Hakimlər Komitəsinin sədri "Turan Tovuz" - "Araz-Naxçıvan" matçındakı mübahisəli epizodu şərh etdi
AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Azərbaycan Premyer Liqasının VII turunun "Turan Tovuz" - "Araz-Naxçıvan" matçındakı mübahisəli epizodu şərh edib.
Sports.az xəbər verir ki, o, Naxçıvan təmsilçisinin hücumçusu Ramon Maçadonun 13-cü dəqiqədə topa oynamaq istədiyini bildirib.
"Ayağının ucu ilə “Turan Tovuz” komandasının oyunçusu Roderik Millerin baş nahiyəsinə zərbə endirir. Hakim oyunçunun düşüncəsiz davranışına görə ona sarı vərəqə göstərir. Təlimatlara əsasən, “Araz-Naxçıvan”ın oyunçusunun topa baxdığını və topa oynamaq istədiyini nəzərə alaraq, verilən sarı vərəqəni dəstəkləyirik. O, ayağının ucu (butsun altı ilə deyil) ilə müdafiəçinin başına/üzünə aşağı intensivliklə və o qədər də güclü olmayan zərbə endirir. Təhlükəli vəziyyət olsa da, “Araz-Naxçıvan”ın oyunçusunun etdiyi qəsdən təmas/qayda pozuntusu deyil", - deyə De Blekere vurğulayıb.
Qeyd edək ki, görüş "Araz-Naxçıvan"ın qələbəsi ilə bitib - 2:1.