"Əlimizdən gələnin ən yaxşını edəcəyik" - Adrian Mutu
“Neftçi”nin yeni baş məşqçisi Adrian Mutu Sportinfo.az-a danışıb.
Sports.az xəbər verir ki, Azərbaycan mətbuatında ilk müsahibəni bu sayta verən rumıniyalı çalışdırıcı “Neftçi”sevərləri maraqlandıran sualları cavablandırıb.
- Sizi jurnalistlərin dostu hesab edə bilərik, yoxsa mətbuatla ünsiyyəti sevmirsiniz?
- Baxır vəziyyətə və əhvalıma (gülür). Düzünü desəm, danışmaqdan çox iş görməyi sevirəm. Ancaq jurnalistləri özümə həmişə dost bilmişəm. Çünki sizin işiniz bizim gördüyümüz işin bir parçasıdır. Hamımız eyni amal uğrunda çalışırıq. Ümid edirəm ki, münasibıtimizdə problem olmayacaq.
- Təxminən bir həftədir komanda ilə birlikdəsiz. Və bu müddətdə “Neftçi”ni iki oyunda iş başında görmək imkanı qazandınız. Düşüncələriniz necədir? Kollektivi yaxından tanıya bilmisiniz?
- Bakıdan Rusiyaya yollananda məşq etmək üçün imkanımız olmamışdı. Və dərhal “Fənərbağça” ilə oynamışdıq. Rusiyada ümumilikdə üç məşqdə və iki oyunda komandanı yaxından izləmişdim. Ümumi götürsək, bu, heç nədir. İstənilən halda “Neftçi”ni güclü rəqiblərlə yoldaşlıq görüşlərində iş başında görmək mənim üçün əla imkan oldu. Vaxt ötdükcə müsbət və mənfi keyfiyyətləri görüb, bunların üzərində işləyirik və işləməkdə davam edəcəyik.
- Hazırda “Neftçi”dəki hansı problemlər sizi narahat edir?
- Bəzi məqamlar var, lakin bunu mətbuata açıqlamayaq istəmirəm. Getdiyin istənilən komandada mütləq ki, səni qane etməyən nüanslar olur. Baş məşqçinin işi onları müəyyənləşdirib, aradan qaldırmaqdır. İlk növbədə komandaya oyun fəlsəfəmi aşılamaq istəyirəm. Hər kəs nə dərəcədə böyük komanda olduğumuzu görməlidir. Bunun üçünsə daha çox çalışmalı və meydanda adımıza yaraşan futbol nümayiş etdirməliyik. Fiziki və taktiki cəhətdən görməli olduğumuz işlər var.
- Kollektivin psixoloji durumu necədir? Nəzərə alaq ki, “Neftçi” ötən mövsümü uğursuz başa vurub.
- “Neftçi” kimi komandalarda təzyiq həmişə olur. Azarkeşlər, mütəxəssislər, siz jurnalistlər daim xoş nəticələr tələb edirsiniz. Bu da normaldır. Burada söhbət ölkənin ən köklü klubundan gedir. Psixoloji vəziyyətin yüksək olmaması da anlaşılandır. Ötən mövsüm titulsuz və kuboksuz başa vurulubsa, bu mənada başqa nəsə gözləməyə dəyməz. Dünən dünəndə qaldı. Qarşıda bizi yeni mövsüm gözləyir. Hər birimiz məsuliyyəti dərk edib, növbəti oyunlara hazırlaşmalıyıq.
- “Neftçi” hücum futbolu oynayacaq?
- Az öncə dediyim kimi, “Neftçi” köklü klubdur və bu addan gözləntilər böyükdür. Hücum futbolunu sevirəm. Yəqin ki, bu məsələdə vaxtilə hücumçu olmağımın da müəyyən rolu var. Ancaq bu, o demək deyil ki, gözümüzü yumub hücuma qaçmalıyıq. Hücumla bərabər praqmatikliyi və ağıllı davranmağı da unutmamalıyıq. Mənim üçün klubun şəxsiyyəti sərgilədiyi oyundur. Oyun isə azarkeşlərin könlünü oxşamalı, bizə nəticə qazandırmalıdır.
- Yuri Matiasla müqavilə bağlanıb, Mark Tamaş da artıq Bakıdadır. Yaxın günlərdə yeni adlar gözlənilir?
- Hədəfə çatmaq üçün keyfiyyətli futbolçulara ehtiyac var. “Neftçi”nin adına uyğun oyunçular olmalıdır. Fikrimcə, yeni futbolçular olacaq.
- Bu gün neçə futbolçuya ehtiyacınız var?
- Dediyiniz kimi, iki futbolçu gəlib. Matias müqavilə bağlayıb, Tamaşın işi danışıqların son mərhələsinə çatıb. Klub rəhbərliyi ilə söhbətdə bu mövzuda fikirlərimi bildirmişəm. 3-4 futbolçuya ehtiyac var. Kimi gəldi komandaya götürməyəcəyik. Son dərəcə diqqətli olmalıyıq. Bəli, transferlərdə yanlışlıqlar olur. Elə etməliyik ki, səhvimiz olsa belə, bu, aşırı dərəcədə olmasın.
- Emil Balayevlə Filip Ozobiçin gəlişindən sonra komandada yerli futbolçuların sayı çoxalıb. Hansısa futbolçuların ayrılıq xəbəri gözləniləndir?
- İndiki mərhələdə kimisə komandadan kənarlaşdırmaq fikrində deyiləm. Çempionatda yerli oyunçulara ehtiyac duyacağıq. Kollektivdə təcrübəli və gənc azərbaycanlıların sayı kifayət qədərdir. Nəticəni düşünməklə yanaşı, gənclərin inkişafına da töhfə verməliyik.
- Azərbaycana ilk gəlişinizdə “Neftçi”nin Müşahidə Şurasının sədri Rövşən Nəcəflə görüşmüşdünüz. Maraqlıdır, rəhbərin sizdən istəyi nə oldu?
- “Neftçi”də işləyirsənsə, kiminsə nəsə deməsinə gərək yoxdur. Özün bilməlisən ki, insanlar səndən çempionluq və kubok gözləyir. Növbəti mövsümdə bu məqsədlər uğrunda mübarizə aparacağıq.
- Çempionluq və kubok. İkisi birdən, yoxsa hansısa biri?
- Yox-yox, hər ikisi. Bizi hansı təzyiqlərin gözlədiyini bilirəm. Ancaq hədəf dəyişməz qalır.
- “Qarabağ” haqqında eşitmisiniz?
- Bəli.
- Əsas rəqibinizin hegemonluğuna son qoymaq istəyirsiniz?
- “Qarabağ” təməli yaxşı qoyulmuş çox ciddi rəqibdir. Bilirəm ki, son 10 ildə qazandığı titulların sayına görə “Neftçi”ni üstələyib. Rəqiblərin güclü olması yaxşıdır. Lakin biz onların nələr etdiyinə yox, öz gördüyümüz işlərə baxmalıyıq və inkişafımızı düşünməliyik. Yekunda meydanda nələrin yaşanacağını birlikdə görəcəyik.
- Konfrans Liqasının ikinci mərhələsindəki rəqibiniz “Jelezniçar”dır. Rəqibi təhlil etmək imkanınız olub? “Neftçi”nin növbəti mərhələyə adlamaq şansını necə dəyərləndirirsiniz?
- Dediyim kimi, cəmi bir həftədir komanda ilə birlikdəyəm. Bu müddəti əsasən komandamı yaxından tanımağa həsr etmişəm. Qarşıda bir neçə gün vaxtımız var. Mərhələ adlamaq üçün əlimizdən gələnin ən yaxşını edəcəyik. Ümid edirəm ki, Bosniya və Hersoqovinadan yaxşı nəticə ilə qayıdacağıq.a