“Hücum oyunu oynamaq istədik, amma alınmadı” – Demçenko

“Araz-Naxçıvan” bu gün Azərbaycan Premyer Liqasının 19-cu turunun açılış matçında “Sabah”ın qonağı olub.
Sports.az xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da keçirilən oyundan sonra Naxçıvan təmsilçisinin baş məşqçisi Andrey Demçenkonun mətbuat konfransı olub. Ukraynalı mütəxəssis 1:4 hesabı ilə məğlub olduqları matçı belə şərh edib:
“Bu gün yaxşı komanda ilə qarşılaşdıq. Hansı ki, hücumda, müdafiədə yaxşı təşkil olunmuş komanda idi. Qapımızda gördüyümüz bütün qollar öz səhvlərimizdən oldu. İlk dəqiqələrdən təzyiq göstərməyə çalışdıq. Pressinq komanda işidir. Ona görə də qapımızda qollar gördük. Əks hücumlardan qollar buraxdıq. Hücuma çıxdıq və rəqib də qollar vurdu. “Neftçi” ilə oyunda da belə oldu. Hücum oyunu oynamaq istədik, amma alınmadı. Ona görə də, bu gün oyunçularda bir az narahatlıq var idi. Futbolda belə narahatlıqlar yaxşı hal deyil. Biz bunları görürük və üzərində çalışırıq. Buna da vaxt lazımdır.
Komanda oyunu tək hücumdan yox, həmçinin, müdafiədən başlayır. Nə qədər ki, biz hücum oyunu oynayacağıq, bütün futbolçular bunda iştirak edəcəklər. Kimisə ayırmaq düzgün deyil”.





























