daha yaxın hesab edir.
“Barselona”nın baş məşqçisi Hans-Diter Fliklə söhbətlər isə futbolçunun bu fikrini daha da möhkəmləndirib.
Bundan başqa, Rodri “Barselona”da İspaniya millisində birlikdə dünya və Avropa çempionu olduğu daha çox komanda yoldaşı ilə çıxış edəcəyini də nəzərə alır. Bu amilin də maliyyə şərtlərindən asılı olmayaraq Kataloniya klubuna üstünlük qazandırdığı bildirilir.





























