Tarixi heç-heçənin 25 illiyinə və ya daha bir tarix yazmaq üçün!

1999-cu il, sentyabrın 4-ü... 
Bir gün öncə ilk yarıdan sonra projektorlar söndüyü üçün davam edilməyən Avropa Çempionatının Azərbaycan - Portuqaliya seçmə oyunu iki nəfərin həyatında böyük iz buraxdı.


O zaman Milan "İnter"inin şərəfini qoruyan Paulu Souzanın yanından ildırım sürəti ilə keçib "Barselona"dakı çıxışı ilə tanınan qapıçı Vitor Bayanın ayaqları arasından vurduğu topla komandamıza 1:1 hesablı heç-heçə gətirən Zaur Tağızadənin və bu qolu köhnə "Zenit" fotoaparatı ilə çəkib, daha sonra "Futbol+" qəzeti üçün aldığım çox geniş müsahibədə qolun müəllifinə ömürlük "yapışan" "Qızıl oğlan" ləqəbini verən mənim.

İndiyəcən bu qolu və ləqəbi mənə xatırladırlar. Hətta, bir qədər öncə PFL-in "Milli Mətbuat Günü" münasibətilə təşkil etdiyi viktorinada bununla bağlı sual da vardı və ...bizim komanda tapa bilməmişdi. Dəyərli həmkarım, həmin intellektual yarışmanın aparıcısı Tural Dadaşov bununla bağlı zarafat da etdi ki, öz verdiyi ləqəbə aid sualı tapa bilmədi.

Zaurla mənim yaddaşımda bu heç-heçə sözsüz əbədi iz buraxıb. Amma həmin dövrdə Portuqaliyadan xal almaq bizim milli üçün fantastik görünürdü. Təəssüf ku, elə indi də dəyişən bir şey yoxdu...

Yəni, bu, Azərbaycan futbol tarixində bəlkə də ən dəyərli heç-heçə, millinin tarixində isə ən unudulmaz oyunlardan biri idi.

Amma nədənsə bu tarixi matç 25 illiyində heç xatırlanmadı. Ya bəlkə mənim diqqətimdən qaçıb. 

Millinin İsveçrə üzərində ilk qələbəsinin 28 illiyi ötən həftə daha çox xatırlandı. Normaldı. Həyat davam edir.

Elə bu gün də millimiz növbəti yeni səhifə açacaq. UEFA Millətlər Liqasında ilk turda İsveçlə qarşılaşacağıq. Kriştianu Ronaldunun sabiq baş məşqçisi Fernadu Santuş bu gün milli komandamızın sükanı arxasında debüt edəcək. 

Ötən il heç bir əhəmiyyət kəsb etməyən oyunda bu komandanı 3:0 udmuşuq. Amma o matçda skandinavlara xal lazım deyildi. İsveçin əsl gücünü bu gün görəcəyik. Rəqib həqiqətən çox güclüdü.

Amma nə olur-olsun, milli komandamıza sona qədər dəstək verməliyik. Yuxarıda qeyd etdiyim kimi illər öncə təxminən eyni günlərdə millimiz iki çox uğurlu oyun keçirib. İndi niyə olmasın?! 

Fernandu Santuş iki-üç istisna xaric milliyə legioner və ya Azərbaycana bağlılığı olmayan oyunçular çağırmayıb. Bu artıq bir müsbət, sevindirici məqamdı. Həm də azərbaycanlı futbolçuların daha güclü rəqiblə necə döyüşəcəklərini görməyimiz üçün şansdı.

Rəqibin oyunçuları İngiltərə Premyer Liqası, La Liqa, Seriya A, Bundesliqa, Liqa 1 kimi dünyanın aparıcı çempionatlarında çıxış edir. Onlardan bəzilərini dünya futbolunun ulduzları da adlandırmaq olar.

Amma top yumru, meydan düzdü. Milli matçlarda əsas məsələ ruhdu. Biz 25 il əvvəl Portuqaliyanı şoka salanda onların heyətində Fiqu, Ruy Koşta, Fernandu Koutu və başqa daha parlaq ulduzlar vardı. Sadəcə, mərhum baş məşqçimiz Əhməd Ələsgərov Azərbaycanın yüksək liqasında da yox, birinci dəstəsində çıxış edən MOİK-in üzvləri Zaur Tağızadə, Ədahim Niftəliyev və başqa ayda 300-500 manat qazanan futbolçulardan milyoner ulduzların komandasını son saniyələrəcən məğlub durumda saxlayan döyüşkən kollektiv formalaşdıra bilmişdi. Fernandu Santuş bunu bacaracaqmı? Futbolçularımızda 25 il əvvəlki sələfləri kimi milli ruh, xarakter, döyüşkənlik varmı?

Bu axşam saat 20.00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq oyunda bütün suallara aydınlıq gələcək.

Komandamız üçün azarkeş dəstəyi də çox vacibdi. O vaxt böyük hesablarla uduzsaq da, milli oynayanda həmin "Tofiq Bəhramovda" boş yer tapmaq mümkün deyildi. O zaman stadionun tutumu da daha çox idi, pilləkənlərdə belə boş yer tapa bilməzdiniz.

Millidən nəticə istəyən azarkeşlər mütləq tribunadan komandamıza dəstək olmalıdı.

Uğurlar, Azərbaycan!

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar