Azərbaycanda oynayan futbolçu əmisi Mboma və “dayısı” Rəfiyev haqda - Eksklüziv müsahibə

Onu Azərbaycanda daha çox "Sumqayıt"ın prezidenti Riad Rəfiyevin "Araz Naxçıvan"a menecer kimi verdiyi futbolçu" kimi tanıyırlar. Amma Aksel çox maraqlı insandı. Kamerun və dünya futbolunun unudulmaz ulduzu Patrik Mbomanın qardaşı oğludu, vaxtilə Fransa U20 yığması ilə dünya çempionu olub, Liqa 1-də çıxış edib, qollar vurub. 

Sports.az saytına müsahibəsində Aksel Nqandonun kübarlığını sezmək mümkün idi. Və başqa bir itirilmiş istedadını...

- Mümkünsə, əvvəlcə uşaqlığınızdan danışın. Futbol karyeranızın başlanğıcında Patrik Mbomanın rolu olubmu? 

- Futbola 6 yaşımda başlamışam. Həmişə futbolu sevmişəm. Atam da oynayıb. Patrik Mbomaya televizorda çox baxırdım. Xüsusən Kamerun millisində oynayanda. Atamın ögey qardaşıdır. Uşaq vaxtı onunla tez-tez rastlaşırdım, futboldan danışırdıq. Amma karyeramda heç bir rolu olmayıb.

- 11 il əvvəl Türkiyədə keçirilən U20 dünya çempionatının qalibi olmusunuz...

- Bu, inanılmaz bir xatirədir. Əla komandamız var idi. Bu, heç vaxt unuda bilməyəcəyim bir macəradır. Yubileyim günü finalda qalib gəldik.  Uruqvayla həlledici matçda sona 10 dəqiqə qalmış meydana daxil olsam da, oyunsonrası penaltilərdə qol vurdum. 

- Həmin komandanın kapitanı Pol Poqba və ya çempionlardan başqa kiminləsə əlaqə saxlayırsınız? 

- Hamı öz karyerasına köklənib. Amma millidəki bəzi komanda yoldaşlarımla zaman-zaman qarşılaşmışam. Poqba ilə də millidə çox yaxşı anlaşırdıq. Sonra əlaqə kəsildi. 

- Liqa 1 klubunda oynamaq üçün hansı keyfiyyətlər lazımdı? O potensialı olan azərbaycanlı futbolçu varmı? 

- Liqa 1 fiziki və taktiki cəhətdən çox ağır çempionatdır. Oyunçular mütləq tam hazırlıqlı və sürətli olmalıdılar. Mən hələ bütün azərbaycanlı futbolçuları kifayət qədər mükəmməl tanımıram. Amma hər həftəsonu gördüyüm oyunçular arasında, keyfiyyəti yüksək, təkcə Fransada deyil, Avropada çox yaxşı çempionatlarda oynaya biləcək gücdə olanlar var.

- Azərbaycana transferiniz necə alındı? Bura necə gəldiniz? Ölkəmiz barədə məlumatınız vardı? 

- Agentim mənə dedi ki, klub "10 nömrə" axtarır.

"Araz Naxçıvan" layihəsi və məni maraqlandıran başqa məsələlərdən danışdı. Azərbaycanı heç tanımırdım. Gələndən sonra bildim ki, Bakı çox gözəl şəhərdir. 

- Agentiniz Riad Rəfiyevdir? Azərbaycana gəlişinizdə onun rolu olubmu?

- Yox, onu tanımıram... Agentim fransızdır.

- O zaman yəqin agentinizlə işbirliyi qurub... 

Bakıda dostlarınız varmı? Burada günləriniz necə keçir? Nəyi bəyənirsiniz, nəyi bəyənmirsiniz? 

- Bakıda heç kimi tanımırdım. Sonra buradakı insanlarla tanış oldum. Günlərim çox vaxt eyni olur. Məşqə gedirəm, dincəlirəm. Evdə olmağı xoşlayıram. Futbol matçlarına baxıram. Bəzən başqa idman növlərini də izləyirəm. Məsələn, Formula 1-i çox sevirəm. Vaxtaşırı restoranlara gedirəm. Müxtəlif mətbəxləri, yeni kəşfləri sevirəm. Gözəl binaları, ticarət mərkəzləri olan Bakının mərkəzini çox bəyənirəm. 

- “Araz Naxçıvan”da ümumi vəziyyət necədir? Sizi qane edir?

- Mövsümün ilk hissəsini yaxşı keçirdik. Çoxlu matçlarda qalib gəldik. İkinci hissə daha çətindir. Yeni qələbələr qazanmaq üçün çox çalışırıq. 

- Fransa yığması ilə dünya çempionu olmusunuz, Liqa 1-də oynamısınız. Bu səviyyəyə çatmaq üçün Azərbaycan futbolunda çatışmayan məqamlar hansılardı?

- Məncə, hər şeydən əvvəl vaxt lazımdır. Çempionatınızın səviyyəsi ildən-ilə artır. Hər mövsüm liqaya yeni əcnəbi və azərbaycanlı futbolçular gəlir. 

- Konkret olaraq, “Araz Naxçıvan”da iş nə dərəcədə peşəkar səviyyədə qurulub? “Bastiya”, "Oser", "Renn" və ya əvvəl oynadığınız hər hansı başqa klubla müqayisə edə bilərsiniz? Yoxsa müqayisə ediləcək heç nə yoxdur?

- Hər klubun fərqli iş üsulu var. Müxtəlif ölkələrin iş üsullarını da müqayisə etmək çətindir. Amma bir futbolçu kimi uyğunlaşmaqda problemim yoxdur.

- Vaxt ayırdığınız üçün təşəkkür edir, gələcək karyeranızda və şəxsi həyatınızda uğurlar arzulayıram! Sonda bir sual vermək istəyirəm. 

- Çox sağ olun! Buyurun.

- Uşaq olanda başqa peşə, məsələn, diplomat olmağı arzulamamısınız? Sizin timsalınızda çox uğurlu diplomat itirilib... 

- Təşəkkürlər! Uşaqlıqdan arzum futbol oynamaqdır. Ən çox sevdiyim işi görməkdən zövq alıram. 

Anar Şabanoğlu

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar