Qurban Qurbanovun yeyilən haqqı...

AFFA-nın keçmiş rəhbərliyinin dövründə yuxarılarla münasibətləri əsasən Elşad Nəsirovun qurduğu deyilirdi. Elxan Məmmədov ona məlumatları özünə sərf edən formada çatdırır, o da "yuxarı" ötürürdü. Bilmirəm nə dərəcədə doğru, ya səhvdi, amma onların camiəsinin təbliğatı belə idi. Hər mənfi işlərini "yuxarı belə istəyib" bəbanəsi ilə ört-basdır edirdilər...

Qurban Qurbanovun da millidə ayağının altını beləcə qazdılar. Altı illik müqaviləsinin heç 2 ilini işləməyə imkan vermədilər. Əvəzində lazımsız əcnəbi baş məşqçilərə uzun illər güvəndilər, ölkənin milyonlarını dağıtdılar... Halbuki, Qurbanov elə bir plan qurmuşdu ki, indi bəlkə də, milli komandamız Avropa və dünya çempionatının final mərhələsinə yüksəlmişdi. Qonşu Gürcüstan da həmin dövr belə bir proqrama start verdi. Amma orda onlara mane olan yox idi. Nəticə ortadadı - iki ay sonra Almaniyadakı AÇ-də hamımız qonşu ölkənin millisinə azarkeşlik edəcəyik. 

Aprelin 2-si AFFA-da rəhbərlik dəyişikliyi olacaq. Bundan sonra xalqımız federasiyada nəhayət doğru işlər görüləcəyini, futbolumuzun inkişafı üçün gecikən addımların atılacağını gözləyir.
Amma xalq saydığını saysın, AFFA-da oturanlar da çirkli pulları... Federasiyada xeyli yeni simanın olması sevindirici haldı. Hələ 5 il öncə Azərbaycan futboluna Balakişi Qasımov kimi zəki, uğurlu, vətənpərvər şəxsiyyətin rəhbəlik etməyini arzuladığımı yazmışam.

Sərxan Hacıyevin AFFA baş katibi olduğu dönəmdə kifayət qədər yaxşı işlədiyini, mütərəqqi düşüncəli əla kadr olduğunu etiraf etməliyik. Qurban Qurbanovun "Qarabağ"da etdiyi bəlli. Ən azı bu trio yeni AFFA rəhbərliyinin beyin mərkəzi olsa və onlara imkan verilsə, kifayət qədər uğurlu fəaliyyət göstərəcəklərinə əminəm.

Dünən "Qarabağ"la baş məşqçi kimi 10-cu dəfə ölkə çempionu olan Qurban Qurbanova "Kəpəz"lə oyundan sonra sual verdim ki, hamı sizin millini çalışdıracağını gözləyir, amma siz AFFA İK-ə namizədsiniz. Millinin baş məşqçisi olmaq üçün təklif almısınızmı və belə bir təklif olsa, qəbul edərsinizmi?
Qurban hocanın həmişəki diplomatlığı ilə verdiyi cavabdan hiss etdim ki, milli komandanın baş məşqçisi olmaq istəyir. Sözsüz haqqıdı! Amma bu posta dəvət yoxdu, yəqin ki, yenə əcnəbi gətiriləcək... Əvəzində böyük ehtimalla öz könlündən də keçməyən AFFA İcraiyyə Komitəsini  üzvlüyünə dəvət var. Bu dəvətə də bəlkə yeni rəhbərliyə olan hörmətinə görə "yox" deməyə üzü gəlməyib...

"Mənim missiyam, qarşıma qoyduğum məqsəd məşqçi kimi davam etməkdir". Bunu Qurban Qurbanov dünən mətbuat konfransında dedi. Dolayəsı ilə AFFA-da və ya başqa yerdə, hansısa rəhbər vəzifədə işləmək, məmur olmaq istəmədiyini bildirdi.

Çox da soğru düşüncədi. Onun haqqı millinin baş məşqçisi kimi Azərbaycan futbolu üçün bacarığını tam ortaya qoymaq, ölkə futbolunun beynəlxalq arenada siması olan komandanı rəzalətdən qurtarmaqdı...

...Yuxarılarla əlaqələndirici Elşad Nəsirov AFFA-nın yeni rəhbərliyində də təmsil olunacaq. Qurban Qurbanovun milliyə yaramamasına, mütləq legioner baş məşqçi gətirilməsinin vacibliyinə də bəlkə də o inandırıb yuxarıları...

AFFA-nın yeni rəhbərliyinin ilk addımının səhv olmaması, kütləvi tənqidə tuş gəlməmələri üçün nə qədər gec deyil, bu seçimi tələm-tələsik yaradılan İşçi Qrupunun rəhbəri Elşad Nəsirovun istəyilə etməmək və hazırda milli komandamız üçün Qurban Qurbanovdan layiqli mütəxəssis tapılmayacağını anlamaq lazımdı!

AFFA hansısa klub deyil ki, xalq hər haqsızlığa göz yumsun!

Azərbaycan futbolunun tarixini yazan adamın haqqını bu qədər yemək olmaz!

İnanaq ki, AFFA rəhbərliyi ilk qərarı ilə xalqımızı, dünya azərbaycanlıları sevindirəcək və uğurlu, uzun bir yola doğru addımla başlayacaq!

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar