“Qarabağ”ın oyunu təxirə salındı
Azərbaycanı futbol üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsində təmsil edəcək “Qarabağ” Futbol Klubu Peşəkar Futbol Liqasına rəsmi müraciət edib.
Sports.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, klub qitənin 1 nömrəli klub turnirinin pley-off mərhələsinə daha yaxşı hazırlaşmaq məqsədilə Premyer Liqanın 3-cü turu çərçivəsində keçiriləcək “Şamaxı” ilə səfər oyununun təxirə salınmasını istəyib.
“Qarabağ” klubunun müraciətini, “Şamaxı” klubunun razılığını, Azərbaycan futbolunun ümumi mənafeyini nəzərə alan Peşəkar Futbol Liqası 2024/25-ci illər Futbol mövsümünün Əsasnaməsinin 6-cı maddəsinin 1-ci bəndini (pley-off mərhələsinə yüksələn komandanın 1 oyunun təxirə salınması ilə bağlı müraciətini) rəhbər tutaraq 3-cü turun “Şamaxı” - “Qarabağ” oyununun təxirə salınması ilə bağlı qərar qəbul edib. Təxirə salınmış oyunun tarixi ilə bağlı əlavə məlumat veriləcək.
Klubların əvəzedici heyətlərinin oyunu ilə bağlı hər hansı bir dəyişiklik yoxdur.