"İnturist"də nostalgiya və səmimiyyət dolu törən

Futbolçuların, ümumiyyətlə, futbol adamlarının həyatı kənardan göründüyü qədər asan deyil. Hər ağır mövsümün sonunda onların zəhmətini qiymətləndirmək, mənəvi dəstək vermək bu möcüzəvi idman növünü çox sevən bizim payımıza düşübsə nə gözəl!
Sports.az saytı ardıcıl 3-cü dəfə Etopaz-ın baş sponsorluğu ilə Sports.az Awards futbol mövsümünün qaliblərinin mükafatlandırma mərasimini keçirdi.
Azərbaycan futbolunun canlı əfsanəsi Qurban Qurbanovun çıxışında nominasiyaları çox bəyəndiyini vurğulaması əməyimizə verilən ən yüksək dəyərdi.
"Köhnə İnturist"də keçirilən mərasimdə səmimi ab-hava vardı. "Köhnə Bakı"nın ən populyar otellərindən birinə qayıdış nostalji hisslər oyatmışdı.
İsgəndər Cavadovun az qala uşaqlıq dostu İqor Ponomaryova "Sabah"ın ardıcıl 3-cü dəfə layiq görüldüyü "Uşaq futbolunun inkişafındakı roluna görə", general-leytenant Heydər Piriyevin ikinci Vətən müharibəsində ön cəbhədə igidlik göstərmiş Fariz Nəcəfova "Qəbələ"nin qazandığı "Bölgə futbolunun inkişafındakı roluna görə", Kriştiano Ronaldolu Portuqaliyanı Avropa çempionluğuna daşımış Fernandu Santuşun ASTA-nın prezidenti Rafael Bünyadova "Ən uğurlu layihə", millət vəkili Aqil Abbasın Emrah Çelikelə ardıcıl 3-cü dəfə "Qarabağ"ın aldığı "Ən yaxşı komanda", AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyevin Qurban Qurbanova komandası kimi özünün də ardıcıl 3-cü dəfə götürdüyü "Ən yaxşı baş məşqçi" mükafatlarını təqdim etdiyi anlar maraqlı replikalar və zarafatlarla yadda qaldı.
Azərbaycan tarixində hələlik "Böyük beşlik" liqalarında oynamış yeganə futbolçumuz Vəli Qasımovun bu uğuru təkrarlamağa yaxın olan Mahir Emreliyə "Mövsümün ən yaxşı futbolçusu" mükafatını verməsi isə həm də Sports.az saytının bütün media və azarkeşlər adından Mahirə "Dünyanın TOP-5 liqasında oynamağa yaxınsan, bu şansı qaçırma" mesajı idi.
Bəzi qaliblər obyektiv səbəblərdən tədbirdə iştirak edə bilmədi. "Futbol infrastrukturuna yatırımına görə" xüsusi mükafatına layiq görülmüş "Huner Group"un şefi Ehtiram Quliyev xaricdə olduğuna görə, "Ən yaxşı gənc futbolçu" nominasiyasının qalibi Xəyal Əliyev isə klubunun Şüvələndakı məşqindən çıxıb şəhərin başqa istiqamətində yerləşən "Şeraton İnturist" otelə yetişmədiyi üçün haqq etdikləri mükafatları şəxsən ala bilmədilər. Amma əminəm ki, bu, onların sevincini çox da azaltmadı. Xəyalın dünyaya gəldiyi Xaçmaz da həmyerlilərinin nailiyyəti böyük coşquyla qarşılandı.
Bu, milli komandamızın liderinə çevriləcək potensialı olan Xəyalın başını gicəlləndirməməlidi. Necə ki, ötən il "Ən yaxşı gənc qapıçı" seçilmiş Rza Cəfərov özünə tələbi daha da artırdı və performansı ilə diqqət çəkdi. Amma bu dəfə "Ən yaxşı qapıçı" mükafatını mövsüm ərzində hamıdan az qol buraxan qolkiper Aydın Bayramov aldı.
Aydının komandası "Zirə" isə ardıcıl ikinci dəfə "Ən böyük tərəqqiyə nail olmuş komanda" mükafatına yiyələndi. Rəşad Sadıqovun yetirməri avrokuboklarda pley-offa qədər irəliləyə bildi, Premyer Liqada isə "Araz Naxçıvan"dan böyük fərqlə geridə olsalar da yekunda gümüş medal qazanmağı bacardı.
Bu mükafatı ilk dəfə alan "Araz Naxçıvan" üçün də uğurlu mövsüm oldu. Amma naxçıvanlılar qış fasiləsindən sonra Premyer Liqada keçirdikləri 18 oyunda cəmi 3 qələbə qazana bildi. Buna baxmayaraq ötən il əldə etdikləri xalların sayəsində ilk dəfə avrokuboklara vəsiqə qazana bildilər. O qədər də böyük büdcəsi olmayan komanda uğurlu seleksiya sayəsində çempionatın bürünc medallarını boynundan taxdı.
Amma etiraf etmək lazımdı ki, oyunlarını Bakıda keçirən, heç bir infrastrukturu və uşaq akademiyası olmayan "Araz Naxçıvan" hələlik sözdə klubdu, əslində isə yalnız komandadı. Əksər klublarımız kimi...
Bu mövsüm yerli baş məşqçilər işləri ilə yadda qaldı. Amma "Ən yaxşı baş məşqçi" mükafatını Avropa Liqasında əsas mərhələyə yüksəlmiş, ölkə çempionluğunu qazanmış və kubokda final oynayacaq Qurban Qurbanovun əvəzinə başqasına vermək obyektivlik hissini itirməyə bərabər olardı.
Bütün qalibləri təbrik edir, daha uğurlu yeni mövsüm arzulayıram!