“Nəticəyə görə heyfsilənirik”
Qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Avropa çempionatının pley-off mərhələsi çərçivəsində Vizelada Portuqaliya yığması ilə keçirilən oyundan (0:4) sonra fikirlərini bildirib.
Sports.az həmin fikirlərlə sizi də tanış edir:
“Oyunun çətin keçəcəyini bilirdik. Çünki rəqib çox keyfiyyətli komanda idi. Üstəlik, öz meydanlarında çıxış edirdilər. Biz isə Bakıdakı görüşdən sonra səhvlərimizin üzərində çalışmışdıq. Budəfəki matça yüksək səviyyədə hazırlaşmışdıq. İlk dəqiqələri yaxşı keçirdik. Lakin Portuqaliya kimi komandalar səhvdən maksimum yararlanmağı bacarırlar. Rəqibin təzyiqi altında istədiyimiz oyunu davam etdirə bilmədik. Peritan Bozdağın 71-ci dəqiqədə qırmızı vərəqə alması da komandamıza mənfi təsir etdi. Ondan sonra futbolçularımız daha çox qaçmaq məcburiyyətində qaldılar. Belədə səhvlər qaçılmaz olur.
Portuqaliya yığmasının üçüncü qolu vurduğu epizodda hakim olmayan penaltini göstərdi. Belə penaltini necə vermək olar? 3 qol buraxdıqdan sonra komandada istər-istəməz eniş yaranır. Düzdür, Portuqaliya ilk matçda da 4 qol vurmuşdu. Evdə heç olmasa qol vurmuşduq. Təəssüf ki, cavab görüşündə bunu reallaşdıra bilmədik. Nəticəyə görə heyfsilənirik.
Bundan sonra önümüzə baxmalıyıq. Portuqaliya ilə oyunlar komandamıza böyük təcrübə qatdı. C liqasındakı matçlarda maksimum gücümüzü ortaya qoyacağıq ki, yenidən B liqasına qayıdaq. Getdikcə daha təcrübəli komanda olacağıq”.
Qeyd edək ki, Bakıda keçirilən ilk matçda Portuqaliya yığması 4:1 hesablı qələbə qazanmışdı.