“Oyunumuzda eniş olduğunu deməzdim” - Renduliç

“Sabah” Azərbaycan Premyer Liqasının 14-cü turunda bu gün “Turan Tovuz”un qonağı olub.

Sports.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan matçdan sonra Masazır klubunun baş məşqçisi Krunoslav Renduliçin mətbuat konfransı keçirilib. Xorvatiyalı çalışdırıcı Tovuza xallar götürməyə gəldiklərini bildirib:

“Biz bura xallar götürməyə gəlmişdik. Əfsuslar olsun ki, buna nail ola bilmədik. İkinci hissədə yaxşı çıxış etdik. Futbolçularım yaxşı mübarizə apardı. Təəssüf ki, ikinci hissə başlar-başlamaz qol buraxdıq. Əlbəttə, bilirdik ki, bu gün bizi çox çətin oyun gözləyir. Çünki “Turan Tovuz” çox güclü komandadır.

7 oyundur qalib gələ bilmirik. Bəli, bu bizi narahat edir. Səhv etmirəmsə, ilk üçlüklə aramızdakı xal fərqi 8 olmalıdır. Bu, böyük fərq kimi də görünə bilər. Buna necə yanaşmanızdan asılıdır. Düşünürəm ki, bu fərqi aradan qaldırmaq üçün bizim kifayət qədər şanslarımız olacaq. Niyə də yox?

Oyunumuzda eniş olduğunu deməzdim. Bu mövsüm oyunların taleyini həll etmək üçün kifayət qədər fürsətlərimiz olub. “Qarabağ”la matçda çoxlu şanslarımız oldu. Həmçinin “Neftçi”, “Zirə” və “Kəpəz”lə matçlarda yaxşı fürsətlərimiz oldu ki, yararlana bilmədik. Bu, futboldur. Nə edə bilərik? “Mançester Siti” beş matçdır qələbə qazana bilmir. Statistikaya baxsaq, bu oyun xaric, son 6 oyunda 12 real qol şansımız olub. Bunlardan yararlana bilməmişik”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar