"Sanki, Azərbaycan futbolunu İlqar Qurbanov bu günə qoyub..." - Elvin Məmmədov

Elvin Məmmədov iki ildir məşqçiliyə başlayıb. O, "Səbail" Futbol Klubunun akademiyasında əvvəl 15, indi isə 19 yaşlılarla çalışır. 

Milli komandamızın keçmiş üzvü Sports.az saytına müsahibədə futbol gündəmində olan məsələlərə münasibət bildirib.

- AFFA rəhbərliyi futbolun inkişafı üçün yeni strategiya hazırlayır. Azərbaycan futbolunun inkişafı üçün ilk növbədə hansı addımlar atılmalıdı?

- Bu barədə uzun-uzadı danışmaq olar. Mütləq yeni stadionlar, meydançalar lazımdı. Mütəxəssislər yetişdirilməlidi. Hər bölgədə şərait yaradılmalıdı. İlk öncə bunlar vacibdi.

- Milli bütün oyunları uduzub. Santuş hələ ki, ümidləri doğrultmur...

- İstənilən halda, milli komandamıza həmişə dəstək olmalıyıq. Santuş çox təcrubəli məşqçidi. İnaniram ki, millimizə köməyi dəyəcək.

- Millinin uğursuzluğunun ilk səbəbi uşaq futboludu. Bu sahədə çalışan mütəxəssis kimi şəxsən öz inkişafın üçün nə edirsən?

- Bəli, bu işlər hamısı  bir-birinə zəncirvari bağlıdı. Məşqiçilik tam fərqli sferadı. Daim öyrənməlisən. Mən də hələ ki, yeniyəm,  öyrənməyə, daim üzərimdə işləməyə çalışıram. Sağ olsun "Səbail"in rəhbərliyi Moskva MOİK-ində təcrübə keçməyə şərait yaratdılar. Vladimir Fedotovun dövründə bir həftə Antalyada təlim-məşq toplanışlarında oldum. Bizim korifey futbolçumuz Dmitri Kramarenko da orda idi. Qeydlər apardım. Mənim üçün çox faydalı təcrübə oldu. 

- Tovuzun yetişdirdiyi ən yaxşı futbolçulardan biri kimi doğma rayonda uşaq futboluna fayda vermək, orda çalışmaq istəmirsən?

- Bunu zaman göstərər. Amma "Səbail"də olanlar da azərbaycanlılarımızdı. Karyeram ərzində topladığım bilikləri onlarla bölüşməyə çalışıram.

- Ümumiyyətlə, hazırda Tovuzla əlaqən qalır? Orda futbolun indiki durumu haqda nə deyə bilərsən?

- Əlbəttə, maraqlanıram. Əzizlərim, yaxınlarım ordadı. Nə yaxşı ki, Ehtiram Quliyev gəldi. Tovuz futboluna, ümumilikdə Azərbaycan futboluna çox böyük dəstəkdi. Tovuzlulardan xahişim odur ki, kluba, rəhbərliyə dəstək versinlər. Səbrli olsunlar. Əgər Tovuzda akademiya və uşaq futbolu üçün normal şərait yaradılsa, yaxşı futbolçular çıxacaq, bunun da Azərbaycan futboluna çox xeyri dəyəcək.

- A milli komandamızın direktoru İlqar Qurbanovun İTV-dəki çıxışı gündəm olub. Kənardan elə təəssürat yaranır ki, ona qarşı kampaniya başladılıb... Bu haqda sənin də fikrin maraqlıdı.

- İlqarın dedikləri çox şişirdilir və yersiz danışılır. Anlamıram, nə qəbahət edib? O, elə insandır ki, əgər bir sözü deyibsə, arxasında arqumenti var. Əgər kiməsə maraqlıdırsa, həmin adamlar onunla şəxsən danışıb cavab ala bilər. Sanki, Azərbaycan futbolunu İlqar Qurbanov bu günə qoyub... Onun danışığında sırf azərbaycanlı futbolçulara dəstəkdən başqa bir şey yoxdu. 

- Sən özün də millidə oynamısan, həmin dövrlərdə İlqar dediyi hallarla rastlaşmısan?

- Bizim vaxtımızda milliləşdirilmiş futbolçular yox idi ki?! Siz məndən də yaxşı bilirsiniz kimlər gəlib, kimlər gedib.

- Legionerlərin milli komandaya cəlb edilməsi əvvəldən perspektiv vəd etmirdi və gözlənildiyi kimi də oldu, heç bir nəticə qazana bilmədik. Bəs bilə-bilə bunu etməkdə məqsəd nə idi? Sanki, milli komandadan şəxsi biznes obyekti kimi istifadə etdilər...


- Zamani geri qaytara bilmərik... İndi futbolun içində olan hər kəs əlini daşın altına qoymalı, Azərbaycan futboluna dəstək verməlidi. 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar