“Daha istəkli, daha iddialı olmaq istəyirik” - Rəşad Sadıqov
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 19-cu turu çərçivəsində öz meydanlarında "Araz-Naxçıvan"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Sports.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri matçla bağlı bunları söyləyib:
“Fasilədən sonra ilk oyun olmasına baxmayaraq, hər iki komandanın futbolçuları aqressivlik, ustalıq göstərdilər. Sanki fasilə olmayıb. Oyun bizim üçün uğurlu başladı. İlk dəqiqələrdə fərqləndik. Yenə təhlükəli hücumlarımız var idi. Sonra oyuna nəzarət rəqibə keçdi. Birinci hissənin ikinci yarısını yaxşı keçirmədik. Fasilədən sonra daha aqressiv, istəkli idik. Hamımız rəqibin gücünü bilirik. Elmar Baxşıyev möhkəm, yaxşı komanda formalaşdırıb. Oyunçularımın çıxışından razı qaldım. Rəqibi təbrik edirəm. İtkilərimiz var. Davit Volkov 10 gün idi məşq etmirdi, dünən məşq etdi. Ehtiyatda oturmuşdu. Qola ehtiyacımız olsaydı, onu meydana buraxacaqdıq. Rüstəm Əhmədzadə də ehtiyatda idi. Digər futbolçularımız fiziki cəhətdən ideal ola bilməzdilər. İlk turlarda bütün komandalar üçün bu keçərli olur. Hamı formasını bərpa etdikdən sonra daha istəkli, daha iddialı olmaq istəyirik.
İki komanda arasında çox yaxşı münasibət var, rəhbərlik, məşqçilər və futbolçular arasında. Arada nə oldu bilmirəm, Qara əsəbiləşdi. Sarı vərəqəsi olduğu üçün müdaxilə etdim ki, sakitləşsin. Dedim ki, özünə də zərər verəcəksən. Orada çox adam var idi, düz-əməlli danışa bilmədim. İstəməzdik ki, nəsə olsun. İkinci hissədə daha böyük hadisələr olmalı idi, amma klublar arasındakı yaxşı münasibətə görə meydanda hər şey yaxşı oldu”.