"Leyptsiq" sabiq hücumçusunu geri qaytarmaq üzrədir

“Leyptsiq” sabiq futbolçusu Kristofer Nkunkunu yenidən heyətinə qata bilər.
Sports.az “BILD”-ə istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi 28 yaşlı hücumçunun “Milan”dan icarəyə götürülməsi ilə bağlı razılaşmaya yaxındır.
Nkunku 2019-2023-cü illərdə “Leyptsiq”in formasını geyinib. Bu müddətdə 172 oyuna çıxan forvard 70 qol vurub və 56 məhsuldar ötürmə verib. Fransalı futbolçu karyerasının ən uğurlu dövrünü məhz Almaniya klubunda keçirib. O, 2022/23 mövsümündə Bundesliqanın bombardiri olub.
Hazırda Nkunku “Milan”da əsas heyət oyunçularından biri deyil. Bu səbəbdən futbolçu “Leyptsiq”ə qayıtmaq variantını nəzərdən keçirir.
Almaniya klubu hücum xəttini təcili gücləndirmək istəyir. “Leyptsiq” “Köln”dən Said El-Malının transferi ilə bağlı razılığa gələ bilməyib. “Strasburq”un futbolçusu Dieqo Moreyranın keçidi də baş tutmayıb. Portuqaliyalı futbolçu 50 milyon avro qarşılığında “Milan”a transfer olunub.
Bundan əvvəl “Hoffenhaym”ın hücumçusu Fisnik Aslaninin transferi də tibbi müayinədən keçə bilmədiyi üçün baş tutmayıb.
Almaniyada transfer pəncərəsi sentyabrın 1-də bağlanacaq.





























