“Bayer” daha çox Bundesliqaya köklənib” - Burak Kaplanla eksklüziv müsahibə
Burak Kaplan ad-soyadını futbol həvəskarları yaxşı xatırlayır. 2000-lərin ən istedadlı türk futbolçularından biri, 19 yaşında "Bayer Leverkuzen"in heyətində Bundesliqada debüt edən, daha sonra "Beşiktaş" forması geyən, Türkiyə millisinin gələcək ulduzu gözü ilə baxılan meqaistedad.
Sports.az saytının baş redaktoru Anar Şabanoğlu "Bayer" - "Qarabağ" matçından öncə leverkuzenlilərin veteranı ilə onun doğulub boya-başa çatdığı Kölndə görüşüb.
ETOPAZ-ın həmişəki kimi mükəmməl təşkilatçılığı ilə baş tutan Almaniya səfərinə heç şübhəsiz bu eksklüziv müsahibə rəng qatacaq.
- "Bayer"də və "Beşiktaş"da oynamış bir futbolçu kimi Azərbaycanda sizi tanıyan azarkeşlər az deyil. Bəs siz "Qarabağ"ı tanıyırsınız?
- Futbolu izləyən insanam. Marağım da çoxdu. Təbii ki, azərbaycanlı qardaşlarımı izləyirəm. İstər "Neftçi" olsun, istərsə də "Qarabağ". Məlumatım var. "Qarabağ" çox yaxşı komandadı. Avropa Liqasında 1/16 finala gəlmək "her babayiğitin harcı degil" (təxminən "hər oğulun işi deyil" kimi bir deyim olduğunu düşünürəm). Sabah (müsahibə dünən alınıb) mən də stadionda olacam. Keçmiş klunumla "Qarabağ"ın oyununu yaxından izləyəcəm. İnşallah, Allah izn verərsə, azərbaycanlı qardaşlarım turu keçər.
Rəqib də asan deyil, bu an Avropa N1-di. Çətin səfər olacaq. Amma istənilən halda, inşallah, "Qarabağ" turu keçər deyirəm.
- Futbolçu karyeranda Azərbaycandan heç təkliflər oldumu?
- Oldu. "Beşiktaş"dan sonra "Neftçi"yə dəvət etdilər. Amma Almaniyaya döndüm.
- "Qarabağ"ın hansı oyunlarını izləmisən?
- "Bayer"lə son qarşılaşmadan öncə "Braqa" ilə oyuna baxmışam. "Qarabağ" çox yaxşı futbol oynayır. Sürətli, cəld, öndə iki-üç çox səviyyəli oyunçuları var. Texniki potensialları yüksəkdi. Qurban hoca da 10 ildir komandayla Avropada uğurlu çıxış edirsə, demək ki, çox yaxşı baş məşqçidi.
- Səncə, "Qarabağ" Bundesliqada oynaya bilər?
- Əlbəttə, oynayar. Amma "Bayern Münhen" olduğu müddətdə çempion ola bilməz.
- "Neftçi"nin təklifindən imtina etdin, bəs Türkiyədə niyə qalmadın?
- İllərdir Türkiyə futbolu heç irəliləmir. Mən Almaniyada doğuldum, böyüdüm. Bu ölkədə altyapıya çox böyük önəm verilir. Amma Türkiyədə bu yoxdu. Türkiyə futbolunda transfer siyasəti tam yanlış qurulub. Mın U 16-dan U 21-ə kimi bütün millilərdə oynadım. A millidə oynamaq isə zədələrə görə qismət olmadı. Baxın, Edin Dzekonun 38 yaşı var. Onun ilinə 5 milyon avro verirlər. Türkiyənin heç altyapısı yoxdumu? Heç gənc futbolçu yetişmirmi? Məsələn, "Beşiktaş"da çıxış edən Semih Kılıçsoyun 18 yaşı var. Adam "çatır-çutur" (tum kimi çırtlamaq anlamında) futbol oynayır. Türkiyədə nə qədər istedadlı, hər şeyin ən yaxşısını haqq edən gənc futbolçular var. Amma "torpil yok diye, çıkarmıyorlar, abi" (anladığım qədərilə dayday yoxdu deyə önə çıxa bilmirlər demək). Türkiyə futbolunun sıxıntısı budu. Karyerasının sonuna gəlmiş, futbola doymuş, futboldan soyumuş birinə 5-6 milyon verirlər. O da gəlir 2 ay oynayır, 5 ay zədəli olur. Türkiyədə bu zehniyyət var. Altyapıda 5 futbolçu yetişdir, biri "partlasın" bu yenə çox yaxşıdı.
- Arda Gülər yetişdi...
- Məncə, o ən gözəlini etdi. Açıq deyim, "Real"da özünü göstərməsi bir az çətindi. Ardanın oyununu çox bəyənirəm. Mənim kimi solaxay "10 nömrə"di. Çox yaxşı futbolçudu. Sadəcə, fiziki cəhətdən özünü gücləndirməsi lazımdı. Gəncdi, hələ 19 yaşı var. Madrid "Real"ının ən praym dönəminə, dünyanın ən yaxşı takımına gedib. Sən orda heyətə düşə də, düşməyə də bilərsən. Düşsən belə ehtiyatda qala və ya 10-15 dəqiqə şans qazanarsan. Amma özünü daim inkişaf etdirməlisən ki, o şans düşəndə istifadə edə biləsən.
- Almaniya futbolunun yetirməsisən. Bir azərbaycanlı olaraq mənə çox maraqlıdı ki, bu ölkədə futbolçu necə yetişir? Bu proses necə keçir?
- Mən 4 yaşında futbola getmişəm. Doğulduğum Kölndə, çox kiçik bir komandada başlamışam. Amma bizim oyunları "Bayer"in skautları izləməyə gəlirdi. Beləcə, 5 yaşında Leverkuzen "Bayer"inə transfer oldum. Bundan sonra 17 ilimi bu klubda keçirdim. Almaniya futbolunu Türkiyə və ya başqa ölkəylə müqayisə edə bilmərəm. Çünki, hər şeyi çox kiçik yaşdan öyrətməyə başlayırlar.
- Məsələn nəyi? Məşqçi 5 yaşında uşağa nə öyrədə bilər?
- Əlbəttə, 5 yaşlı cocuğa çox şey öyrədə bilməzsən. Amma məsələn nə öyrədirlər? Topu necə alacağını, harda dayanacağını və s. Mental olaraq uşağı bir neçə il öncəyə hazırlayırlar. Məsələn, sənə ötürmə verir, sən topu önünə yanlış alırsan, deyir dayan. Sənə göstərir, çox böyük səbrlə, təmkinlə, dəqiqliyilə izah edir ki, topu necə düz saxlamalısan və s. Almanların zehniyyəti budu. Futbolda ən çox önəm verdikləri şey altyapıdı. Məsələn, vurduğu qolla "Qarabağ"la Bakıdakı oyunun gedişatını dəyişən Florian Virtz var. "Köln"ün və "Bayer"in yetirməsidi, 20 yaşındadı. Mənə görə Camal Musiala ilə bərabər hazırda Almaniyanın ən potensiallı futbolçusudu. Həmin Musiala 17 yaşından "Bayern Münhen" kimi komandada əsas heyətdə oynayır. Təsadüfdü? Deyil!
- Karyeranı çox tez bitirdin...
- Hə, 27 yaşında... Zədələrə görə... Çarpaz bağlarım qopdu, 3 dəfə dizimdən əməliyyat olundum. Bilirsiz, həm də "10 nömrə"lər bir az tənbəldi. George Hacı, Sərgən Yalçın, Tümər Metin və s. Müdafiəyə kömək etməyi də çox sevməzdilər. Yusuf Şimşək yeriyə-yeriyə oyunçu keçir...
- Futbolçu karyerandan sonrakı dövr haqda danışardın...
- Karyeram bitən kimi, "Bayer"in altyapısında işləməyə təklif aldım. İlk öncə aşağılardan başlamalısan, öyrənməlisən, pillə-pillə qalxmalısan. Mən "Bayer"in akademiyasından təklif alanda karyeramı yeni bitirmişdim. Düşündüm ki, bir az futboldan dincəlməliyəm. Bu dəvəti qəbul etmədim.
- İndi futbol aləmindən kimlərləsə əlaqələrin qalır?
- Qalır. Məsələn, Necip Uysal və Cenk Tosunla. Necip mənim qardaşımdı. Cenklə uşaqlıqdan tanışıq. O Frankfurtdan gəlmədi. İllərdir münasibətimiz var. Əsasən, İstanbulda olanda görüşürük. Yeməyə gedirik. Bilet verirlər stadiondan oyunlara baxıram.
- Və son sual. Səncə, sabahkı oyunda "Qarabağ"ın mərhələ keçməyə şansı var?
- Azərbaycanlılar bizim qardaşımız, canımız, ciyərimizdi. Bu futboldu. Futbolda hər şey olur. Almaniya kubokunda üçüncü liqa komandası Bundesliqanın ad-sanlı təmsilçiləri "Bayern Münhen"i, "Ayntraxt"ı, "Borussiya"nı turnirdən kənarlaşdırıb yarımfinala yüksəldi. Söhbət, "Saarbrüken"dən gedir.
Avrokubokların indiki mərhələsi də kubok kimidi. Bir oyunda hər şey ola bilər. "Bayer" indi Avropanın 1 nömrəli komandasıdı. Xabi Alonso müthiş işlər görür. Takım "10 numara" top oynayır, fantastik məğlubiyyətsizlik seriyası yaxalayıb. Amma görürsünüz Bakıda 0:2 geridə idi və orda hər şey ola bilərdi. "Bayer" mənim keçmiş klubumdu. Amma açıq deyim, onlar daha çox çempionata köklənib. Çünki, tarixlərində heç vaxt Bundesliqa çempionu olmayıblar. İnşallah, mənim azərbaycanlı qardaşlarım turu keçər.
Anar Şabanoğlu, Köln
ETOPAZ-ın dəstəyilə hazırlanıb