“Neftçi” “Qarabağ”dan ən azı 1 xal götürməyə çalışmalıdır”

Sabah Azərbaycan Premyer Liqasında mövsümün ilk böyük derbisi baş tutacaq. Son çempion “Qarabağ” əzəli rəqibi “Neftçi”ni “Azersun Arena”da qəbul edəcək. 

Futbolçu karyerası ərzində hər iki klubun formasını geyinmiş sabiq yarımmüdafiəçi Mirbağır İsayev Sports.az saytına müsahibəsində komandaların şanslarını dəyərləndirib. 

- Vaxtilə formasını geyindiyiniz “Qarabağ” və “Neftçi” Premyer Liqanın 8-ci turu çərçivəsində üz-üzə gələcək. Necə oyun gözləyirsiniz?
- Doğru qeyd elədiniz, hər iki komandanın formasını geyinmişəm. Derbidə də yüksək səviyyədə mübarizə gözləyirəm. Hazırda turnir cədvəlində “Qarabağ” birinci, “Neftçi” ikinci yerdə qərarlaşıb. Artıq illərdir ki, “Qarabağ” istədiyini diktə edir. Faiz nisbətinə görə, 20/80-ə “Qarabağ”ı üstün sayıram. 

- Derbi üçün “Neftçi”yə 20 faizlik şans az deyil?
- Şəxsən mən “Qarabağ”ı bu oyunun aşkar favoriti görürəm. Çünki “Qarabağ” əsl Avropa komandasıdır. Ağdam klubuna çətinlik yarada biləcək yeganə amil əksər futbolçularının millilərdən yeni qayıtmasıdır. Bu müddətdə əsas komandanın bir neçə üzvü məşq prosesində iştirak etməyib. Tək sıxıntı bunda ola bilər. Digər komponentlərdə “Qarabağ” çempionatımızın digər komandaların hamısından iki baş üstündür. 

- Oktyabrın 6-da “Olimpiakos”la keçiriləcək Avropa Liqası matçı öncəsi “Neftçi” ilə qarşılaşmaq Qurban Qurbanovun komandasına problem yaratmaz?
- “Olimpiakos”la oyun çox ağır olacaq. Ancaq bunun hansısa mənfi təsirinin olmasına inanmıram. Qurban Qurbanov rotasiyalar etsə belə, yenə çox güclüdür. Çempionatın son oyununda “Zirə” üzərində qazanılan 7:1 hesablı qələbə buna sübutdur. Heyətdə rotasiya olduqda da orada hər kəs öz işini bilir. Yəni oyunçular dəyişsə də, sistem dəyişmir. Ona görə də, mənə elə gəlir ki, istənilən halda “Qarabağ” “Neftçi”ni məğlub edəcək. Bu mənim subyektiv fikrimdir. 

- Bəs “Neftçi” bu proqnozları alt-üst etmək üçün nələrə diqqət yetirməlidir?
- “Neftçi” ən azı 1 xal götürməyə çalışmalıdır. Təbii ki, bunun yollarını bu komandanın məşqçi heyəti məndən yaxşı bilir. İstənilən komanda “Qarabağ”a topla oynamaq imkanı versə, onlar meydanda istədiklərini edəcəklər. 

- Yəni “Neftçi” irəlidə pressinq etməlidir?
- Ona da güc lazımdır. 90 dəqiqə pressinq etmək mümkün deyil. Futbolçularının funksional hazırlığı baş məşqçiyə bəllidir. O, “Qarabağ”a qarşı necə oynamaq lazım olduğunu hamıdan yaxşı bilər. Ancaq mənim fikrimcə, “Qarabağ”a sərbəst futbol oynamaq imkanı vermək olmaz. Bu komandaya rəqib olmaq üçün onunla başabaş mübarizə aparmalısan. 

- Premyer Liqada çempionluq yolunda “Qarabağ”ın önünü kəsə biləcək komanda yoxdur?
- Mən “Sabah”ı vurğulayardım. “Sabah”ın həm “Qarabağ”la, həm də digər komandalarla oyunlarına baxmışam. Bakılılarda o güc var, klub kimi də gündən-günə böyüyürlər. Birinci dövrədə “Qarabağ”la “Sabah” (4:3) arasındakı matç əla keçdi. Komandalar arasında hər turda belə mübarizə olsa, futbolçular da sürətlə inkişaf edər. “Neftçi” də “Qarabağ”dan xal almaq istəyirsə, meydanın hər qarışı uğrunda mübarizə aparmalı, kimin nəyi varsa meydanda qoymalıdır. “Qarabağ”a sərbəstlik verilsə, onlar istədiklərini edəcəklər. 

- Yəqin ki, “Neftçi”nin bu mövsüm bəzi oyunlarını izləmisiniz. Onlarda həmin güc var?
- “Neftçi”nin elə ötən turda “Səbail”lə matçını izləmişdim. Təkrarçılıq olmasın, “Qarabağ” digərlərini ikiqat qabaqlayır. Təkcə “Sabah”ı bu siyahıdan çıxarmaq olar. Aralarındakı matç bunu göstərdi. Mövsümün geridə qalan 7 turunda yalnız “Qarabağ” – “Sabah” oyununda arzulanan mübarizə görmüşəm. 

- Bəs “Sabah”da çempionluğu “Qarabağ”ın əlindən alacaq perspektiv görürsünüz?
- “Qarabağ” stabil komandadır. “Sabah” isə şəraitinə uyğun yaxşı transferlər elədi. Üstəlik, çox yaxşı baş məşqçiləri var. Murad Musayevin komandadakı işi hiss olunur. Hələ nəzərə alaq ki, “Sabah” “Qarabağ”la azlıqda mübarizə apardı. Mən istərdim ki, “Qarabağ” – “Neftçi” oyunu ondan da maraqlı, ajiotajlı alınsın. Çempionatımızda belə görüşlərin sayı çox olanda bütün futbolsevərlərə xoş gəlir. İstər “Sabah”, istərsə də “Neftçi” çempion olmaq istəyirsə, sona qədər “Qarabağ”la başabaş oynamalıdırlar.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar