"Vətən sevgisi olmayan futbolçular qonorar qarşılığında milliyə çağırılmasın!"

"Göyqurdlar" azarkeş qrupu milli komandamızın İsveçə biabırçı məğlubiyyətindən sonra bəyanat yayıb.

Sports.az sizi bəyanatın mətni ilə tanış edir.

Əziz Azərbaycan azarkeşləri,           
 
Milli komandamızın rəsmi oyunlardakı son qələbəsindən artıq 1 il ötüb. 
İsveçə 6:0-lıq rüsvayçı məğlubiyyət sonrası vacib qərarlar almağa məcbur olduq. Millimizin formasını geyinən futbolçuların meydançada döyüşmədiyini gördük. Onlar artıq arxayınlaşıblar və meydançada tam potensiallarını ortaya qoymurlar. Bu isə hər kəsin özünə gəlməsi üçün müəyyən tədbirlərin görülməsini labüd edir. 
Yaxşı-pis gündə daim dəstək olmağımıza rəğmən milli futbolçularımız və AFFA bəzən etiraz və tələblərimizi qulaqardına vurdular. Milli komandanın illərdir boş qalan tribunaları yalnız onlarına işinə yaradı. Heç bir etiraz və təzyiqə məruz qalmadan istədiklərini edib at oynatdılar, matçsonrası duş qəbul edib, evlərinə rahat şəkildə getdilər, qeyri-peşəkar komandalara qarşı qazanılmalı olan qələbələr sonrası belə dolğun mükafatlarını aldılar...
Artıq buradayıq, 11-ci sektordakı yerimizi tərk etməyəcəyik. Gedən bizlər yox, o bayrağa layiq olmayanlar olacaq! Siz qələbələri sıralayana kimi heç kimə rahatlıq yoxdur. Qəzəbimizi də, sevincimizi də sizinlə bölüşəcəyik. Məğlubiyyətsonrası meydançadan qaçıb getmək yoxdur, hər kəs ölkənin adını rəzil duruma düşürdüyü hər əmələ görə hesabat verməlidir. Biz bu bayrağı sevirik və bayrağımızın eşqinə daim öz tribunamızda olacağıq. Yaxşı gündə də, pis gündə də !

Tələblər:

•⁠  ⁠Dövlət himninin bütün futbolçular tərəfindən ürəkdən oxunması

•⁠  ⁠Milli komandada qələbə mükafatının UEFA Millətlər Liqasında “D” liqasının (və ya rəqibin) səviyyəsinə uyğun azaldılması

•⁠ Milliləşdirilmiş futbolçuların mərhələli şəkildə göndərilməsi

•⁠  ⁠Ürəyində bayraq və vətən sevgisi olmayan futbolçuların qonorar qarşılığında milli komandaya çağırılmaması (həmin futbolçulardan nə nəticə tələb etmək, nə də onları oyuna görə qınamaq mümkündür).

 •⁠  ⁠Hər məğlubiyyətsonrası meydançanı belə də olmalı imiş kimi tərk etmək adətinə son qoyulmalı, hər kəs oynadığı formanın və millinin haqqını dərk etməlidir. Uğurlu nəticələrə görə mükafat verildiyi kimi, uğursuz nəticəyə görə də oyunçular və məsul şəxslər hesabat verməlidirlər.
 
İdarə heyəti

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar