“Berdıyevdən öyrənəcəyim çox şey var”

“Berdıyevdən öyrənəcəyim çox şey var”

İki dəfə Rusiyanın ən yaxşı baş məşqçisi, ikiqat Rusiya çempionu, Rusiya kubokunun və superkubokunun, "Birlik" kubokunun, Qazaxıstan və Türkmənistan kuboklarının qalibi, Türkmənistan çempionu, Pep Quardiolanın əfsanəvi "Barselona"sını Barselonada, "Atletiko"nu Madriddə, London "Çelsi"sini və Milan "İnter"ini qitəmiqyaslı turnirlərdə sıradan bir klubla məğlub edən, xeyli orden və medalların sahibi, hazırda Premyer Liqada ən böyük maaş aldığı deyilən təcrübəli mütəxəssis Kurban Berdıyevin rəhbərlik etdiyi komandanı səfərdə, ölkə çempionatında ən çox azarkeşin gəldiyi stadionda darmadağın etmək hamıya qismət olmur.
Ümumiyyətlə, baş məşqçi, futbolçular kim olur-olsun "Turan Tovuz"u Tovuzda udmaq asan deyil.

Premyer Liqanın bəlkə də ən az maaş alan baş məşqçisi, ən çox maaş alan baş məşçisini, ən gənc məşqçilərindən biri ən təcrübəli baş məşqçini, liqanın ən zəif və kiçikbüdcəli heyətə malik komandası, "Turan Tovuz"u səfərdə məğlub edə bildi. Özü də 5:2 kimi böyük hesabla! Hətta, hesab daha böyük ola bilərdi!

Azər Bağırov onun gəlişinəcən bir xal da toplaya bilməyən "Kəpəz"i götürəndə çoxları gəncəlilərin Premyer Liqadakı yerini qoruya biləcəyinə inanmırdı. Bəlkə də bu səbəbdən bir neçə tanınmış və təcrübəli baş məşqçi Gəncədən gələn təklifdən imtina etmişdi. Amma Bağırov çətin olanı - futbolçularının məğlub psixologiyasını sındırmağı, uğur qazanacaq potensialda olduqlarına inandırmağı bacardı.

"Neftçi" qələbəsindən sonra Roman Qriqorçuk, "Səbail" qalibiyyətindən sonra Şahin Diniyev istefaya göndərildi. Güclü "Sabah"la səfərdə heç-heçə, Ayxan Abbasovun "Şamaxı"sı üzərində səfərdə qələbə və son iki matçda - əvvəl "Sumqayıt"la heç-heçə, ardından "Turan Tovuz"la bəhs etdiyim matç və qazanılan 14 xal.

Artıq onminlərlə "Kəpəz" azarkeşində sevimli komandalarının elitadakı yerini qoruyacağına ümid yaranıb.

Azər Bağırovla "Səbail"lə sabah keçiriləcək prinsipial oyunöncəsi aldığımız müsahibəyə də birbaşa bu sualla başlayırıq:

- "Kəpəz" Premyer Liqadakı yerini qoruya biləcəkmi? 
- İnanıram ki, Premyer Liqada yerimizi qoruyacağıq. Futbolçularımızın oyunlarda, məşqlərdə göstərdikləri fədakarlıq buna bir siqnaldı. İnşallah, hər şey azarkeşlərimizin istədiyi kimi olacaq. 

- "Turan Tovuz" üzərində bu cür aşkar üstünlüklə qələbə qazanacağınızı gözləyirdiniz? 
- Səmimi deyim ki, belə oyun gözləmirdim. Daha istəkli idik, əsas səbəb yəqin ki, bu oldu. Əvvəl yaxşı futbol göstərib buna uyğun nəticə qazana bilmirdiksə, bu dəfə həm futbolçularımızın oyunu alındı, həm də qalib gəldik. "Turan Tovuz" çox yaxşı komandadır. Sadəcə, həmin gün onların günü deyildi. Tovuzlulara uğurlar arzulayıram. 

- Kurban Berdiyev kimi ad-sanlı baş məşqçi ilə qarşılaşma öncəsi hansı hisslər keçirirdiniz? 
- Əlbəttə, Kurban Berdıyevə qarşı oynamaq çox çətindi. Onun haqqında nəsə demək mənim üçün tezdi. Adamın böyük futbolda ad-sanı var, Çempionlar Liqasında özündən söz etdirib. Berdıyevdən öyrənəcəyim çox şeylər var. 

- "Turan Tovuz" üzərində bu zəfər səhv etmirəmsə, Premyer Liqadakı baş məşqçi karyeranızda ilk böyükhesablı qələbə idi. "Kəpəz" də bu mövsüm ilk dəfə belə bir qələbə qazandı. Komanda Premyer Liqada son böyükhesablı qələbəsini 2023-cü ildə əldə etmişdi. Düşünmürsünüz ki, bu oyun komandada arxayınlıq, özündənrazılıq yarada bilər?
- Yox, mümkün deyil. Futbolçularım məsuliyyəti hiss edir. Dərk edirlər ki, "Kəpəz"in gələcək taleyi onlardan asılıdı! Buna görə də, siz dedikləriniz ola bilməz. Futbolçularıma inamım sonsuzdur. 

- "Səbail"lə oyuna komandanı məxsusi hazırlayırsınız? 
- Hər bir komandaya qarşı eyni qaydada hazırlaşırıq, rəqiblərimizi təhlil edir, futbolçularımızdan buna uyğun oynamalarını istəyirik. Bu dəfə də dəyişən bir şey yoxdu. 

- Deyilənə görə "Kəpəz"ə yeni sponsor gəlir. "Səbail"də isə bu mənada problemlərin yaşandığı bildirilir. Bu məqam prinsipial oyunun nəticəsinə təsir edə bilərmi? 
- "Kəpəz"ə yeni sponsor gəlir. "Səbail"də durumun nə yerdə olduğunu dəqiq bilmirəm. Amma heç kimə pislik arzulamırıq. Tək arzum meydanda güclü olan qalib gəlsin. 

- Bu tur "Səbail"lə səfər oyununuzda "Premyer Liqanı kim tərk edəcək?" sualına aydınlıq gələ bilərmi? 
- Mənə elə gəlir ki, bu haqda danışmaq tezdi. Qarşıda çox oyunlar var. "Səbail" də, biz də kubokda da mübarizəni davam etdiririk. Hələ hər şey qarşıdadır. İndidən nəsə söyləmək tezdi. 

- İlqar Nadiri saytımıza müsahibəsində bu mövsüm yeni 5 transfer ola biləcəyini demişdi. Hələlik cəmi 2 transfer gerçəkləşib... 
- Transferlər gözlənilir. Artıq İtaliya B Seriyasında çıxış edən "Breşiya"dan gələn Ternt Buaqyarın da "Kəpəz"ə keçidi rəsmiləşdi. Transfer xatirinə transfer etmək istəmirik. Yeni gələn oyunçunun "Kəpəz"in bu çətin dönəmində kömək etməsi, gücünə-güc qatması əsas fikrimizdi. Kubokda da mübarizəni davam etdirdiyimizi nəzərə alsaq, komandanı gücləndirəcək yeni futbolçulara böyük ehtiyacımız var. 

- Və son sual: "Turan Tovuz"la oyunun qəhrəmanlarından olan Turan Manafov haqda sosial şəbəkələrdə yazırlar ki, niyə milliyə çağırılmır. Siz Turanda millidə oynayacaq potensial görürsünüz? 
- Turan yaxşı futbolçu və insandı. Daha da inkişaf etmək üçün əlindən gələni edir. İnşallah, günü-gündən daha da artırıb milli komandaya dəvət alar.

Son xəbərlər
Raşford “Mançester Yunayted”ə tələb irəli sürdü
Təxirə salınan oyun rəqəmlərin gözü ilə
Harri Keyn gələcəyi ilə bağlı qərar verdi
Rivaldodan Xabi Alonso açıqlaması
“Mançester Siti” “Real”a səfərdə qalib gəldi
“Ayaks” beş oyunda edə bilmədiyini bu gün etdi” - Qurbanov
“Qarabağ”la oyunun ikinci hissəsində daha yaxşı oynadıq”
“Qarabağ” “Ayaks”a məğlub oldu
“Bayern” Salahın mümkün keçidi ilə bağlı mövqeyini açıqladı
Əli Abaslı Avropa çempionatında ilk qələbəsini qazandı
Vitinyadan Luis Enrike haqda açıqlama
Təxirə salınan oyunda "DH Volley” qalib gəldi
Flik “Barselona”nın tərəqqisini qiymətləndirdi
“Azərreyl”dən çətin qələbə
Bakıda akrobatika və aerobika gimnastikası üzrə yarışlar keçiriləcək
Anri Salahı tənqid etdi
Premyer Liqanın 15-ci turu rəqəmlərin gözü ilə
UEFA Region Kubokunun püşkü atılıb
Bekhem “İnter Mayami”nin MLS çempionluğu haqda söhbət açdı
“Sabah”da ayrılıq
“Mingəçevir” “Cəbrayıl”ı, MOİK “Şimal”ı məğlub etdi
“Lənkəran” amerikalı basketbolçu ilə yollarını ayırdı
Millimizin II raunddakı rəqibləri bilindi
Futzal turnirinə start verildi
Azərbaycan birinciliyi keçiriləcək
Dibala gələcəyi ilə bağlı qərar verdi
“Arsenal” ÇL üçün yeni futbolçu sifariş etdi
ÇL-də yeni rekordçu
“Qarabağ”ın U-19 komandası sonuncu matçında böyük hesabla uduzdu
Salah “Liverpul” rəhbərliyinə müraciət ünvanlaya bilər
DAHA ÇOX

Ən çox oxunanlar