Ümid verən milli
"Avstriya ilə oyunda soruşmuşdum ki, 3 ildə hədəfiniz nə olub? Dedi gəncləşdirmə. Dedim bəs onda Almeyda, Höccət və başqa təqaüdə hazırlaşanları milliyə niyə dəvət edirsiniz? İsveçə 0:5 uduzandan sonra mətbuat konfransında çərənləyəndən sonra mənə qayıdıb deyir ki, gördün Almeyda necə oynadı? Mən də dedim ki, necə oynaması tablodakı nəticədən, iki oyunda buraxılan 9 qoldan bəllidi...
De Byazi məntiqlə bu faciəvi startdan sonra gedəcək. Amma onun yerinə kimin gəlməsindən asılı olmayaraq, Azərbaycan futbolu düzəlməyəcək... Çünki, tək problem milli və De Byazi deyil. Azərbaycan futbolunu istedadlı dələduzların caynaqlarından azad etmək lazımdı. Bundan sonra uzun müddətli plan, strategiya qurulmalı, uşaq futbolu sürətlə inkişaf etdirilməlidir.
Əsas millidə də normal potensialı olan futbolçular az deyil. Sadəcə, onlara elə baş məşqçi rəhbərlik etməlidi ki, Azərbaycan adının, milli formasının, bayrağının dəyərini anlatsın, bir qol buraxan kimi əl-qollarını salıb rəzil olmasınlar. Hər oyunda final fitinə kimi başlarından yuxarı tullanmağa çalışsınlar, can qoysunlar".
Ötən ilin martında millimiz Avstriyaya 1:4, İsveçə 0:5 uduzandan sonra yazdığım köşədəndi.
Ondan sonra AFFA-nın rəhbərliyi də, millinin baş məşqçisi də dəyişib. Amma nəticələr aşağı-yuxarı eynidi. Çünki, futbolun inkişafı yarım ilə, bir ilə mümkün olan proses deyil.
Futbolumuzu keçmiş AFFA rəhbərliyinin saldığı nokautdan ayıltmaq üçün illər lazım olacaq.
Təəssüf ki, yeni gələnlər də operativ tərpənmir, futbolumuzu məhv etmiş köhnə kadrlardan təmizləməyə tələsmir...
Fernandu Santuş De Byazidən fərqli millinin heyətini sözdə yox, əməldə gəncləşdirməyə çalışır. İnsafən deyək ki, milli həm də De Byazinin dövrü ilə müqayisədə daha yaxşı, baxımlı futbol sərgiləyir.
Nəsil dəyişməsi fonunda nəticələrin o qədər də arzuolunmaz olması isə gözləniləndi. Əsas odur ki, gənclərə mümkün qədər çox güvənilsin, gələcəyin heyəti formalaşsın. Həmin heyətin futbolçuları ən azı hamılıqla himnimizi oxusun, milli formanın dəyərini anlasın, bu forma üçün can qoyub, başlarından yuxarı tullanmağa çalışsınlar.
Hələlik, belə görünür ki, Santuş bu yoldadı və məncə, bu ən doğru yoldu. Azarkeşlər, media, bütün futbol ictimaiyyəti bunu dərk edib səbrli olmalıdı.
Estoniya ilə oyunda da yaxşı futbol sərgiləməyimizə, çoxsaylı qol imkanları yaratmağımıza baxmayaraq heç-heçəylə barışmalı olduq.
Bu qarşılaşmada qalib gəlməməyimizə görə Qəbələ aeroportundan Stokholma uçan heyətdə müəyyən üzüntü var idi. Nümayəndə heyətində təmsil olunan futbol üzrə yeganə Olimpiya çempionunuz, İsveç çempionu İqor Ponomaryovla uçuşu gözləyənə kimi bir az söhbətləşməyə vaxt tapdıq. İsveçdəki 8 yaşlı nəvəsinin seçimlərdən keçərək dünyanın ən yaxşı futbol akademiyalarından biri "Brommapoykarna"ya qəbul olunmasının sevincini bölüşdü.
Viktor Gyökereş, Deyan Kuluşevski və yüzlərlə başqa ulduzları yetişdirmiş, 247 komandası, 3 mindən çox futbolçusu olan və bu göstəriciyə görə Avropada birinci yerdə gedən "Brommapoykarna" akademiyası haqda İsveçə Bakıdakı məğlubiyyətdən sonra yazmışdım.
Yeni strategiya hazırlayan AFFA rəhbərliyi bu akademiyanın təcrübəsindən istifadə etsə, onlarla işgüzar əlaqələr qursa, bunun futbolumuza yalnız faydası olar.
Stokholma gələnlər arasında AFFA-nın iki sıravi əməkdaşı - Təchizat şöbəsinin qocaman əməkdaşı Finəddin Mütəllibov və IT şöbəsinin əməkdaşı Şahin Məmmədov da var. Onlar federasiyada "İlin işçisi" seçilib. Mükafat olaraq da millinin səfər oyununa getmək imkanı qazanıblar. Hər ikisi həyatlarında ilk dəfə Azərbaycandan kənara çıxıb. Məncə, sadə işçiləri motivasiya etmək üçün əla ideyadı.
Sabahkı matçdan gözləntilərə gəlincə, ümid sonuncu ölür. Amma mən inanıram ki, çox güclü azarkeş təzyiqinə baxmayaraq komandamızın hər bir futbolçusu ən azı var gücünü qoyacaq.
Bu atmosferə uyğunlaşmış Musa Qurbanlıdan, "Nürnberq"də ardıcıl 4 oyunda qol vuran Mahir Emrelidən, formada olan Toral Bayramovdan yaxşı performans gözləyirəm. Bu üçlük, sabah meydana çıxacaq digər futbolçularımız zədəli Renat Dadaşovun yoxluğunu unutdurub, ad-sanlı rəqibdən qorxmayıb, meydan sahiblərinə başağrısı olacaq potensialdadı.
Millimizdə daxili atmosfer də keçənilki İsveç səfəri ilə müqayisəolunmaz dərəcədə yaxşıdı. Hiss olunur ki, Santuş dini baxışlarına və başqa məsələlərə görə bir ola bilməyən qruplaşmaları dağıdıb.
Futbolçular arasında mehribanlıq var, hamı 1 nəfər, 1 nəfər hamı üçün, ən əsası müqəddəs 3 rəngli bayrağımız üçün döyüşməyə hazırdı. Millimizlə Qəbələdən Arlanda Havalimanına üçan təyyarədə olan hər kəsdə eyni fikir yarandı.
Ən azı buna görə, məndə ötənilki kimi 0:5 və ya bənzər rüsvayçı hesabla uduzmayacağımıza əminlik var.
Əksinə, millimiz sensasiya etsə, təəccüblənməyəcəm.
Heyətimizdəki oyunçuların neçəsi "Qarabağ"la Avropada yetərincə təcrübə qazanıb, qat-qat güclü rəqibləri məğlub edib. Futbolçularımızla eyni yaşlarda olan neçə-neçə qəhrəman oğullarımızın uğrunda gənc həyatını qurban verdiyi Azərbaycanın millisində niyə olmasın?!
Sadəcə, milli formada hər oyuna çıxanda karyerada ən yaxşı oyunu keçirməyə, bacardığından artığını etməyə çalışmaq lazımdı.
Milli komandamız dünyanın dörd bir tərəfindəki xain düşmənlərin uğurunu qəbul etmədiyi ölkəmizin simasıdı.
Sabah futbolçularımızın uğurlu nəticə ilə belələrinə yaxşı cavab verəcəyinə inanıram!
Anar Şabanoğlu, Stokholm