Muxtar Respublikanın 100 illik yubileyinə həsr olunmuş turnir başa çatıb
Dövlət qurumlarının əməkdaşları arasında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş futzal turniri başa çatıb.
Sports.az xəbər verir ki, ötən gün 3-cü yer uğrunda və final matçları keçirilib.
Əvvəlcə bürünc medalçının adına aydınlıq gətirilib. Ədliyyə və Daxili İşlər nazirliklərinin komandalarının görüşündə 4 qol vurulub. Qələbəni isə DİN qazanıb. Həlledici matçda Maliyyə və Kənd Təsərrüfatları nazirliklərinin əməkdaşlarından ibarət kollektivlər üz-üzə gəlib. Gərgin keçən matçda maliyyəçilər 7:4 hesabı ilə üstün olub.
Final matçından sonra turniri ilk üçlükdə tamamlayan komandalar, fərqlənən oyunçular, məşqçi və hakimlər mükafatlandırılıblar. Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov, Azərbaycan Futzal Federasiyasının (AFF), eyni zamanda Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov, maliyyə naziri Həsən İsmayılov, Kənd təsərrüfatı naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Xəyalə Dadaşova, Nazirlər Kabinetinin məsul şəxsi Həsən Kərimov və NFF-nin baş katibi Raqif Abbasov təqdim ediblər.
Xatırladaq ki, turnirin təşkilatçısı Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Futzal Federasiyası və Naxçıvan Futbol Federasiyası olub. Turnirdə 17 qurumun komandası iştirak edib.