“Heç nə bizi tutduğumuz yoldan çəkindirə bilməz” - Fernandu Santuş

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib.

Sports.az portuqaliyalı mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:

- Mehdi Cənnətov buna qədər əsas qapıçı idi. Onun bu dəfə siyahıda olmaması nə ilə bağlıdır?

- Texniki qərardır. Məşqçilər heyəti var. Mehdi ilə şəxsi heç bir problem yoxdur. Son oyunlarda çıxışı ürəkaçan deyildi, bəyənmədim. Ona görə başqa qapıçılara şans verdim.

- Mahir Emreli Estoniya ilə görüşdə olmayacaq, Renat Dadaşov isə əməliyyat edilib. Hücum xəttindəki problemləri necə aradan qaldıracaqsız?

- Həmişə çıxış yolu tapılmalıdır. Əlimizdə hansı materiallar varsa, çalışacağıq ki, onunla çıxış yolu tapaq. Bəzi oyunçular var ki, bu vəziyyətdən çıxmağımıza kömək olacaq. Qarşıdakı məşqlərdə oyunçuları yoxlayacağıq. Sonda qərara alacağıq ki, kim hücumda oynayıb, bizə kömək ola bilər. Məşqlər zamanı baxacağıq ki, kim sualımıza cavab verə bilir.

- Millətlər Liqasında ciddi uğur mümkün deyil. Olmazdı ki, gələcəyə bağlı gənclərə üstünlük verəsiz?

- Biz də hazırda onu edirik. Dəvət olunmuş oyunçuların ümumi orta yaş həddinə baxsaz, görərsiz ki, 25-dir. Bu toplanışa iki yeni gənc də cəlb olunub. Məşqlər zamanı onları yoxlanışdan keçirəcəyik. Baxacağıq ki, hansılar gələcəkdə bizə kömək ola bilər. Gənc oyunçuların yanında təcrübəlilər də olmalıdır ki, onlara baxıb, nəsə öyrənib inkişaf etsinlər. Yalnız gəncləri də çağırmaq düzgün alınmaz. Amma fikrinizlə razılaşıram.

- Arif Əsədovun gedişindən sonra demişdiz ki, yerli köməkçi məşqçi gətirəcəksiz. Ancaq bu təyinat baş tutmayıb. Hətta mediada yayılan xəbərlərə görə, Kamran Ağayevi də komandadan kənarda saxlayırsız...

- Xeyr, bu düzgün xəbər deyil. Sabah Kamran Ağayev bizimlə olacaq. Birinci suala gəldikdə, işlər gedir. Qarşıdakı toplanışlarda baxacağıq ki, hansı məşqçini korpusumuza daxil edə bilərik. Heç də asan deyil. Çox çətindir. Köməkçi işi elədir ki, baş məşqçiyə həqiqətən köməyi dəyməlidir. Bunun üzərində AFFA ilə bərabər işlər gedir.

- Qəbələ dağlıq ərazi olduğuna görə futbolçularda orada oynayanda tənəffüslə bağlı bəzən problem yaranır. Oranın iqlimini bilirsiz?

- Artıq iki dəfə Qəbələdə olmuşam. Üzr istəyirəm, dünyanın hər yerində futbolçular hər bir iqlimə adaptasiya olurlar. Bu, sadəcə olaraq bəhanə ola bilər. Çoxlu bəhanələr ola bilər, dağlıq ərazidir, yağış yağdı filan. İnanın ki, istək olarsa, bu dediyim amillər bəhanə deyil. 3000 metr hündürlükdən danışmırıq. Bəzi komandalar 3000 hündürlükdə oynayırlar, amma problem yaşamırlar.

- Mustafa Əhmədzadə sizi hansı planda cəlb etdi?

- Oyunlarını gördüm və məni cəlb etdi. İşimizin bir hissəsi də oyunçulara baxmaq, Premyer Liqa matçlarını izləməkdir. Məşqçilərimizlə birlikdə qərar verdik ki, onu milliyə cəlb edək.

- Amin Seydiyevi əvvəl əsas heyətdən çıxarmışdınız. Ancaq indi onu milliyə dəvət etdiniz. Bu müddətdə Seydiyev inkişaf edib?

- Bundan iki toplanış öncə Seydiyevi çağırmışdım. Ondan sonrakı toplanışlarda milliyə cəlb olunmadı. Çünki həmin mövqedə başqa oyunçulara şans vermək istədim. Oyunları izləyirik. Bəzi futbolçuların oyunu bizi cəlb edir. Texniki qərardır.

- Növbəti iki oyunda da məğlubiyyətlər olsa, bunu necə qarşılayacaqsız?

- Biz hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. Amma bir şeyi vurğulamaq lazımdır ki, yeni layihənin başlanğıcındayıq. İş gedir. Hamılıqla bərabər bunun üzərində çalışırıq. Heç nə bizi tutduğumuz yoldan çəkə bilməz. (Sportal)

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar