Doğru yolda olan Santuş, gəncləşən milli
Fernandu Santuş milliyə dəvət etdiyi futbolçuların siyahısını hər oyundan əvvəl təşkil olunan ayrıca mətbuat konfransında açıqlayır.
Estoniya və İsveç oyunlarından əvvəl keçirilən mətbuat konfransında Santuşla belə bir sual-cavabımız oldu:
– Millətlər Liqasında ciddi uğur mümkün deyil. Olmazdı ki, gələcəyə yönəlik bir heyət qurub gənclərə daha çox üstünlük verərdiniz?
– Biz də hazırda bunu edirik. Dəvət olunmuş oyunçuların ümumi orta yaş həddinə 25-dir. Bu toplanışa iki yeni gənc futbolçu da cəlb edilib. Məşqlər zamanı onları yoxlanışdan keçirəcəyik. Baxacağıq ki, hansılar gələcəkdə bizə kömək göstərə bilər. Gənc oyunçuların yanında təcrübəlilər də olmalıdır ki, onlardan nəsə öyrənib inkişaf etsinlər. Buna görə də, yalnız gəncləri çağırmaq düzgün alınmaz. Amma fikrinizlə razılaşıram.
İndi isə milli komandamızın Estoniya və İsveçlə oyunlara dəvət edilmiş heyətinə baxaq:
Nəriman Axundzadə (Qarabağ) - 20.04.2004
Mustafa Əhmədzadə (Araz-Naxçıvan) - 12.08.2003
Rza Cəfərov (Neftçi) - 03.07.2003
Musa Qurbanlı (Qarabağ) - 13.04.2002
Nicat Mehbalıyev (Sabah) - 11.09. 2001
Səbuhi Abdullazadə (Sumqayıt) - 18.12.2001
Zamiq Əliyev (Eqnatiya) - 05.05.2001
Ceyhun Nuriyev (Zirə) - 30.03.2001
Toral Bayramov (Qarabağ) - 23.02.2001
Elvin Cəfərquliyev (Qarabağ) - 26.10.2000
Amin Seydiyev (Sabah) - 15.11.1998
Anton Krivotsyuk (Daejeon) - 20.08.1998
Ozan Can Kökçü (HJK) - 18.08.1998
Xəyal Nəcəfov (Turan Tovuz) - 19.12.1997
Mahir Emreli (Nürnberq) - 01.07.1997
Bəhlul Mustafazadə (Qarabağ) - 27.02.1997
Ramil Şeydayev (Neftçi) - 15.03.1996
Aydın Bayramov (Zirə) - 18.02.1996
Abbas Hüseynov (Qarabağ) - 13.06.1995
Rahil Məmmədov (Radomyak) - 24.11.1995
Aleksey İsayev (Qarabağ) - 09.11.1995
Coşqun Diniyev (Bandırmaspor) - 13.09.1995
Emin Mahmudov (Neftçi) - 27.04.1992
Bədavi Hüseynov (Qarabağ) - 11.07.1991
Diqqət yetirsək, heyətdə yaşı 30-u keçən 2 futbolçu var. Söhbət Bədavi Hüseynov və Emin Mahmudovdan gedir. Bədavi xarakterinə, Emin isə ustalığına görə millinin liderləridi.
Yaşı 26-29 arası olan 12 futbolçu arasında da milli üçün vazkeçilməz isimlər var. Məsələn, Mahir Emreli. Bədavi, Emin, Mahir kimi futbolçulardan həqiqətən də gənclərin öyrənəcəyi çox şey var.
Amma 26-29 yaş arasındakı futbolçuların heç də hamısını əsas heyətin daimi üzvləri adlandırmaq olmaz. Bu da ona işarədi ki, onların əvəzinə tədricən daha gənc futbolçular cəlb edilə bilər.
Bu proses nə qədər sürətlə getsə, milli komandamız üçün o qədər faydalı olar.
2000-ci ildən sonra doğulan və milliyə dəvət alan 10 milli futbolçu isə mümkün qədər əsas heyətdə yerini möhkəmlətməlidi.
Milliyə çağırılıb sonra zədəyə görə gələ bilməyən Rüstəm Əhmədzadə və zədəli Renat Dadaşov da 2000-ci ildən sonra doğulanlar arasındadı.
Klublarının heyətində Premyer Liqada oynamağa başlayan və milliyə dəvət almayan digər futbolçular da var.
Yəni, cənab Santuş istəsə tezliklə Azərbaycan millisinin heyətini əsaslı şəkildə gəncləşdirə bilər.
Bu heyətlə ilk dönəm uğursuzluqların olacağını da göz önünə almaq lazımdı.
Amma gənc futbolçular bir müddət sonra milli formada təcrübə toplayıb bu yükün ağırlığına öyrəşəndən sonra müəyyən uğurların gələcəyi şübhəsizdir.
Sözsüz ki, istənilən heyətlə Estoniya ilə matçda qələbə gözləyirik. Amma onu da etiraf etməliyik ki, estonların La Liqa, Bundesliqa, digər Avropa klublarında daim əsas heyətdə oynayan futbolçuları var.
Bu da rəqibin oyunçularının keyfiyyətindən xəbər verir.
İsveçlə matçda isə qələbə qazanmaq bir yana, xal ala bilsək əsl möcüzə olar.
Amma indiki məqamda bu qarşılaşmalarda nəticədən çox gələcəyə yönəlik düzgün iş görülməsi vacibdir.
Bu mənada cənab Santuşun Qəbələdə və Solnada keçiriləcək matçlarda gənclərə nə qədər güvənəcəyi daha maraqlı məqamdı.
İstənilən halda, milli komandamıza uğurlar!