“Sponsorluq məsələsində müsbət danışıqlar var” - İlqar Nadiri
Son günlər "Kəpəz"ə yeni sponsorun gəlməsi ilə bağlı söhbətlər səngimir. Klubun Gəncədəki bazasında əla atmosfer, xoş əhval-ruhiyyə hiss olunur. Divarlarda "Neftçi"nin veteran futbolçularının fotolarını görüb "Kəpəz"in mətbuat katibi Azad Mustafayevdən zarafatla soruşuram ki, Eduard Markarovun da fotosu var? Köklü gəncəlilərə xas ləhcəylə cavab verir: "Ə, qadan alım, burda Makarov nə gəzir?!".
Bazada və ətrafında ciddi iş gedir.
MDB oyunlarına hazırlaşan Gəncə stadionu yenidən, həm də yüksək sürətlə tikilir. Stadionun ətrafındakı təbii örtüklü meydançalarda futbolçular məşq edir. Bazada isə komanda qış fasiləsindən sonra keçiriləcək ilk oyuna - "Qərb derbisi"nə hazırlıq gedir.
"Kəpəz"in məşqçisi Azər Bağırovun "Turan Tovuz"un "Zirə" ilə oyununu təhlil etdiyini görürəm. İndiyəcən Gəncədə xarici məşqçi işləməyib. Bağırova zarafatla Gəncə futbolunun xilasının xaricdən məşqçi gətirməkdə gördüyümü deyirəm.
Mənim kimi "Futbol+" qəzetinin yetirməsi olan, 13 ildir "Kəpəz"in mətbuat katibi vəzifəsində çalışan Azad Mustafayevlə keçirik klubun İdarə Heyətinin sədri İlqar Nadirinin kabinetinə.
Onunla müsahibədə görürəm ki, Nadiri gənc olsa da, suallardan yayınmağı, mahiyyətə uyğun, ətraflı və konkret cavablar verməməyi yaxşı bacarır...
- Hiss olunur ki, klubda hamının əhval-ruhiyyəsi əladı. Bu, yeni sponsorun gəlişinə görədi?
- Sponsor deyəndə hansısa şirkət klubu himayəsinə götürməyib. Amma biz gözləyirik ki, bəzi insanlar komandamızın gücünə güc qatsınlar... Özünüz görürsünüz ki, burda böyük işlər görülür.
Futbolun İnkişaf Fondu və əməkdaşlıq etdiyimiz "İQ Sports Agency" ilə daimi əlaqədəyik. Onlar da çox səy göstərir ki, "Kəpəz"ə sponsorlar tapılsın.
2025-ci il Gəncə üçün xüsusi bir il olacaq! Bildiyiniz kimi, III MDB Oyunları Gəncədə keçiriləcək. Bunun xüsusən infrastruktur baxımından klubumuza da çox böyük faydası olacaq.
İnanıram ki, belə bir ildə həm komanda Premyer Liqadakı yerini qorumağı bacarar, həm də yeni dəstəklə növbəti mövsüm üçün daha iddialı olar.
Sponsorluq məsələsində müsbət danışıqlar var və yaxın vaxtlarda ictimaiyyətə dəqiq informasiya veriləcək.
- Yeni sponsorun nə qədər güclü olması yəqin ki, gəncəli azarkeşləri ən çox maraqlandıran sualdı. Bu məsələ həllini tapandan sonra "Kəpəz" əvvəlki qüdrətini qaytara biləcəkmi?
- Burda tək əsas komanda yox, akademiya, uşaq futbolu, bir sözlə "Kəpəz"ə aid hər şey müzakirə mövzusudu. Vahid bir strategiyaya əsasən klub formalaşacaq.
Klubun edə bilmədiyi məsələlər var ki, hər il çətinliklərlə, problemlərlə üzləşirik. "Kəpəz"in daha peşəkar, iddialı, formalaşmış klub kimi fəaliyyət göstərməyi ilk məqsəddi.
Bütün klubların məqsədi üst pillələr, çempionluq uğrunda mübarizədi. Bunu zaman göstərəcək. Ən əsas odu ki, komanda azarkeşlərinə sevinc bəxş edə bilsin.
- Həmin azarkeşlər bilir ki, "Kəpəz"in indiki heyəti Premyer Liqada hamıdan zəifdi. Amma istənilən halda "Kəpəz"in elitanı tərk etməsi onlar üçün əsl faciə olar. Onlar sevimli komandalarının yüksək liqada yerini qoruya biləcəyi haqda sizin dilinizdən hansısa sözlər eşitmək istəyərlər...
- Futbol elə bir idman növüdü ki, əvvəldən proqnoz, vəd vermək olmur. Amma belə fikirləşirik ki, "Kəpəz" elitadakı yerini qoruyacaq. Bunun üçün baş məşqçiyə ehtiyac olan mövqelərə futbolçu götürməsi üçün heç bir məhdudiyyət qoyulmayıb. O, baxır, seçir, bunun üzərində daim iş gedir. Bildiyiniz kimi iki yeni legionerin məsələsi artıq yekunlaşıb.
Ola bilər ki, hər şey yaxşı alınsa, daha 3 legioner transfer edək. Amma ola da bilər başqa heç kimi almayaq. Bu, iş prosesindən asılıdı və biz futbolçu götürmək xatirinə futbolçu götürmək istəmirik. Yeni futbolçu elə olmalıdı ki, ehtiyac olan mövqeləri gücləndirə bilsin.
- İndiki "Kəpəz"in heyətinə görə Premyer Liqadakı bütün rəqiblərindən zəif olması fikri ilə razısınız?
- Fikirlər müxtəlifdi. Amma biz belə fikirləşmirik. Keyfiyyəti uyğun gəlməyən futbolçuları göndərməyə çalışdıq. Onların yerinə təbii ki, büdcəmizə uyğun olaraq keyfiyyətli oyunçular almağa çalışırıq. Yeni transferlərimizin də daha keyfiyyətli futbolçular olduğunu deyə bilərik.
- "Kəpəz" büdcəsinə görə də Premyer Liqada axırıncı yerdədir...
- Məlum məsələdi ki, hələlik sponsorumuz yoxdu. Digər klublar haqda nəsə deyə bilmərəm. Bildiyim qədərilə bizdən başqa Premyer Liqada sponsoru olmayan yeganə klub "Şamaxı"dı.
- Belə bir durumda hakimlərin də komandanıza qarşı hansısa qeyri-obyektiv qərarlar verməsi işləri daha da çətinləşdirmir ki?
- Təbii ki, çətinləşdirir. İndi bizim üçün hər bir xal önəmlidi. Amma nəticələrimizi də hakimlərə tam bağlamaq olmaz. Demək olmaz ki, hər oyun hakimlər bizə qarşı qərəzli idi. Amma nəticələrə, oyunun taleyinə təsir edən səhvlər olub.
Bu, tək bizə yox, hamıya qarşı olur. Ona görə də, buna qərəz yox, səhv deyək. Arzulayaq ki, tək "Kəpəz"ə qarşı yox, ümumiyyətlə, hakim səhvləri mümkün qədər az olsun.
- Qış fasiləsindən sonra ilk oyununuz "Turan Tovuz"ladı. Tovuzdakı son matçınız qalmaqallı alınmışdı...
- Komandamız həmin görüşdə yaxşı mübarizə aparmışdı, yaxşı oyun nümayiş etdirmişdi...
"Qərb derbisi"nə azarkeş marağı da böyük olur. İnanırıq ki, indi də maraqlı oyuna şahidlik edərik. Bu qarşılaşmadan 3 xal gözləyirik.
- Tovuzda keçirdiyiniz ev oyunlarınızda yerli əhali adətən gəncəlilərdən çox olur və komandanıza dəstək verir. Amma indi formal olaraq ev sahibi sayılsaz da, faktiki onların sevimli komandası "Turan Tovuz"la səfərdə oynayacaqsınız...
- Bu komandalar arasında həmişə sağlam rəqabət olub və indi də var. Amma meydandan kənarda xoşagəlməz bir vəziyyət yaranmışdı.
..."Turan Tovuz"un rəhbərliyi çətin vaxtımızda qapılarını "Kəpəz"in üzünə açdı, komandamıza böyük bir dəstək verdi. İndi görürük ki, tovuzlu azarkeşlər də "Kəpəz"ə tribunalardan necə dəstək olurlar. Artıq həm klublar, həm də azarkeşlər arasında münasibətlər yaxşı səviyyədədi. Bunda "Turan Tovuz"un yeni rəhbərliyinin böyük rolu var.
Amma təbii ki, bir-birimizlə qarşılaşanda hər klubun azarkeşi sevimli komandasına dəstək olmalıdı.
- "Kəpəz"in ən çətin dönəmlərində Gəncədə tribunalarda kifayət qədər azarkeş dəstəyi olurdu. Amma Tovuza çox az gedirlər...
- Azarkeşlərimizlə daim ünsiyyətdəyik, klubda əlaqələndirici var. Bizi daim dəstəkləyən azarkeşləri həm Tovuzda, həm başqa yerlərdə keçirdiyimiz oyunlara gedib-gəlmələri üçün nəqliyyatla təmin edirik. Təbii, hamı istəyər ki, onları tribunalardan mümkün qədər çox dəstək görsün. Bu mənada bir az çətin dövrdəyik. Həm ev oyunlarımızı başqa şəhərdə keçiririk, həm də nəticələr də az rol oynamır.
Amma inanıram ki, gələn mövsümdən yeni stadionumuzda fərqli atmosfer olacaq və Azərbaycanda ən çox azarkeşi olan tribunaları Gəncədə görəcəyik.
- "Kəpəz"in Premyer Liqada yerini qoruması üçün azarkeşlərin müəyyən payı ola bilərmi?
- Yüz faiz. Bunu biz dəfələrlə öz aramızdakı görüşlərdə də demişik. Sağ olsunlar, əllərindən gələn dəstəyi əsirgəmirlər. Qış fasiləsindən sonra da ən yüksək səviyyədə dəstəkləməlidilər ki, komanda onlardan güc alıb meydanda savaşsın və lazım olan nəticəni qazansın.
- Gəncə "Azərbaycanın futbolçu konveyeri" kimi ad çıxarmışdı. Burda saysız-hesabsız məşhur futbolçular yetişib. İndi vəziyyət necədi?
- Bir futbolçunun yetişməsi üçün ən azı 7-8 il vaxt, normal şərait, sabitlik lazımdı. "Kəpəz" yüksək liqada daim oynamadığından uşaq futbolunda da sabitlik olmayıb.
Bu məsələdə məşqçilərin də üzərinə böyük məsuliyyət düşür. Onların işlərini nə dərəcədə peşəkar səviyyədə bilməsi burda həlledici məqamdı.
İndi "Kəpəz"də oynayan gəncəli uşaqlar Cavad Kərimov və Ümid Səmədov öz akademiyamızın yetirmələridi. Sayın artması üçün sabitlik və akademiyada düzgün iş aparılması gərəkdi.
Özünüz görürsünüz ki, şərait əvvəlki ilə müqayisəedilməz dərəcədə yaxşılaşıb. Amma yenə də istedadlı uşaqları hələlik bazada saxlaya bilmirik. Çünki, qaz və kommunikasiya xəttləri tam istifadəyə verilməyib.
Uşaq futbolundan istədiyimizi almaq üçün tam şərait olmalıdı. Böyük ehtimalla yeni mövsümdən istər əsas komandaya, istərsə də akademiyaya hər şərait yaradılacaq.
- Gəncədə ünlü futbolçular yetişəndə şərait indikindən qat-qat pis olub… Bayaq məşqçiləri qeyd etdiniz. İndi Gəncədə Konstantin Abramenko kimi mütəxəssislər varmı?
- O, bir nəfər olub da... Digərləri eləməyib ki?! Akademiyada istedadlı, cavan məşqçilərimiz var. Ehtiyac yaranarsa, kənardan da lazımi qədər məşqçi, mütəxəssis cəlb ediləcək. Əsas odu ki, bu uşaqlar futbolçu olub, ölkəmizə fayda verə bilsinlər.
Anar Şabanoğlu, Gəncə