“4 dəqiqəyə 2 qol buraxmaq bizim üçün də sürpriz oldu” - Ayxan Abbasov
"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində səfərdə "Neftçi"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Sports.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçəyə belə şərh verib:
“Bu gün bayramdır. Cənab prezident İlham Əliyev başda olmaqla hamımızı təbrik edirəm. Şəhidlərimizə Allah rəhmət eləsin. Oyuna gəlincə, xal qazanmaq istəyirdik. "Neftçi" də xal qazanaraq irəliləmək istəyirdi. Matça çox pis başladıq. Geridönüş etmək də çətin idi. Futbolçularım xarakter göstərdilər. İlk hissədə üçüncü qolu da vura bilərdik. İkinci yarıda rəqib yüksək təzyiq etdi. Bizdə vəziyyət yaxşı deyildi. Kantariya yükün altına girdi, çünki oynaması sual altında idi. Son 4-5 oyunda zədələrə görə tam heyətlə oynamırdıq. Gənclərə fürsət düşür. Bundan yaxşı istifadə edirlər. Bilirik ki, Premyer Liqada qalmaq üçün hər xal bizim üçün vacib olacaq. "Neftçi"dən 1 xal götürmək uğurdur. Hamını təbrik edirəm.
Dörd dəqiqəyə iki qol buraxmağımız bizim üçün də sürpriz oldu. Komandanın isinməsi siqnal verirdi ki, futbolçular oyuna yaxşı köklənib. Yaxşı şeylər gözləyirdik. Şans rəqib tərəfdə oldu. "Neftçi"nin futbolçusunun ustalığı idi. İkinci qolda ofsayd xətti çəkmək bəlkə də çətin idi. İki qolun arasında bizim də epizodumuz oldu. Bir anlıq mənə elə gəlirdi ki, futbolçularım ayılacaq. Belə oyunlar komandamız üçün böyük önəm kəsb edir. "Sabah"la matçda da belə olmuşdu. Demək ki, bacara bilirik. İlk hissədəki oyundan beş dəqiqəni çıxmaqla razı qaldım”.