Əfsanəvi hakimin anım günüdür

Tofiq Bəhramovdan sonra futbol üzrə beynəlxalq dərəcəli hakim adına layiq görülmüş ikinci azərbaycanlı, FİFA referisi Eldar Əzimzadənin vəfatından 22 il ötür.

O, 1934-cü ildə Şuşada dünyaya gəlib.

Hakimlik karyerası təsadüflə başlayıb. 

1957-ci ilin sentyabrında Bakı birinciliyi uğrunda yeniyetmələrdən ibarət "Dinamo" və "Spartak" komandalarının qarşılaşmasının hakimi gəlib çıxmadığı üçün Futbol Federasiyasının məsul işçisi Boris Zayonts gənc Eldardan oyuna hakimlik etməsini xahiş edib.

Eldar Əzimzadə parlaq karyerasında milli və klub səviyyəsində bir çox maraqlı oyunları idarə edib, 3 dəfə keçmiş SSRİ-nin ən yaxşı hakimi seçilib, 1980-ci ildə Yay Olimpiya Oyunlarının finalının baş hakimi olub, FİFA prezidenti Joao Avelanj və BOK prezidenti Xuan Antonio Samaranç tərəfindən xüsusi medal və fəxri diplomla mükafatlandırılıb. 

Həmin matçın komissarı, FİFA-nın Avropa Hakimlər Komitəsinin sədri Zaypertdən "əla" qiymət alan Əzimzadəni final qarşılaşmasından sonra keçirilən mətbuat konfransında hər iki komandanın baş məşqçisi bir-birindən xəbərsiz "oyunun ən yaxşısı" adlandırıb. 

Eldar Əzimzadə 1968-ci il mövsümündə çempionatın ən məsul matçlarından sayılan "Dinamo Kiyev" – "Torpedo Moskva" qarşılaşması haqqında təəssüratlarını "Məhəbbətim mənim – futbol" adlı kitabında oxucularla bölüşmüşdü:

"Bu xəbəri eşidəndə qulaqlarıma inanmadım. Çünki bu, çox prinsipial oyun idi. Mən, köməkçilərim Rauf Adıgözəlov və Əliskəndər Nağıbəyov Ukrayna paytaxtına gəldik. Oyunun inspektoru Nikolay Latışev bizi gözləyirdi. 95 min tamaşaçı ilə bərabər, stadiona Ukrayna KP MK-nın birinci katibi Şelest və onun komandası da təşrif buyurmuşdu. Belə halda dizlərin necə əsməsin? Meydana çıxanda yenə də rəhmətlik anamın mənə bağışladığı Quranı öpüb cibimə qoydum. Bu həyəcanlı dəqiqələrdə onun köməyinə ümidim böyük idi. Oyun çox gərgin keçirdi. 35-ci dəqiqədə Streltsov hesabı açdı. Birinci hissə torpedoçuların xeyrinə qurtardı. Fasilədən sonra dinamoçular nəinki bu topun əvəzini çıxdılar, hətta 88-ci dəqiqədə qələbə topunu da vurdular".

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar