“Hər binanın önündə futbol meydançası olmasa, inkişafdan danışmağa dəyməz” - “Neftçi”nin əfsanəsi

Yeni nəsil onu az tanısa da, Azərbaycan futbolunda qoyduğu izi silmək mümkün deyil. Gənclər arasında Avropa çempionu, "Mövsümün ən yaxşı debütantı", 1968-ci ildə İtaliyada keçirilmiş Avropa çempionatının final mərhələsinin iştirak ərizəsinə adı daxil edilmiş futbolumuzun bu yetirməsi "Neftçi"nin heyətində 338 matçda meydana çıxıb, 80 qol vurub. "Flaqman"ın tarixində ən çox oyun keçirmiş 4-cü futbolçudu.

Stajlı azarkeşlər yəqin ki, söhbətin Nikolay Smolnikovdan getdiyini bildi.

Nikolay Fyodoroviç Moskva yaxınlığındakı Kolomna şəhərində yaşayır. Bu bölgənin "Fortuna" komandasını çalışdırıb. İndi isə təqaüdə çıxıb, bağı-bağçası, övladları-nəvələri ilə həyatdan zövq alır.

Sports.az saytı üçün müsahibəyə başlamazdan əvvəl, rusca salamımı azərbaycanca "Assalamu aleykum, necəsən?" sözləri ilə cavablandırır. 

- Çoxdandı Bakıya gəlmirsiz. Əlaqəniz qalırmı, keçmiş dostlarınızdan kiminləsə danışırsınızmı, görüşürsünüzmü? 
- Hə, son dəfə 2017-də "Neftçi"nin 80 illiyində gəlmişdim. Çoxları ilə telefonla əlaqə saxlayırıq. Rafiq Quliyev bu yaxınlarda yanıma gəlmişdi, bir neçə gün qaldı. 

- Bir neçə ay sonra 75 illik yubileyinizdi. Bakıda bununla bağlı hansısa tədbirin, yoldaşlıq oyununun olmasını istərdinizmi? 
- Yox. Sadə insanam. Bir dəfə mənimlə işləyən sürücü jurnal tapıb gətirmişdi. Dünyanın ən yaxşı min futbolçusu sırasında adım Sokrateslə yan-yana idi. Dedi bizə niyə demirsən ki, belə tanınmış futbolçu olmusan? Cavab verdim ki, neynəyim, gedim Leninin heykəlini aşırdıb onun yerinə çıxım ki, tanınmış futbolçu olmuşam? Sağ olsun, indi stajlı azarkeşlər xatırlayır, müxtəlif şəhərlərdən azərbaycanlı futbolsevərlər zəng edirlər, əlaqə saxlayırlar.
Çox təmtəraq xoşlamıram. Yubileyimi də ailəm, övladlarım, nəvələrimlə yığışıb, bərabər keçirə bilsək, bəsimdi. 

- Siz 1967-ci ildə Türkiyədə keçirilən gənclər arasında Avropa çempionatının qalibi olmusunuz. Azərbaycan futbolunun belə titulu olan nadir yetirmələrindənsiniz. Maraqlıdır ki, ittifaq yığmasının həmin turniri qazanmasının əsas səbəbkarlarından biri də məhz siz olmusunuz. Xüsusən yarımfinalda meydan sahiblərinin qapısına vurduğunuz həlledici qolu qeyd etmək lazımdı. O turniri xatırlayırsınızmı? 
- Əlbəttə, xatırlayıram. Türkiyə ilə "İsmət İnönü"də keçirilən yarımfinalı və finalı da həmçinin. Yarımfinalda hesab 1:1 olanda oyunun son dəqiqələrində Nodiyanın ötürməsindən sonra 50 min yerli azarkeşin önündə qələbə qolunu vurdum. İngiltərə ilə final qarşılaşmasında isə mənim zərbəmdən sonra Piter Şiltonun qaytardığı top Kuznetsovun dizinə dəyib qol oldu. Və biz bu qolla 1:0 hesablı qələbə qazanıb, çempionluğu əldə etdik. Türkiyədə işləmiş Azər Cangirov bir türk qəzeti gətirdi. Orda mənə 4 ulduz verib, finalın ən yaxşı oyunçusu seçdiklərini dedi.

- "Neftçi"nin oyunlarını izləyirsinizmi? Sevimli komandanızın hazırki durumu haqda fikirləriniz? 
- "Fenerbahçe" ilə oyuna baxdım. Açığını deyim ki, heç xoşuma gəlmədi. 3 hücumçu 2 müdafiəçiyə qarşı çıxırlar və ...geriyə ötürmə edirlər. Bizim dövrdən bir foto qarşıma çıxmışdı, azarkeşlər "Çapayev" (indiki Təbriz) küçəsindəki tramvayların qapılarından sallana-sallana "Neftçi"nin oyununa gedirlər. Çünki, biz hücum futbolu oynayırdıq, daim rəqib qapısında təhlükə yaratmaq istəyirdik, bunun üçün çalışırdıq. Azarkeşlər də ona görə tribunaları doldururdular. Biz də indiki kimi futbol oynasaydıq, tribunalar boş qalardı. Belə futbol azarkeşə də, heç kimə də lazım deyil... 

- "Neftçi"nin yeni baş məşqçisi Adrian Mutunun komandadakı perspektivlərini necə görürsünüz? 
- Mutu dünyada tanınan, çox yaxşı futbolçu idi. Amma məşqçi kimi nəyə qadirdi, hansı potensiala malikdi, bunu bilmirəm. Ona görə də suala cavab verə bilməyəcəm... 

- Mediada rumıniyalı məşqçilər korpusunun bir mövsümə 700 min avro maaş alacağı yazılır. Sizcə, bu məbləğin uşaq futboluna, gənc məşqçilərin, hakimlərin və digər futbol mütəxəssislərinin yetişdirilməsinə xərclənməsi doğru olmazdımı? 
- Bizim dövrdə indiki ilə müqayisədə futbolçular qəpik-quruş alırdı. Amma "Neftçi"də Bakı üçün, Azərbaycan üçün, Vətən üçün var gücümüzlə oynayırdıq. İndi astronomik məbləğlər var, amma heç bir nəticə yoxdu. Bizim Əhməd Ələsgərov kimi cəmi 30 yaşında Sovet İttifaqı çempionatında bürünc medal qazanmış komandanı qurmuş baş məşqçimiz vardı. Müxtəlif yaşlardan ibarət yığmalarda eyni anda "Neftçi"nin 14 üzvü çıxış edirdi. Hakimlik məktəbimiz dünyada tanınırdı, Rüstəm Rəhimovla indi də tez-tez danışırıq.
Aşağı yaşlarda da olsa, futbol üzrə Avropa və dünya çempionlarımız var idi.

İndi də yetərincə tanınmış veteran futbolçularımız var. Bu qədər məbləği ruminlara, başqalarına verib yekunda heç bir qarşılığını görməməkdənsə, elə özümüzünkülərdən bundan qat-qat az maaşla faydalanmaq olar. Onlar da ən azı Azərbaycan üçün çalışarlar ki, bacardıqlarından artığını etsinlər. Məsələn Nazim Süleymanov, Vladislav Qədirov və adlarını çəkmədiyim çox sayda yaxşı futbolçu olmuş veteranlarımız var. 

- Sizin kimi "Mövsümün debütantı" seçilmiş futbolumuzun yetirməsi Vyaçeslav Lyoqki xatırlayır ki, bir zaman Bakıda da çalışmış sovet tarixinin ən ünlü məşqçilərindən biri Boris Arkadyev "Azərbaycan saysız-hesabsız futbol istedadları olan ölkədi" deyirdi. Lyoqki əlavə edirdi ki, azərbaycanlı uşaqlarda genetik səviyyədə cəldlik, çeviklik, texnika, cəsarət və başqa keyfiyyətlər var. Sadəcə, onların inkişafı və futbolçu kimi yetişməsi üçün şərait və doğru sistem lazımdı. Təəssüf ki, uzun illərdir futbolumuza böyük pullar xərclənsə də, effekti olmur... 
- Böyük pullar əks təsir də göstərə bilər. Pul olan yerdə mənəvi dəyərlər arxa plana keçir. Mən Bakıya gələndə çoxlu yeni tikilən binalar gördüm, amma həyətlərində uşaqlar üçün bir futbol meydançası da görmədim... Biz uşaq olanda paytaxtda hər məhlədə top qovmağa yer vardı. Küçə futbolu çox kütləvi yayılmışdı və sizi əmin edirəm ki, bəlkə də Bakının hər məhləsindən Sovet İttifaqı yığmasında oynayacaq uşaqlar tapıb çıxartmaq mümkün idi. Mənə görə ölkədə məhəllə futbolu, hər binanın önündə futbol meydançaları olmasa, ciddi inkişaf gözləməyə dəyməz. Binaları tikməzdən əvvəl bəlkə də memarlarla bərabər İdman Nazirliyi ilə də məsləhətləşilməlidi ki, idmanla məşğul olmaq üçün də mütləq şərait yaradılsın. Ən azı hokkeydəki kimi kənarları qapalı meydançalar yaradılsın ki, məsələn, topla kənara zərər vurmasınlar, şüşə sındırmasınlar və s.

Mən uşaq məşqçisi idim. Açığı indiki uşaqlar son dövrlər o qədər telefonlara bağlanıb ki, məşqə də ciblərində telefon çıxırlar. Buna görə məşqçiliyi bitirib, təqaüdə yollandım. Belə məsələlər də var...
Amma inanıram ki, məhəllə futbolu kütləviləşsə və əvvəlki kimi Bakının hər binasının önündə meydançalar olsa, futbola yatırılan pulların qarşılığı gec-tez mütləq görüləcək. 

Müsahibənin sonunda "Neftçi"nin əfsanəsinə 1967-ci ildə Avropa Çempionu olmuş komandasının çempionluq fotosunu verirəm. Çox sevinir. Deyir indiyəcən rastıma çıxmamışdı, istəyərdim ki, futbolçu olduğum dövrün videolarını da tapıb baxam, amma təəssüf ki, AZTV-də futbol arxivinin məhv edildiyi deyilir...

Anar Şabanoğlu

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar