Erməniləri necə diz çökdürdük? - Foto, Video

"Tarix budu e, "student" qədeş!" 

Azərbaycan futbol tarixinin ən prinsipial və unudulmaz oyunundan - "Neftçi" - "Pünik" qarşılaşmasından 20 il ötür!

Canlı şahid, azarkeşlərimizin ermənilərdən daha çox olmasında pay sahibi, bayraq olayının əsas iştirakçısı kimi indiyəcən bu haqda çoxlu müsahibələr vermişəm, yazılar yazılıb.

Artıq Ermənistan-Azərbaycan müharibəsi bitib. Biz qalib xalqın nümayəndələrik. Şəhidlərimizi rəhmətlə anıram.

Bu qəhrəmanlıq tarixində idmanın da kiçicik də rolu varsa, yəqin həmin səhifə "Neftçi"-"Pünik" oyunudu. 

O zaman məğlub xalq idik və həmin matç məğlub psixologiyanı xeyli dəyişdi. İstər meydanda, istər tribunalarda, istərsə də oyundan sonra komandamız qalan oteldə erməniləri diz çökdürdük... 

Həmin dövr futbolda demək olar bütün beynəlxalq oyunları biabırçı hesablarla uduzurduq. Düşünürəm ki, o oyun futbol psixologiyamızı da dəyişdi. Ermənilər isə o qədər sındılar ki, növbəti il "Neftçi"i ilə oynamaqdan qorxub turnirin keçirildiyi Moskvadan qaçdılar.

İndi, ötən il yazdığım yazıdan bəzi hissələri xatırlatsam yerinə düşər:

"Neftçi" - "Pünik": həyatımın matçını yada salarkən...

Oyunu həm Moskvadakı "Dinamo" arenasında, həm də televiziyadan izləyənlər biz hesabda önə keçəndən sonra ermənilərin etdiyi şərəfsizliyi yaxşı xatırlayır. Xatırlamayanlar üçün deyim ki, arenada erməni azarkeşlər olan tərəfdə iştirakçı ölkələrin bayraqları asılmışdı. Və ermənilər hesabda geriyə düşəndən sonra bizim bayrağın üstünə əskilərini (təhqir etmək istəmirəm, amma bu hərəkətin qabağında başqa söz tapmıram) asdılar.

Bütün fikrim oyunda idi, amma bir an indi "Zirə"nin baş məşqçisi, o zaman "Neftçi"nin müdafiəçisi olan Rəşad Sadıqovun meydanın kənarına gəlib aşağıdan (tribunalar ikinci mərtəbədə idi) erməni azarkeşlələrə tərəf nəsə jest etdiyini gördüm. Diqqətlə baxıb bayrağımıza qarşı hörmətsizliyi fərq etdim. Bizim tribunada ermənilərdən bəlkə 10 dəfə çox azarkeş vardı. Onların ən azı 500 nəfərinin biletini mən alıb aparmışdım. Aralarında dost-tanış, qohumlarım az deyildi. Nə isə...

Qayıdaq ermənilərin şərəfsizliyinə. Bunu fərq edib dərhal ermənilərə tərəf getdim. Çaxnaşma düşdü, biletini almadığım amma çox yaxşı tanıdığım, boyu təxminən metr yarım olan cəbrayıllı Vüqar mənə dəstəyə gəldi. Yüzlərlə erməni üstümüzə şığısa da, iki nəfərlə cavablarını verə bildik, sonda əskilərini bayrağımızın üstündən götürdülər.

Bunu heç vaxt danışmamağa çalışmışam. Canlı şahidlər çox olub. İndi də var. Sağdılar. İstər futbol klublarımızda, istər jurnalistikada, istərsə də ümumən bu camiədə.  Vallah, səmimi deyirəm.

Amma indi gündə bir həmkarımız dünyasını dəyişir. Sabahı yalnız Allah bilir. Deməsəm, ən azı gənc nəslin xəbəri olmayacaq...

Bu bir tarix idi. Öncəliklə meydanda qazanılan qələbə.

Qaldı, oyunətrafı məqamlara...

Həmin bayraq məsələsində sonda şərhçi Fikrət Adığözəllinin sevincli "ermənilər bayraqlarını bizim bayrağın üstündən götürdü" sözləri, o dövrün başqa tanınmış şərhçisi, tribunada olan Altay Əliyevin hər qolumuza hayqırtısı ömürlük qulağımdadı. 

Oyundan sonra oteldə Qurban Qurbanovun, Rəşad Sadıqovun, onun dostu Eminin, komandamızın digər futbolçularının məğlubiyyətlə barışmağı bacarmayan ermənilərə layiqli cavab verməsi də futbolumuzun ən böyük qəhrəmanlıq səhifəsinə düşüb.

Matçın ardından oteldə dava salan ermənilərin üstünə şığıyan "Neftçi"nin ovaxtkı rəhbərlərindən biri, sonra Peşəkar Futbol Liqasının prezidenti olan Ramin Musayevi saxlayıb "Biz lazımi qələbəni qazanmışıq. Bunlar təxribat edir. Səbr edin" deməyim, hamısı kinolent kimi keçir gözümün önündən.

Hələ daha sonrası da vardı... Moskvada Sərxan Sərxanın canlı oxuduğu "Arşın Mal Alan" restoranındakı ziyafətdə müştəri olan Bakı ermənilərinin mikrofonu götürüb "Sizi ürəkdən təbrik edirik, biz erməni olsaq da, bakılıyıq, həmişə "Neftçi"yə azarkeşlik edirik" sözləri və s...

Bu bir tarix idi. O zaman məğlub durumda olan Azərbaycanın ölkəmizi işğal etmiş düşmən üzərində futbolda da olsa qazanılan parlaq bir qələbənin tarixi! Müstəqil, indi artıq fəxrlə qalib dediyimiz Azərbaycan üçün neçə-neçə qəhrəman şəhidlər verdiyimiz günün ildönümündə qazanılmış qələbəmizin unudulmaz tarixi!

O kiçik qələbə nə qədər şəhid ailələrimizi, məcburi köçkünlərimizi, 50 milyonluq xalqımızı sevindirmişdi. Bununla kiçik də olsa təsəlli tapmışdıq... Allaha min şükür ki, bu gün biz futbolda və idmanda işğalçı düşmən üzərində qələbəyə möhtac deyilik.

 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar