Millimiz bu gün İsveçlə qarşılaşacaq
Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində son oyununa çıxacaq.
Sports.az xəbər verir ki, C Liqasında mübarizə aparan yığmamız 1-ci qrupdakı altıncı oyununda İsveçin qonağı olacaq.
Solna şəhərində təşkil olunacaq görüşə Bakı vaxtı ilə saat 23:45-də start veriləcək. Qarşılaşmanı polşalı FIFA referisi Pavel Raçkovski idarə edəcək.
Yığmamız UEFA Millətlər Liqasının cari mövsümündə yalnız bir heç-heçə edib, qalan dörd oyununda uduzub. 1 xalla qrup sonuncusu olan yığmamızın mərhələni elə bu pillədə başa vuracağı dəqiqdir. Amma komandamız hələ D Liqasına düşməmək şanslarını qoruyur. Bunun üçün Fernando Santuşun kollektivi səfərdə İsveçə qalib gəlməlidir. Belə olan halda yığmamız C Liqasında qalmaq üçün pley-off oyunlarında iştirak hüququ qazana bilər.
UEFA Millətlər Liqası
C Liqası, 1-ci qrup
19 noyabr
23:45. İsveç - Azərbaycan
Baş hakim: Pavel Raçkovski (Polşa).
Solna. “Strauberri Arena”.