“Xal qazanmadığımıza görə təəssüflənirik”
“Şamaxı” bu gün Azərbayacan Premyer Liqasının 19-cu turunun açılış matçında “Qarabağ”ın qonağı olub.
Sports.az xəbər verir ki, 2:3 hesabı ilə məğlub olan bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasovun oyundan sonra mətbuat konfransı keçirilib. Abbasov maraqlı oyun olduğunu bildirib:
“Maraqlı oyun oldu. İlk hissə qollarla başladı. Bilirdik ki, rəqib ikinci hissədə təzyiqlə başlayacaq. Xal qazanmadığımıza görə təəssüflənirik. Oyunçularımdan razı qaldım. Leroy Mikelsin olmaması oyuna təsirsiz ötüşmədi. Davam edəcəyik.
Komandadan 8 oyunçu ayrıldı. Gedənlərin yerini doldurduq. Qışa qədər çox əziyyət çəkmişdik. İndi daha rəqabətli heyətimiz var. İnanıram ki, bu, onların inkişafında daha faydalı olacaq. Yeni transferlərin arasında bəziləri formadadır, hazırdılar. İnanıram ki, iki turdan sonra hər biri tam formada olacaq.
Futbolçuların inamlı oynamasını istəyirik. Şamaxıda da yaxşı oynamışıq. Son dəqiqələrdə qol buraxdıq, əlbəttə, bu, üzücü idi. Çempionatda iki komandadan xal ala bilməmişik, bunlardan biri də “Qarabağ”dır. Bu bizə daha da motivasiya verir. Ümid edirəm ki, bu, son oyunda baş verəcək”.