“Fəxr edirik ki, tarixi torpaqlarımızda belə matç təşkil edə bildik” – PFL prezidenti
2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları qəzaya düşüb. Qurumun avtomobili Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov və bir neçə əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
PFL rəhbəri Elxan Səmədov "Report"un suallarını cavablandırıb. O, ötən il baş vermiş qəzadan danışıb və bir sıra məsələlərə toxunub.
- Uzunmüddətli fasilədən sonra artıq iş başındasınız. Səhhətiniz necədir?
- İlk olaraq "Report" İnformasiya Agentliyini 10 illik yubileyi münasibəti ilə təbrik edirəm. Sizin peşəkar kollektivinizə uğurlar arzulayıram. Qəza ilə bağlı nə demək olar? Ağır qəza idi. Xəsarət almışdıq. Amma Allaha şükürlər olsun ki, yavaş-yavaş düzəlirik. Bərpa kursu keçirik. İnşallah, gələcəkdə daha da yaxşı olacaq.
- Ötən ilin dekabrında Xankəndiyə gedən yolda qəzaya düşdünüz. Həmin günü necə xatırlayırsınız?
- Bildiyiniz kimi, Xankəndidə tədbirimiz oldu. Azərbaycan Kubokunda "Qarabağ" - MOİK matçına hazırlaşırdıq. Bununla məşğul idik. İşlərimiz çox idi. Bu səbəbdən qərara gəldik ki, Bakıdan gecə yola çıxaq. Hamımız yolda yatmışdıq, qəza anında oyandıq. Həmin anları çox xatırlamaq, bu barədə danışmaq istəmirəm. Həqiqətən çox ağır qəza idi.
- Hadisədən beş gün sonra Xankəndidə tarixi oyun gerçəkləşdi. Həmin matçı izləyə bildinizmi? Hansı hissləri keçirirdiniz?
- Əlbəttə, izləmişik. Xəstəxanada olsaq da, televiziya vasitəsi ilə qarşılaşmaya baxırdıq. Fəxr edirik ki, tarixi torpaqlarımızda belə matç təşkil edə bildik və bu, bizdə alındı. Şükürlər olsun ki, qarşılaşma da yaxşı keçdi, təşkilatı məsələlər istənilən səviyyədə oldu. PFL kollektivi çox sağ olsun, yaxşı işlədilər və bizə dəstək olan hər kəsə minnətdarıq. Həmin vaxt, demək olar ki, işçilərimizin 90 faizi Xankəndidə idi.
- Səhhətinizlə bağlı bir müddət işə çıxa bilməsəniz də, PFL komandası var gücü ilə çalışırdı. Onlara hansısa tövsiyələr verirdiniz?
- Kollektivimiz olmadığımız müddətdə peşəkar səviyyədə fəaliyyət göstərib. Bir daha onlara təşəkkür edirəm. Biz isə xəstəxanada olsaq da, demək olar ki, 24 saat işləyirdik (gülür). Xəsarət almağımıza rəğmən, hamı çalışırdı. Xəstəxanada müəyyən iclaslar keçirirdik, əməkdaşlarımızla onlayn toplantılarımız olurdu. Bir sözlə, işlərimiz dayanmırdı.
- Bir az əvvələ qayıtmağınızı istərdik. 2022-ci ilin yayında PFL prezidenti seçildiniz. Səkkiz ayı nəzərə almasaq, fəaliyyətinizi necə qiymətləndirirsiniz?
- Məncə, özümü dəyərləndirməyim yaxşı olmaz. Bu barədə siz jurnalistlər və ictimaiyyət rəy bildirə bilər. Bu müddət ərzində çempionatlarımızın maraqlı olması üçün çalışmışıq. Nə qədər alınıb-alınmayıb, bilmirəm. Düşünürəm ki, nələrsə etmişik. Komandaların səviyyələri qalxıb. Məncə, normaldır.
- Böyük ehtimalla, planlaşdırdığınız, lakin hələlik yarımçıq qalan layihələriniz də olub...
- Sözün düzü, həyata keçirmək istədiyimiz layihələr çoxdur. Bunların üzərində daim işləyirik. Layihələrdən danışsaq, gərək problemlərdən də söz açaq. Hamımızın da bildiyi kimi, əsas çatışmazlıqlardan biri də infrastrukturla bağlıdır. Ölkəmizdəki stadionların daha yaxşı olmasını arzulayırıq. Tribunalarda komandaları daha çox azarkeşin dəstəkləməsini istəyirik. Hələlik buna çata bilməmişik. Bu səbəbdən daha çox işləməliyik.
- Məsələn, 2023-cü ildə agentliyimizə müsahibənizdə Azərbaycan Superkubokunu bərpa etməyə çalışdığınızı vurğuladınız. Hazırkı dönəmdə bu nə dərəcə realdır?
- Biz Superkubokun olmasını çox istəyərdik. Sadəcə, bir problem var. Onun vaxtını təyin edə bilmirik. Çempionat başa çatandan sonra komandalar istirahət edirlər, legionerlər ölkələrinə yollanırlar. Premyer Liqanın startından əvvəl isə təmsilçilərimizin təlim-məşq toplanışları olur. Bu səbəbdən hələlik mümkün deyil. Mövsümün ortasında isə, sadəcə, vaxtımız yoxdur. Qrafik, təqvim o qədər sıxdır ki, Superkubok matçının təşkili üçün vaxt yoxdur. Amma yenə də bununla bağlı tədbir görməyə çalışacağıq. Superkubokun alınmasını çox istərdik.
- Mövsümün əvvəlində həmin oyunu təşkil edə bilərsiniz. Vaxtı müəyyənləşdirsəniz, klublar ona uyğun plan qurmağa məcbur olacaqlar.
- Komandaları buna məcbur etmək istəmirik. Premyer Liqa, mövsüm start götürdükdən sonra hansısa problemlə üzləşəndə deyəcəklər ki, Superkuboka görə oynumuz alınmadı, təlim-məşq toplanışını yaxşı keçə bilmədik.
- Ötən mövsümlə müqayisədə Misli Premyer Liqasının səviyyəsini necə qiymətləndirirsiniz? Bəzi komandalarımızın zəiflədiyini düşünənlər var...
- Mən bununla razı deyiləm. Çox zəiflədiklərini deməzdim. Bu, komandalardan asılı olan məsələdir. Mövsümün əvvəlində heç kim deyə bilməzdi ki, "Turan Tovuz" və "Araz-Naxçıvan" Premyer Liqada XI turdan sonra ilk "3-lük"də qərarlaşacaqlar. Amma görürsünüz ki, bu kollektivlər çox yaxşı oyun sərgiləyirlər. Bəli, çempionatda autsayderlər də var. Bu da maliyyə ilə bağlıdır. Hamımız "Kəpəz"in problemlərini bilirik və bundan xəbərdarıq. Maliyyə və sponsor olmadığı üçün belə oyun göstərirlər. Amma onların da dirçələcəyinə inanırıq və bunu arzulayırıq.
- "Neftçi"nin mövsümün əvvəlindəki çıxışı sizin üçün də gözlənilməz oldu?
- Komandada tez-tez dəyişikliklər baş verir. Belə olan halda isə sabit oynaya bilmirlər. Mövsümün əvvəlində yaxşı oyun sərgiləyə bilmirdilər. Amma Samir Abasovun baş məşqçi təyin olunmasından sonra komandanın oyununda dəyişikliklər gözə çarpır. Eyni futbolçular artıq başqa cür çıxış edirlər. Ümid edirik ki, "Neftçi" yaxın zamanda layiq olduğu yeri tuta biləcək.
- İnfrastrukturla bağlı problemlərdən danışdınız. Belə görünür ki, növbəti mövsüm Premyer Liqada komanda sayının artırılması real deyil.
- Təbii ki, biz də Misli Premyer Liqasında 14 və ya 16 klubun mübarizə aparmasını istəyirik. Lakin hazırkı durumda növbəti mövsüm komanda sayının artacağı çətin görünür. Bunun da əsas səbəbi, qeyd etdiyim kimi, infrastrukturla bağlıdır. Klublarımızın infrastruktur problemləri həll edildikdən sonra bu barədə düşünmək olar.
- "Qəbələ" Premyer Liqaya vəsiqə qazanmaq baxımından əsas favoritlərdən biridir. İmişli şəhər stadionunda təmir işləri yekunlaşmaq üzrədir...
- Hələlik İmişlidəki stadion hazır deyil. Qəbələdə isə infrastruktur həmişə olub. Amma Premyer Liqada mübarizə aparan klubları götürək. Şamaxı və Tovuz şəhər stadionları tam o səviyyədə deyil. Bu səbəbdən komanda sayını artırmaq çətindir. Ümid edirəm ki, iki-üç ildən sonra Premyer Liqamızda komanda sayı artırılacaq.
- Ötən mövsüm II Liqa da yaradıldı. Bu çempionat barədə nə deyə bilərsiniz?
- Düşünürəm ki, bu, çox yaxşı layihədir. Bəzi çətinliklər var. Buna baxmayaraq, II Liqa bizim üçün vacibdir. Zaman keçdikcə onlar da istənilən səviyyədə olacaqlar.
- Həmin komandaları bu mövsümdən Azərbaycan Kubokunda da gördük...
- Bu, əsasən onların daha da peşəkarlaşması üçün atılan addımdır. Azərbaycan Kubokunun I və II təsnifat mərhələsindəki azarkeş saylarına nəzər yetirmək lazımdır. Komandaları tribunalarda fanatlar dəstəkləyir. Regionlarda futbolun olması müsbət cəhətdir.
- Azərbaycan Kubokunun final matçını hansı stadionda keçirməyi planlaşdırırsınız?
- Hələlik həlledici görüşün harada baş tutacağı bəlli deyil. Bu barədə fikirləşirik, müzakirələr aparırıq.
- Namizəd arenalar arasında Xankəndi şəhər stadionu varmı? Ümumiyyətlə, orada cari mövsüm hansısa oyun keçirilə bilərmi?
- Məncə, bu mövsüm olmayacaq.
- "Qarabağ"ın Avropa Liqasındakı çıxışını izləyirsiniz? Komandada bu mövsüm hansı çatışmazlıqları görürsünüz?
- Məncə, "Qarabağ" yetərincə yaxşı oyun nümayiş etdirir. Sadəcə, komandanın bəxti gətirmir. Qırmızı vərəqə alan futbolçular, oyunlarda qapılarına təyin edilən penaltilər var. Görüşləri izləmişəm. Düşünürəm ki, matça yaxşı başlayırlar. Amma sanki sonra nəsə olur. Hakim səhvlərinin də çox olduğunu demək istəyirəm. Avropa Liqasında hələ beş oyun var. Məncə, qələbələr qabaqdadır. Komandanın uğurlu nəticələr əldə edəcəyinə inanıram.
- Azərbaycan yığması Fernandu Santuşun rəhbərliyi altında istənilən nəticələri əldə edə bilmir. Bu barədə nə deyə bilərsiniz?
- Düşünürəm ki, hazırda yığmanın oyunlarında nəticəni görmək çətin olacaq. Fernandu Santuş təzə gəlib, ona vaxt lazımdır. Komandanı, ölkəni, necə deyərlər, bizim ruhumuzu tanımalıdır. Məncə, bir ildən sonra nəticə gözləmək olar. Santuş çox təcrübəli mütəxəssisdir, Portuqaliya yığması ilə Avropa çempionatının qalibi olub. Təəssüf ki, hazırda millimiz bizi məyus edir. Amma inanır və ümid edirik ki, növbəti iki matçda qələbə əldə edəcəyik.