"Turan Tovuz"un yeyilən haqqı...

Ermənistanla sərhəddə yerləşən Tovuz mənəvi ağırlığı olan rayondu. Qarabağ zəfərinin təməli də burda qoyulub. Azərbaycana bu tarixi canları bahasına yaşadan igidlər Tovuz şəhər stadionunda bambaşqa ehtiramla yad edilir. Stadionun girişində qəhrəmanlarımızın şərəfinə qoyulmuş lövhəni görəndə adam idmanı da, futbolu da, hər şeyi də unudur.

Hər oyunun 44-cü dəqiqəsində bu stadiona toplaşan hamı bir nəfər kimi ayağa qalxıb alqışlarla və bütün stadionlarda səslənən şüarla Vətən uğrunda canından keçmiş Azərbaycan övladlarına sayğılarını ifadə edir. Xüsusi vurğulayım ki, diigər arenalarda heç kim ayağa durmur. Tovuzlulardan götürüləcək gözəl nümunədi. 

Təbiəti ilə görənləri məftun edən Tovuz həm də futbolsuz Azərbaycanın nadir futbol rayonlarındandı. 

"Turan Tovuz" Futbol Klubunun da mənəvi ağırlığı var. Tarixdə ilk dəfə müstəqil Azərbaycanı Avropa kuboklarında təmsil edib, ölkə futboluna neçə-neçə istedadlar bəxş edib. Klubun adı da əzəmətlidi və avrokuboklara yüksəlsə, yalnız Tovuzda və Azərbaycanda deyil bütün dünyada seviləcəyi şübhəsizdi. 

Amma nədənsə futbol başbilənlərimiz sanki əyalət klubunun bu uğuru qazanmasını istəmir. "Turan Tovuz"un heyətinə baxsaq, bu iddiaya düşmələri bir qədər avantüraya bənzəyir. Amma faktiki komanda mövsümə çox yaxşı başlayıb, inamlı çıxışı ilə xoş sürpriz edib.

Futbolsevərlər üçün xoş olan bu sürpriz deyəsən futbol mafiyasının xoşuna gəlməyib. Aydın məsələdi ki, "Turan Tovuz" bu imkanlarla, heyətlə çempion olası deyil. Komandanın avrokuboklara düşməsi belə əsl möcüzə olar. Amma uğurlu start azarkeşlərdə sevimli klublarına daha böyük inam, futbolçularda başından yuxarı tullanacaqlarına ümid yaradıb. 

Bu isə kimlərinsə planını pozur. Görünür "Turan Tovuz"un avrokuboklara yüksəlməsi həmin gözəgörünməz qüvvələrin öncədən cızdığı planlara aid deyil. Təkrarlayım ki, uğurlu starta baxmayaraq, bu heyətlə tovuzluların avrokuboklara yüksəlməsi əsl möcüzə olar. Amma belə anlaşılır ki, Azərbaycan futbolunun qəsdinə durmuş mafiya planlarının pozulacağına təhlükə görür və necə deyərlər bəri başdan hər şeyi beşikdə məhv etmək istəyir.

"Turan Tovuz" - "Araz Naxçıvan" oyununa da xain planın tərkib hissəsi kimi baxmaq olar. 
Meydan sahibləri matça yaxşı başladı. Komanda hücum edir, qol epizodları yaradırdı, necə deyərlər qol yetişirdi. Bu məqamda hakimlər səhnəyə çıxdı. Roderik Millerə qarşı kobudluq "Turan Tovuz"un liderinin zədələnib meydanı tərk etməsi ilə nəticələndi. Amma baş hakim Elçin Məsiyev sarı vərəqə ilə kifayətləndi, VAR isə bu qərarı doğru saydı. Belə bir epizod avrokuboklarda, Avropa və ya dünya çempionatının final mərhələsində olsa, birmənalı olaraq qırmızı vərəqə göstərilərdi. Amma bura Azərbaycan çempionatıdı...

Ötən tur son saniyələrdə qələbə qolu qeydə alınmayan tovuzlular Tovuzdakı matçda bu epizoddan sonra ruhdan düşdü. Komandalarına qarşı davamlı hakim ədalətsizliyi, oyunun idarəçiliyi birbaşa futbolçuların psixologiyasına təsir edir. Məsiyev oyunboyu tempi salmağa çalışdı, bütün xırda follarda, mübahisəli epizodlarda qonaqların xeyrinə qərar verdi. Sadə azarkeş bəlkə bunu görmür. Amma futbolçular dərhal hiss edir. "Turan Tovuz"un potensialı da "Qarabağ" kimi yüksək deyil ki, həm rəqibə, həm də hakimlərə qalib gəlsin. Əslində, "Araz Naxçıvan"da ustalıq baxımından daha keyfiyyətli heyət var və normalda hakim köməyi olmadan da "Turan Tovuz"u udmalıdılar. Amma və lakin...

19-cu dəqiqədə meydandan qovulmalı olan Ramon Maçado Roderik Milleri zədələyib meydandan kənarlaşdırmaqla "bozqurdlar"ın müdafiəsinə çox böyük zərbə vurandan sonra özü də qol vurdu. Halbuki, braziliyalı çoxdan meydandan kənarlaşdırılmalı idi...

Yəqin ki, yenə deyəcəklər ki, bu doğru qərar idi, Maçado bilərkədən qaydanı pozmadı və s. Yaxşı, onda niyə bütün mübahisəli epizodlarda "Turan Tovuz"a qarşı qərar verilir?! Və bu, artıq bir oyunda olan təsadüf deyil, davamlıdı! Çempionatın sonunda bu xallar əyalət təmsilçisinin hansısa bir ciddi nəticə göstəməsinə mane olacaqsa, tovuzluların yeyilən haqqını kim verəcək?!

Tovuzun mənəvi ağırlıqlı şəhər, "Turan Tovuz"un mənəvi ağırlıqlı klub olduğunu demişdim. Vətən müharibəsində könüllü şəkildə od-alovun içinə yollanan Ehtiram Quliyev kluba sahib çıxanda bunu bilirdi. O dövrdə Quliyevin etdiklərinin 1 faizini etməyən Turan düşmənləri indi birləşib "bozqurdlar"a badalaq vurur...

Bəlkə də heç Ehtiram Quliyevin yaxın gələcəkdə avrokubok məqsədi yoxdu. O, qlobal düşüncəli, vicdanlı insandı. İlk hədəfi futbolçu konveyeri olan Tovuzda istedadlı uşaqlara sahib çıxmaq, müasir akademiya yaratmaq, yeri gələndə canını təhlükəyə atdığı ölkəsinə bu sahədə də fayda verməkdi. Qoy futbolumuzun inkişafına dövlət büdcəsindən ayrılan yüzmiyonları göyə sovurmuş dələduz çetesi pisliklərinə, bu məqsəd üçün öz vəsaitini xərcləyən tək-tük şəxsiyyətlərdən biri Ehtiram bəy də yaxşılıqlarına davam etməkdə olsun...

Allah hər şeyi görür!

Anar Şabanoğlu, Tovuzdan

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar