“Bir qorxu, təlaş var və bu, oyuna təsir edir” – Samir Abasov
“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Sports.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçla bağlı bunları söyləyib:
“Rəqibi qalibiyyət münasibətilə təbrik edirəm. Yaxşı rəqiblə, yaxşı komandaya qarşı oynadıq. Hansı ki, bizə çox əziyyət verdilər. Oyun haqda danışmaq da çətindir. Oyunçularımızı bir-bir itirdik. Məşqə də çox az vaxt qalmışdı. Oyunçuların bir-bir sıradan çıxması da bütün planlarımızı pozdu. Amma bunu düzəltməliyik. Azarkeşlərə böyük təşəkkür edirəm. Bizə çox dəstək verdilər. Biz üzüntülüyük, çünki artıq uduzmamağı düşünürdük. Ancaq bunu düzəltməliyik. Oyunçularımı danlayıram. Sırf hücumameyilli oyunçuları buraxıb riskə girmək də ola bilərdi. Demək olar ki, əlimizdə olan futbolçularımızı buraxdıq. Amma oyunçularıma da təşəkkür edirəm. Çox istəklidirlər. Zədəli futbolçularımız da tez oyuna qayıtmaq istəyir. Biz üzüntülüyük.
Psixoloji vəziyyət nəinki qol buraxanda, oyunun əvvəlində də olur. Ən çətin işimiz budur. Oyunçularımızda qorxu var idi ki, bu oyunu uduzarıq. Bir qorxu, təlaş var və bu, oyuna təsir edir. Heç bir oyunu uduzmamalıyıq fikri var komandada.
Bu günləri transfer haqda heç fikirləşmirik. Bu heyət bir məşqçiyə lazım olacaq qədərdir. Bu fikir beynimizdən keçmir. Heyət keyfiyyət baxımdan da, say baxımdanda çox yaxşıdır. Sadəcə, bu gün 6-7 oyunçumuz yox idi. Onlardan üçü isə 50-50-yə idi. Bu, bizə problem yaratdı”.